Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:40

Qarabağ əlili: «Mənə dedilər ki... yenidən tibbi komissiyadan keç»


İlham Türbəndiyev
İlham Türbəndiyev
-
Bir neçə gündür Bərdədə aclıq aksiyası keçirdiyini deyən II dərəcəli Qarabağ əlili İlham Türbəndiyev iyunun 11-də müayinədən keçmək üçün Bakıya gələcək.

İlham Türbəndiyev Qarabağ əlillərinə pulsuz ayrılan mənzil və minik avtomobilindən ona pay düşməməsindən şikayətçidir:

«Ev şəraitim pisdir, 5 nəfər 9 kv.m-lik bir otaqda yaşayırıq. Yeməyi də növbə ilə yeyirik. Mənzil şəraitimin yaxşılaşması və mənə də maşın verilməsi üçün dəfələrlə müraciət etmişəm».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ əlillərinin xüsusi avtomobil və motorlu araba ilə təmin olunması qaydaları haqqında təlimatda göstərilən 28 xəstəlikdən heç birinin İlham Türbəndiyevdə aşkar olunmadığını bildirib. Bununla razılaşmayan İlham Türbəndiyev sol əlinə güllə dəydiyini əsas gətirir:

«Əlim işləmir. Bundan başqa Xocalıdan çıxanda ayağımı don vurmuşdu, mən bunu o vaxt sənədlərə salmadım».

«DEDİLƏR Kİ, NAZİR SƏNİNLƏ MARAQLANIB»

Hələ də aclıq aksiyasına davam etdiyini deyən İlham Türbəndiyevin sözlərinə görə, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerli şöbəsinin əməkdaşları ona baş çəkib və deyiblər ki, nazir Səlim Müslümov onun tələbləri ilə maraqlanıb:

«Mənə dedilər ki, Bakıya get, yenidən tibbi komissiyadan keç. İndi sabah Bakıya gələcəyəm, amma aclığı dayandırmıram. Çünki indiyədək çox vəd veriblər, artıq inamım azalıb».

«EVİ BİZ VERMİRİK»

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Babayev AzadlıqRadiosuna bildirib ki, ayağında problemlər yarandığını deyən İlham Türbəndiyevin müayinəsinə kömək göstərəcəklər. Elman Babayev deyir ki, müraciətçi məcburi köçkün olduğu üçün onun mənzil problemini Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi həll etməlidir:

«İlham Türbəndiyev maşın üçün bizə dəfələrlə müraciət edib, amma o, müvafiq təlimata uyğun tələblərə cavab vermir».
XS
SM
MD
LG