Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:59

Həbsdəki hüquq müdafiəçisinə korrupsiya faktlarını rayon məmuru ötürürmüş


Emil Məmmədov
Emil Məmmədov
-

Salyanda həbs olunan hüquq müdafiəçisi Emil Məmmədovun prezident və baş prokurora göndərdiyi məktubdakı faktları ona rayon maliyyə şöbəsinin müdiri veribmiş. Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisinin həyat yoldaşı Sənubər Məmmədova deyib.

Onun sözlərinə görə, Emil Məmmədov rayondakı korrupsiya faktları ilə bağlı ötən ilin dekabrından prezidentə, daha sonra baş prokurorluğa məktublar göndərəndən sonra ona təzyiqlər başlayıb:
«Mən Emil Məmmədovun baş prokurora göndərdiyi son məktubuna baxdım. Məktubda yazıb ki, Salyandakı maliyyə yeyintiləri ilə bağlı bütün məlumatları ona rayon maliyyə şöbəsinin müdiri Mahir Kərimov verib. O, bununla yazdığı məlumatların yalan olmadığını bildirib. Mahir Kərimov Emilə deyirmiş ki, çox qorxuram indiki icra başçısı gedəndən sonra məni bu yeyintilərə görə tutacaqlar. Emilə deyirmişlər ki, icra başçısı Tahir Kərimov bu məlumatların ona haradan verildiyi ilə maraqlanır. Amma Emil bunu indiyə qədər açıqlamırdı».

ONA ŞƏR ATDILAR, HƏBS OLUNDU...

Sənubər Məmmədova bildirir ki, Emil Məmmədovun həbsdən əvvəl Baş Prokurorluğa göndərdiyi məktuba mayın 20-də cavab gəlib:

«Baş prokurorluq bizə Emilin məktubunu aldıqları barədə bildiriş göndərib. Məktubda yazılanlar araşdırılmadan onu həbs etdilər. Bu necə olur? Adam büdcə vəsaitlərinin talandığını, layihələrin tender keçirilmədən həyata keçirildiyini yazır, bundan sonra onun özünə şər atılır, kimdənsə pul tələb etdiyi deyilir və həbs olunur».

Salyanlı hüquq müdafiəçisi həbs olunub
Salyanlı hüquq müdafiəçisi həbs olunub
Salyan rayon maliyyə şöbəsinin müdiri Mahir Kərimov AzadlıqRadiosuna bütün məsələlərin istintaq materiallarında öz əksini tapdığını deyib və əlavə şərh verməkdən imtina edib:

- Hər şey orda yazılıb...

- Mahir müəllim, Emil Məmmədovun baş prokurorluğa göndərdiyi məktubda yazıb ki, rayondakı korrupsiya faktlarını sizdən alıb, nə deyə bilərsiniz bu barədə?

- Hər şey istintaqda var, sağ olun...

PREZİDENTƏ MÜRACİƏT EDİLİB


Salyanda fəaliyyət göstərən «Demokratiya Yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov mayın 13-də saxlanılıb və bir gün sonra barəsində 3 aylıq həbs qərarı çıxarılıb. Hüquq müdafiəçisi rayonun bir neçə vəzifəli şəxsindən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

Emil Məmmədova qarşı iddia ilə çıxış edənlərdən biri elə Salyan rayon maliyyə şöbəsinin müdiri Mahir Kərimovdur. Bundan başqa rayon telekommunikasiya şöbəsinin müdiri Faiq Nəcəfov hüquq müdafiəçisinə qarşı eyni iddia ilə çıxış edirlər.

Emil Məmmədov ittihamları qəbul etmir. Salyandakı korrupsiya halları barədə prezidentə və baş prokurorluğa etdiyi müraciətə görə həbs olunduğunu bildirir.

Bu arada mayın 20-də Salyan rayonunun 350-ə yaxın sakini hüquq müdafiəçisi bağlı prezidentə müraciət edib, onun işini diqqətdə saxlamağı xahiş ediblər.
XS
SM
MD
LG