Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:23

TQDK nə dərəcədə şəffaf işləyir? [Video]


-
Təhsil ekspertləri – Nabatəli Qulamoğlu, Sədaqət İsmayılova, Fərman Abdullayev və TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə qəbul imtahanlarında baş verən arzulanmaz halları müzakirə edirlər.

«TESTLƏR TƏLƏBLƏRƏ CAVAB VERMİR»

Nabatəli Qulamoğlu test tapşırıqlarının çox ağır olduğunu deyir:

«TQDK elə testlər tərtib edir ki, abituriyentlər bu testləri cavablamaqda çətinlik çəkirlər. Dünyanın heç bir yerində bu cür testlər yoxdur. Testlər tələblərə cavab vermir. Sanki onların qarşısına məqsəd qoyulub - abituriyentləri elə vəziyyətə salmalısan ki, balları aşağı düşsün. Bəzən bir tapşırığın üstündə müəllimlər iki seminar müzakirə aparırlar. Bu cür testləri abituriyentlər necə cavablasın?».

«Mən müzakirələrdə iradlarımı bildirirəm. İradların bəziləri qəbul olunur, bəziləri qəbul olunmur. Təklif edirəm ki, bu müzakirələrin videosu komissiyanın saytında yerləşdirilsin. Ancaq mənə deyilir ki, bu iradlar protokollarda qeyd olunur. İcazə verilmir ki, protokollara baxım».

«TEST ÜSULU ƏZBƏRÇİLİK YARADIR»

Sədaqət İsmayılova test sisteminin savadsızlıq yaratdığını düşünür:

«Abituriyentlərin nəticələrinin aşağı olmasında orta məktəb müəllimlərinin tənqidə tutulması doğru deyil. Qəbul imtahanında 600-dən çox bal toplayanlar var ki, universitetdə iki qiyməti ilə oxuyurlar. Testlər ancaq əzbərçilik öyrənir. Şagirdlər 10-11-ci siniflərdə dərsdən yayınırlar. Onların bir məqsədi olur ki, testlərə uyğunlaşsınlar. Abituriyent ingilis dilindən hazırlığa gəlirsə, ancaq test əzbərləmək istəyir, dil öyrənmək imkanı olmur. Valideyn də gəlib deyir ki, qoy uşağım testini öyrənsin. TQDK savadsızlığa sürükləyir».

«İSTƏDİKLƏRİ ABİTURİYENTİN BALINI ARTIRA BİLƏRLƏR»

Fərman Abdullayev hesab edir ki, balları hesablayan proqrama müdaxilə etmək mümkündür:

«Ən böyük problem budur ki, balları hesablayan proqram təminatını TQDK-nın öz işçiləri yazır. Bu cür proqramla istədikləri nəticəni əldə edə bilərlər. Belə olan halda, istənilən abituriyentin balı artırıla bilər. Bu proqramlar ekspertdən keçirilməlidir ki, doğru işləyir, ya yox. Cavab kartlarının yoxlanmağı şəffaf olmalıdır. Cavab kartları möhürlənir, ancaq sonrakı proses ictimaiyyətə naməlum qalır. Bu prosesi video şəklində insanlara göstərmək olar».

«TEST TAPŞIRIQLARI DƏRSLİKLƏRƏ UYĞUNDUR»

TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə iradlara belə cavab verir:
«Test tapşırıqları dərsliklərə, tədris proqramlarına uyğundur. Nəticələr aşağıdırsa, bu, tədris prosesinin nəticəsidir. Test üsulu dünyanın bir çox ölkələrində mütərəqqi üsul kimi qəbul olunub. Müəyyən çatışmayan cəhətləri ola bilər. Ancaq müəllimlər dərs zamanı şagirdlərə ətraflı bilgi öyrədə bilərlər. Şagirdlər dərsdən yayınırsa, buna məktəb məsuliyyət daşıyır».

«TESTLƏRİN YOXLANMASINDAN NARAZILIQ OLMAYIB»

«TQDK həmişə şəffaflığa, aşkarlığa meyl edir. Qəbul imtahanlarını KİV-lər, QHT nümayəndələri izləyə bilərlər. Nəticələr komissiyada emal olunur. Cavab kartları kompüterin yaddaşına yüklənir, optik oxuyucu ilə oxunur. Bu prosesdə iştirak edənlərin arasında müəllimlər, imtahan rəhbərləri, universitetlərin əməkdaşları olur. Nəticələr komissiyanın saytında yerləşdirilir. Abituriyentlər öz cavab kartlarının qrafik təsviri ilə da tanış ola bilərlər. Bununla bağlı heç vaxt ciddi narazılıq olmayıb. Bu proses təhlükəsizlik baxımdan qapalı mühitdə keçirilir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları təhlükəsizliyə nəzarət edirlər. Ancaq kimlərsə cavabların yoxlanmasına nəzarət etmək istəyirsə, bunun üçün əvvəlcədən müraciət edə bilərlər».

«Test sualları seminarlarda müəllimlərin iştirakı ilə müzakirə edilir. Hər hansı iradlar varsa, nəzərdən keçirilir. Seminarların canlı yayımını da təşkil etmişik. Ola bilər ki, bütün seminarlar yayımlanmasın. Ancaq vacib olan budur ki, iradlar nəzərə alınır».
XS
SM
MD
LG