Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:37

«İraqı üç yerə bölmək planı var – bundan ən çox türkmənlər zərər görəcək»


Erşad Salihi
Erşad Salihi
-
Gözlə

No media source currently available

0:00 0:07:00 0:00
Direct-ə keçid

Sünni silahlıların birləşdiyi İraq Şam İslam Dövləti (İŞİD) türkmanların da sıx yaşadığı Mosulu ələ keçirəndən sonra gözlər Kərkükə dikilib. Artıq Kərkükdə, elə türkmanların yaşadığı başqa bölgələrdə də İraq hakimiyyəti nəzarəti itirib.

İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Erşad Salihi AzadlıqRadiosuna müsahibəsində son hadisələrdən söz açır.

– Erşad bəy, indi Kərkükdə, Mosulda vəziyyət necədir?

– Kərkükdə, Mosulda, türkmanların yaşadığı digər bölgələrdə vəziyyət yaxşı deyil. Mərkəzi hökumətin ordusu buraları tərk edib. Kərkükdə nəzarəti kürd peşmərgələri ələ alıb. İndi Kərkük, Tusxurmatı, Diyala və başqa türkman bölgələri də kürd peşmərgələrinin nəzarətindədir. Bundan əvvəl də deyirdik ki, heç kim bizi yalnız buraxmasın. Biz burda yalnız qalmış olsaq, türkmanlar başqalarının kölgəsi altında qalacaq. Türk dünyasına nə qədər çağırış səsləndirdik ki, burada bir türk xalqı var və onlar Azərbaycan, Qafqaz, Orta Asiya türklərinin, türk respublikalarının bir parçadır. Təəssüf ki, səsimizi kimsə eşitmədi. Biz indiyədək Qarabağ üçün qan ağlayırıq, indiyədək türk respublikalarının, Azərbaycanın müstəqillik qazanmasına görə fəxr edirik. Ancaq təəssüf ki, səsimizə səs verən olmadı, imdadımıza kimsə yetişmədi. Bu gün İraqda şiələrin, sünnilərin, kürdlərin hərbi qüvvələri var. Ancaq bizi nə mərkəzi hökumət – Maliki dəstəklədi, nə şimali ərəb hakimiyyəti, nə də türk dünyası. Ayaq üstə dayanmaq üçün əlimizdən tutan olmadı. Ancaq yenə də əzmimiz, imanımız güclüdür. Bu bölgələri kürdlər kimi türkmanlar da idarə etməlidir. Xüsusən bu günlərdə türkmanların hər cür yardıma ehtiyacı var. Mənəvi yardımlar daha önəmlidir. Səsimiz eşidilsin, yoxsa İraq türkmanlarının coğrafiyaları, yerləri, dilləri assimilyasiya olunacaq.

– «İraq Şam İslam Dövləti» adlanan təşkilat nəzarəti ələ keçirəndən sonra türkmanların köçü haqqında məlumatlar çoxalmaqdadır...

– Biz öz yerlərimizdə qalıb dirəniş göstərməyə hazırıq. Bir türkman lideri olaraq bütün türkmanlara təlimat vermişəm ki, köç olmayacaq. Dirəniş, müqavimət olacaq. Türkmanlar müdafiə üçün silahlanırlar.

– Mosulla əlaqələriniz var?

– Əlaqələr var. İndi türkmanlar özlərini toparlamağa çalışırlar. Dinc sakinlərin bir hissəsi Ərbilə, Dohaka köçüb. Kərkükə gələnlər də var. Əlimizdən gəldiyi qədər mülki adamların yerləşdirilməsinə çalışırıq. İndi türkmanlar bizim ətrafımızdadır. Əlimizdən gəldiyi qədər onları müdafiə etməyə hazırıq.

– İŞİD Mosulu ələ keçirəndən sonra Kərkükə hansı təhlükə yaranıb?

– Bu gün onlar Kərkükün şimalında olan ərəb bölgələrinə də yerləşiblər. Tikrit, Tuzxurmatının ətrafı onlardadır. Hər an hər şey ola bilər. Hücum da, qətliam da ola bilər. O bölgələrdə adamlar qorxu içindədir, evdən bayıra çıxa bilmirlər.

