Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:41

Seymur Baycan. Ad qoya bilmədiyim hekayə


Seymur Baycan
Seymur Baycan
-

Mən nənəmi cəmisi bircə dəfə ürəkdən gülən görmüşdüm. Lui de Fünesin baş rolda oynadığı “Böyük gəzinti” filminə baxarkən...


Seymur Baycan


AD QOYA BİLMƏDİYİM HEKAYƏ


Mənim mələklərdən və müqəddəslərdən başım çıxmır. Mən canlı insanlardan yazıram və buna görə kitablarda insanları deyil, mələkləri, səma övladlarını görmək arzusunda olan mələk azarkeşlərinə bəyan edirəm ki, zəhmət çəkib onlar haqqında özünüz yazın, mən bacarmıram.
Tomas Vulf


Onun əziyyətli həyatını yalnız indi başa düşürəm və hər dəfə o əzabkeş arvadı yadıma salanda ürəyim ağrıyır.

İndi ən kiçik xatirə belə qəlbimi yaralayır və varlığımı sarsıdır. Onun haqqında söhbətə başlamazdan əvvəl, elə söhbət zamanı nədənsə mütləq bir mənzərə gözlərim önündə canlanır.

Budur, nənəm həyətdə balaca bir əldəqayırma stulun üstündə oturub toyuq yolur. Əzazil, hər bir xoş hissi məsxərəyə qoyan kefli əri darvazadan həyətə daxil olur. Nənəmə yaxınlaşıb təpiklə, yumruqla onun başına zərbələr endirir. Nənəm ərinin zərbələrini başını çiyninə qısıb, əllərilə üzünü örtərək, mütiliklə qəbul edir, qışqırmır. Heç kimi köməyə çağırmır. Əri onu döyməkdən yorulub əl çəkəndə əvvəlcə paltarının harası və necə cırıldığına baxır, sonra isə toyuq hininə gedir. Hinin qapısından içəri girən kimi bərkdən hönkürür, qorxmuş toyuqlar sürətlə hindən çıxaraq həyətin dörd bir tərəfinə qaçırlar. Hində doyunca ağlayır, həyətə çıxıb əl-üzünü yuyur, sonra yenə öz işini davam etdirirdi.

Döyülməyinə baxmayaraq, axşama çox dadlı yemək hazırlayardı. Bir dəfə əri onun saçından tutub həyətdə sürüdü. Sifətinə yumruq vurdu. Nənəmin burnundan qan açıldı. Əri maşına minib əyləncəsini davam etdirməyə, dostlarıyla yeyib-içməyə gedəndə nənəm ayağa qalxdı. Əlin göyə açıb Allahı söyməyə başladı. Mən uşaq qəlbimlə onun Allahı söyməsindən bərk qorxu hissi keçirirdim.

İndi başa düşürəm, o müti qadının Allahı söyməsinin bir səbəbi də bu idi ki, suallarına cavab tapa bilmirdi: “Neyləmişəm?! Nəyə görə?! Bütün bu dəhşətlər nə üçündür?!”

Bəlkə bu dəhşətlər düzgün ömür sürməməsi üzündən baş verir. Doğrudanmı, o, bütün ömrünü lazım olduğu kimi yaşamayıb? Bəs necə yaşamalıydı?

O inildəyir, özünü ora-bura çırpır, paltarını dartışdırırdı. Bu qadın doğulan gündən Allahın bir xoş gününü görməmişdi. Uşaq vaxtı anası ölmüş, yetim qalmışdı. Qohumları onu erkən yaşlarında babama ərə vermişdilər. Qəddar, əzazil, bununla belə, gəzməyi, yeyib-içməyi, əylənməyi sevən, şorgöz, itə də tamah salan əri bu yetim qızla hər cür, ürəyi istəyən formada rəftar etmişdi. Günün istənilən saatında nənəmi döyür, adamların arasında yazıq arvadı lağa qoyub, alçaldırdı. O, hər zaman üzündə ərinin təpik və yumruq izlərini daşıyırdı.