– Sünni silahlılar nəzarəti ələ keçirməzdən öncə bölgədə bunun işartıları hissi olunurdu?

– Xeyr, onların bu cür güclü olduqlarını hökumət də, siyasi qruplar da bilmirdi. Bir neçə saatın içində bu bölgələri aldılar. Hamı qorxu içindədir. Hər an hər şey ola bilər. Çünki nəzarət yoxdur. Bundan əvvəl hər kəsə demişdim ki, dəstəkləyin bizi, güclənək, ordumuz olsun. Kürd peşmərgələrinin kölgəsində qalacaq kimi görünürük. İŞİD-in sürpriz halda bu bölgəyə gəlməsi İraqın parçalanmağıdır. İraqı 3 yerə bölmək planı var. Şiə bölgəsi, sünni bölgəsi və kürd bölgəsi. Bu parçalanmadan da ən çox türkmanlar zərər görəcək.

– İndi Kərkükdə nəzarət kimin əlindədir?

– İndi nəzarət peşmərgələrin əlindədir, axı mərkəzi hökumətin gücü burda qalmayıb.\

– Onlarla anlaşa bilirsiniz?

– Peşmərgələrlə əvvəldən bizim siyasi ixtilaflarımız vardı. Biz deyirdik ki, Kərkükün içində peşmərgənin dolaşmağını qəbul etmərik. Dedilər ki, bununla bağlı müzakirə aparıb anlaşaq. Bəlkə gələcəkdə anlaşmalarımız gerçəkləşər. Bundan əvvəl hər kəsə demişdim ki, dəstəkləyin bizi, güclənək, ordumuz olsun. Kürd peşmərgələrinin kölgəsində qalacaq kimi görünürük.

– Erşad bəy, İraqda nə qədər türkman yaşayır?

– Düzgün sayılsa, türkmənlərin sayı 2 milyon yarımdır. Ancaq türkmanlar böyük assimilyasiyaya məruz qalıblar.

- Hakimiyyətdə necə təmsil olunursunuz?

– İraq parlamentində 10-a yaxın millət vəkilimiz var. Onlardan biri də mənəm. İki nazir türkmandır. Bir də Kərkükdə vilayət məclisi üzvlərimiz var. 2003-cü ildən sonra İraq Türkman Cəbhəsinin «Türkman Eli» telekanalı fəaliyyət göstərir. Bir yerli telekanalımız, radiomuz da var. Kərkükün içində 150-yə yaxın türkman məktəbi var. Biz həmişə parlamentdə türkmanlara qarşı assimilyasiyanı dilə gətirirdik. Türkman haqları layihəsini parlamentə çıxarmaq istəyirdik. Ancaq siyasi böhranlara görə parlament yığışa bilmədi. Gələcəkdə vəziyyət yaxşı olsa, yenə bu məsələlərə baxacağıq.
- Dediniz ki, türk cümhuriyyətlərindən gözləntiləriniz olub. Azərbaycandan hansı gözləntiləriniz var?

– Çox istəyirik ki, mediada prezident İlham Əliyevin «Azərbaycan, Bakı İraq türkmanlarının arxasındadır» fikrini görək...
ARAYIŞ:

Erşad Salihi 1959-cu ildə Kərkükdə doğulub. 1979-cu ildə 19 yaşındaykən onu Səddam Hüseyn rejimi həbs edib. 10 il həbsdə qalıb. Həmin dövrdə qardaşı Rüşdi Salihi edam edilib. Özü tutulan il bacısı da məhbəsə atılıb. Həbsdən çıxandan sonra 1987-88-ci illərdə türkman siyasi gizli təşkilatını yaradıb. 2003-cü ildə Kərkükdə İraq Türkman Cəbhəsini yaradanlardan olub. 2004-cü ildə təşkilatın Dəməşq təmsilçisi olub. 2009-cu ildə Kərkükə qayıdıb. Təşkilatın Kərkükdəki rəhbəri olub. 2011-ci ildə İraq Türkman Cəbhəsinin sədri və İraq parlamentinə millət vəkili seçilib.
XS
SM
MD
LG