Bununla belə, hazırladığı yeməklərin dadına söz ola bilməzdi. Evdə hər bir qab, əşya tərtəmiz olurdu. Ər bütün pullarını kənarda xərcləyirdi. Evə pul gətirmirdi. Uşaqları geyindirmək, yemləmək, dəftər-kitab almaq nənəmin boynuna düşmüşdü. Kiçik bir maaşa nənəm bütün bu tələbatları yerinə yetirməyi bacarırdı. O, həmişə səssiz, xırda addımlarla yeriyirdi. Ayaqlarının səsi eşidilməz, yolda, cığırda heç bir şeyə toxunmaz, sanki əşyalara da səssizlik təlqin edirdi. Toxunduğu şeylərə elə incə və səliqə ilə, elə yumşaq davranırdı ki, sanki əlləri pambıqdan düzəlmişdi. Ağlayanda göz yaşları həm ağzından, həm burnundan, həm gözlərindən aşağı süzülürdü. Çünki o, özünün köməksizliyinə, dəhşətli tənhalığına, insanların qəddarlığına, Allahın qəddarlığına ağlayırdı.

Nənəm ailə həyatı, ailə səadəti üçün doğulmuş nadir qadınlardan idi. Tale bu səadəti ona əta etməmişdi. Ərindən, bircə dəfə də olsun, xoş söz eşitməməyi, bir dəfə də olsun, hədiyyə almamağı bir tərəfə, ömür boyu döyülmüş, söyülmüş, lağa qoyulmuş, təhqir olunmuşdu. Ömründə bircə dəfə də olsun, kafe, restoran üzü görməmişdi.

Belə qadınlar ərləri üçün saxladıqları məhəbbət ehtiyatını ətrafdakı adamlara həsr edirlər. Bu kimi qadınlarda məhəbbət ehtiyatı o qədər tükənməz olur ki, ətrafdakı adamların çox olmasına baxmayaraq, onlarda hələ çox məhəbbət qalır. Bu məhəbbət onları əhatə edən, həyatda üz-üzə gələn adamların hamısına çatır. Ağlım kəsən gündən özümü xatırladığım kimi, onun məhəbbət və nəvazişini də xatırlayıram. Lakin bu məhəbbət və nəvazişi yalnız indi qiymətləndirə bilirəm. Onda isə bu qadının necə nadir, gözəl bir xilqət olduğu ağlıma da gəlmirdi.

Nənəm özündən heç bir zaman nəinki danışmırdı, həm də özü barədə fikirləşmirdi. Onun bütün həyatı məhəbbət və fədakarlıqlardan ibarət idi. Onun bizə, nəvələrinə, ətrafdakı adamlara zərif məhəbbətinə o qədər alışmışdım ki, başqa cür ola biləcəyini təsəvvürümə də gətirmirdim. Ona zərrə qədər də minnətdar deyildik. Heç kim heç bir zaman “ o, bizdən razıdırmı?” deyə özünə sual vermirdi. Heç kim-nə övladları, nə nəvələri, nə iş yoldaşları, nə də qonşuları onun çəkdiyi iztirabların bütün dərinliyini anlamaq iqtidarında deyildi.

Ömrü boyu şiddətə, işgəncəyə məruz qaldığından aciz, qorxaq nəzərlərlə ətrafa göz gəzdirən bu qadını hər bir xışıltı, uzaqdan gələn hər bir tıqqıltı, hər bir səs səksənməyə məcbur edirdi. Onun zəifləmiş bədəni, ömrü boyu dərd-qəm daşımış çiyinləri ən adi xəbərdən titrəyirdi. Onu üzündə, ələlxüsus da, gözlərinin və ağzının ətrafında elə bir yorğunluq, elə dərin insan məşəqqəti ifadəsi var idi ki, mən hələ həyatda belə dramatik üz görməmişəm. Küçədə dava, zorakılıq görəndə qorxur, titrəyir, göz yaşları görərkən o ağlayır, xəstə yanında o özü xəstə olur, başqasının ələmi onu həyəcanlandırır, daxilində böhran yaradırdı.

Başqasının dərdini həmişə öz ürəyinə salardı, hətta tanımadığı bir adamın əzab və əziyyətləri haqda eşitdiyi hekayə ona bərk toxunurdu, qəlbini vahimə bürüyürdü. Balaca bir uşaq onu asanlıqla aldada bilərdi. Əgər balaca bir uşaq günün günorta çağı “indi gecəyarısıdır” desəydi, nənəm onun sözünə inanardı.

Yadımdadır, biz-onun nəvələri əlimizlə burnumuzu və ağzımızı sıxıb nəfəs almırdıq, guya bu yolla özümüzü öldürmək istəyirdik, nənəm həyəcanlanır, ən müqəddəs adları sadalayıb, yalvararaq bizi nəfəs almağa məcbur edirdi. Biz isə gülüşürdük və bu avam, sadəlövh arvadı qorxutmaq, özümüz üçün əylənməkdən ötrü başqa vasitələr fikirləşib tapırdıq.

Bir dəfə mən ağ köynəyimin üstünə nar şirəsi sıxıb qışqıra-qışqıra həyətdən evə, nənəmin üstünə qaçmışdım. Nənəmin iki-üç addımlığına çatanda yerə yıxılaraq yazıq arvadı ölümcül dərəcədə qorxutmuşdum. Atam və anam bizə qarşı hər hansı cəza tətbiq edəndə, xüsusən anam bizi döyəndə nənəm bərk qorxur, vəziyyəti yumşaltmağa çalışır, əlindən bir iş gəlməyəndə bizə qoşulub ağlayırdı. Artıq babam rəhmətə getmişdi. Nənəmin işgəncədən, döyülməkdən, zorakılıqdan canı qurtulsa da, tale bu qadından əl çəkmədi.

Bütün ümidini bağladığı, hədsiz dərəcədə sevdiyi oğlu, yəni dayım nənəmə əzab-əziyyət verməyə başladı. Dayım evin maddi vəziyyətini nəzərə almadan bahalı siqaretlər çəkir, dəbdə olan, bahalı paltarları geyinməyə çalışırdı. Nənəm yeganə oğlunun istək və tələblərini yerinə yetirmək üçün iki yerdə işləmək məcburiyyətində idi. Xəstəxanada ve aptekdə. Üstəlik, qapıda toyuq, qaz, hinduşka saxlayır, tərəvəz əkir, ağaclara özü qulluq edirdi. Dayım isə necə əldə olunduğunu heç düşünmədən bahalı, dəbdə olan paltarları geyərək ətirlənir, bahalı siqaretlər çəkərək avaralanır, ayda iki-üç dəfə toyda, küçədə döyülərək üstü-başı qan içində evə qayıdırdı.

Heç bir öyüd-nəsihət, yalvarış dayıma təsir etmirdi. Nənəmdən elə hey pul, paltar tələb edirdi. Hər gün evə gecə saat ikidən sonra gəlirdi. Nənəm yay, qış, payız, yaz gecə yarısına qədər oturub təşvişlə oğlunu gözləyirdi. Səhər saat altıda yataqdan qalxıb, bir stəkan acı çay içib işə gedirdi.

Dayım həyətdə nəşə ağacı əkmişdi. Nənəmə ağacın dibinə şirin su tökməyi əmr etmişdi. Avara oğlunun artıq ağıllanmağa başladığını düşünən qadın nəşə ağacını hansısa bəzək kolu, gül hesab edərək hər gün ağacın dibinə şirin su tökürdü. Beləcə, hər kəs bir formada bu qadını aldadırdı. Nənəmin oxuma-yazma bilməyən adamlara məxsus güclü hafizəsi vardı. Bəzən o xatirələrini danışırdı. Həmişə uzaq günlərdən uşaqlıq çağlarının xatirələrindən başlayıb ahıl yaşlarına gəlib çıxır və orda da dayanırdı.

Babam nənəmi toyda rəqs edən zaman görüb bəyənmişdi. Budur, nənəm lap balaca anamı pambıq sahəsinin kənarında ağacın altına qoyur, özü isə qızmar günəşin altında pambıq yığır. Uşaq ağlamasın, işlərini rahat görsünlər deyə o vaxt qadınlar uşaqlara yuxugətirən otdan çay dəmləyib içirdirmişlər. Bir dəfə nənəm sıranı başa vurub ağacın altına qayıtdıqda yatmış anamın yanında yekə bir ilanın uzandığını görüb. Nənəm qorxusundan donub qalır, ilan isə uşağa xətər toxundurmadan sürünərək gözdən itir. Budur, kef məclisindən qayıdan sərxoş əri nənəmi döyüb evdən qovur. Nənəm toyuq hinində yatır. Babam onu hindən də qovur. Nənəm qardaşı evinə getməyə məcbur olur.

Lakin orda qardaşı arvadı ona gün vermir. Nənəmi hər addımda incidir. Qardaşı evində nənəmə hətta yemək də vermirlər. Babam gəlib nənəmi təzədən evə qaytarır. Yenə nənəmi döyür, yenə nənəmi təhqir edir. Beləcə həyatda xoş gün görmədən zülmkar ərinin tələbi ilə beş uşaq doğur. Nənəm tək başına zülmlə uşaqları böyüdür. Yaşadığı həyatın ağırlığından vaxtsız qocalır. Qızları bir-bir ərə gedir. Lakin qızlar da xoşbəxtlik tapmırlar. Onları da ər evində döyürlər. Qovurlar. Onun danışdığı xatirələrdə bolluca dərd, kədər, zillət, göz yaşları vardı. Of, əgər bu qadın yazmağı bacarsaydı...

Sonra... Sonra müharibə başladı. Sovet imperiyası çökdü. Aləm bir-birinə qarışdı. Evlər dağıldı, ağaclar qurudu. Ordan-bura, burdan-ora köçdük. Bir neçə dəfə həyata sıfırdan başlamaq məcburiyyətində qaldıq. Elə iyrənc, murdar, insana yaraşmayan hadisələr baş verdi ki, o hadisələri yazmaqda mən acizəm. Nəhayət, biz-böyük bir ailə balaca bir evdə məskunlaşdıq. Nənəm də bizimlə bir yerdə yaşayırdı. Ömrünün sonunda evini tərk etməyə məcbur olmuş, hər şeyini itirmiş nənəm bizim aramızda tənha, monastrda olduğu kimi sakit yaşayırdı.

Bir dəfə o, oturduğu stuldan qalxmağa özündə hey tapmadı. Təzədən stulun üstünə çökdü. Gücsüz ayaqlarına baxdı və bir az sonra özünü tamam itirdi. Onu xəstəxanaya apardıq. Xeyli xəstəxanada yatdı. Anam, xalalarım xeyli xərcə düşdülər. Onsuz da ağır olan vəziyyətimiz daha da ağırlaşdı. Xəstəxanadan evə gələndən sonra nənəm çox nadir hallarda danışırdı. Daima titrəyən, çırpınan ürəyi onun danışmağına imkan vermirdi. Həm də övladları ona görə xərcə düşdüyündən nənəm bərk utanırdı. Xəcalət çəkirdi. Mən isə onun arıq biləyinə, sısqa çiyinlərinə, solğun üzünə baxanda əzab çəkirdim.

Nənəm mənə elə hey ağır yük vurulan və yavaş-yavaş batmağa başlayan qayığı xatırladırdı. Üzünü divara çevirib və saatlarla sakitcə uzanıb qalırdı. Nənəm o dünyaya getməyə elə yaxşı, elə sakitcə hazırlaşmışdı ki, sağ qalmaq, iztirablar dünyasına qayıtmaq ona pis təsir bağışlamışdı. Əzab çəkirdi. Görünür, insana əbədi rahatlıq üçün cəmisi iki metr torpaq lazım olduğunu nənəm dəqiq başa düşmüşdü. Onun ürəyində ölümdən əvvəl insanı sıxan qorxu hisi yox idi, yalnız o öləndən sonra bizim ailənin aqibəti necə olacaq fikrindən doğan qüssə vardı. Bir dəfə evdə ikimiz idik. Mən qəfildən nənəmdən soruşdum:

- Necə idi?

Qəribədir, savadsız, oxuma-yazma bilməyən bu qadın məni başa düşdü. Sualı nəyə görə verdiyimi anladı. Başını mənə tərəf çevirdi. Rəngi saralmış gözlərlə diqqətlə mənə baxdı. O, mənə elə diqqətlə baxırdı ki, guya ilk dəfə idi məni görürdü. Dedi:

- Rahat. Nahaq məni geri qaytardılar.

Üzü büzüşdü, dodaqları uzandı, alnında dərin qırışlar əmələ gəldi, gözlərindən isə gildir-gildir yaş axdı. Öz dərdlərinə qərq olmuş dinməz-söyləməz bir qadının ölümü arzulaması nə qədər dəhşətlidir!

Sonra bir gün yenə nənəm oturduğu stuldan ayağa qalxmağa özündə güc tapmadı, amma bu dəfə onu xəstəxanaya apara bilmədik. Əlimizdə heç nə qalmamışdı. Evdə müalicə olundu. Ailədə çoxdan bəri yatan ümidsiz bir xəstə olduqda, bəzən elə ağır dəqiqələr olur ki, yaxın adamlar tərəddüdlə, gizlincə öz ürəyində onun ölümünü arzu edirlər. yalnız uşaqlar yaxın adamlarının ölümündən qorxur və bu ölümü ağıllarına belə gətirdikdə həmişə dəhşət duyurlar. Onun tezliklə, uzağı bir aya öləcəyini hamı bilirdi. Hətta bəziləri onun mümkün qədər tez ölməsini istəyir və bu istəyi ustacasına gizləyərək hardasa, necəsə əldə etdikləri dərmanları ona içirir, həm xəstəni, həm də özlərini aldadırdılar.

Bütün bunlar çirkin, təhqirli bir yalan idi. Mən ölməkdə olan, o dünyaya getməyə hazırlaşan nənəmi hamıdan çox sevdiyimə görə bu yalanı ürək ağrısı ilə hiss edirdim. Nənəm isə aciz bir itaətkarlıqla hardansa, necəsə əldə olunmuş acı və ümidsizlik dadan dərmanları qəbul edirdi və sürətlə arıqlayırdı. Onun arıq sifətinə baxmaq olmurdu, bıçaq idi gözə batırdı. Nəhayət, ömrü boyu əzab, iztirab çəkmiş nənəm öldü. Biz hamımız ağlayırdıq, elə meyitin özü də ağlayırdı. Onun ömrü də, iztirabları da sona çatdı. Dünyada hər şey əvvəlki kimi öz qaydasıyla gedirdi. Yalnız bu nəcib sinədə zamanın saatı həmişəlik dayanmışdı. O, o qədər arıqlamışdı ki, tabuta qoymağa bir şey qalmamışdı. Anam, xalalarım və digər yaxın qohumlarımız bütün güclərini səfərbər edərək nənəmin sümüklərin Hövsan qəbiristanlığında basdırdılar.

P.S. Mən nənəmi cəmisi bircə dəfə ürəkdən gülən görmüşdüm. Lui de Fünesin baş rolda oynadığı “Böyük gəzinti” filminə baxarkən. Təbii ki, nənəm böyük aktyorun adını bilmirdi və Lui de Fünesə “Gülməli kişi” adını qoymuşdu.

2013


kulis.az
XS
SM
MD
LG