Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:42

Marquez-in Kuba diktatoru haqda tərifli sözləri


"Guardian" qəzetində məqalə - Castro dostu Marquez-in ölümündən sarsıldığını deyir.
"Guardian" qəzetində məqalə - Castro dostu Marquez-in ölümündən sarsıldığını deyir.
-

"Fidel dahi jurnalistdir, onun çıxışları sayəsində kubalılar dünyada öz ölkəsindəki gerçəklikdən ən çox məlumatlı olan xalqlardan birinə çevrilib".


Necə ola bilər ki, həm "Patriarxın payızı"nı yazasan, həm də dünyanın ən qəddar diktatorlarından olan Fidel Castro ilə yaxın münasibətlər qurasan?

1975-ci ildə çap olunan həmin roman böyük Kolumbiya yazıçısı Gabriel Garcia Marquez-i dünyada daha da şöhrətləndirmişdi, onun Kuba lideri ilə sıx əlaqələri isə indiyəcən bir çoxlarında ikrah hissi doğurur.

Xüsusən də Latın Amerikasında.

Məsələn, Meksikanın tanınmış ziyalılarından olan Enrique Krauze "New York Times" qəzetindəki məqaləsində yazır ki, Marquez-in Kuba rejiminin törətdiyi zorakılıqlara göz yumması onun ədəbiyyat sahəsindəki inkarolunmaz uğurlarını kölgədə qoyur.

Marquez bir dəfə yazmışdı ki, "bütün diktatorlar... qurbandırlar".

Məqalə müəllifi güman edir ki, yazıçı daxilən özü də buna inanırmış.

Marquez Kuba barədə publisistik yazılarında qeyd edirdi ki, Castro ilə xalqı arasında "az qala telepatik səviyyədə ünsiyyət var", o, ölkəsində "şəxsiyyətə pərəstiş əleyhinə bütöv bir sistem yaradıb", "hakimiyyət, səlahiyyətlər onu korlaya bilməyib".

Marquez demişdi ki, Fidel "dahi jurnalistdir", onun çıxışları sayəsində "kubalılar dünyada öz ölkəsindəki gerçəklikdən ən çox məlumatlı olan xalqlardan birinə çevrilib".

Amma üstündən çox keçməmiş "New York Times"ın əməkdaşı Alan Riding Marquez-ə sual verəndə ki "köçüb Kubada yaşayardımı", yazıçının cavabı belə olmuşdu: "Bu mənim üçün çətin olardı... yəni o şəraitə uyğunlaşmaq. Bir çox şeylərdən məhrum olardım. İnformasiya qıtlığı şəraitində yaşaya bilməzdim".

Nəhayət Kubada evə sahiblənəndə Marquez Castro ilə daha da yaxınlaşır, Fidelin baş aşpazı xərçəngdən hazırlanan bir yeməyə onun şərəfinə "Langosta a la Macondo” adı vermişdi.

Yazıçı bunun cavabında demişdi ki, onun üçün dostluq - ali dəyərdir.

Məqalə müəllifi yazır ki, bəlkə də bu həqiqətən beləydi. Amma bu dostluqda bir iyerarxiya vardı - Fidel üstdə idi.

1989-cu ildə Marquez Kubadakı evində yaşayanda Havanada general Arnaldo Ochoa və onun qardaşları Tony və Patricio de la Guardia-nın məhkəməsi gedirdi.

Məhkəmə general Ochoa və polkovnik Tony de la Guardia-ya ölüm hökmü kəsir.

Onlar narkotik qaçaqmalçılığında və inqilaba xəyanətdə təqsirli bilinirlər.

Polkovnik Guardia Marquez-in yaxın dostu idi.

Polkovnikin qızı Ileana yazıçıya müraciət edərək atasına qarşı ölüm hökmünün dəyişdirilməsinə kömək etməsini xahiş edir.

Amma Marquez diktatorla şəxsi əlaqələrindən istifadə etmir. Əksinə, Ileana-nın dediyinə görə, yazıçı Fidel və onun qardaşı Raulla birlikdə məhkəmə iclaslarının birinə də qatılır. prosesi güzgülü şüşə arxasından seyr edir...

2003-cü ildə Kubada 78 dissidentə qarşı məhkəmə prosesi başlanır. Onlar 12 ildən 27 ilə qədər həbsə məhkum edilirlər. Məhkumlardan birinin günahı "Sony diktafonunun olması idi"...

Az sonra daha 3 kubalı kiçik qayıqda Ameriaya qaçmaq cəhdinə görə edam olunur.

Kolumbiyadakı kitab festivalında yazıçı Susan Sontag Marquez-i sərt tənqid edir. Onun yazıçılığını yüksək qiymətləndirsə də, Kuba rejiminin cinayətlərinə etiraz etməməsini "bağışlanılmaz hərəkət" adlandırır.

Marquez bu ittihama cavabında əvvəllər dediyi bir sözü yenə təkrarlayır: "Mən son 20 ildə həbsdən azad edilib mühacirətə getməsinə səssizcə kömək etdiyim məhbuslar, dissidentlər və sui-qəsdçilərin sayını unutmuşam".

Məqalə müəllifi sual edir ki, niyə "səssizcə"? O həmin həbsləri qanunsuz adlandırmalı idi. Marquez isə əksinə belə qanunsuzluqları törədən rejimi dəstəkləməyə davam edirdi. Halbuki rejimi pisləməsi və Kubanın siyasi məhbəslərinin bağlanmasına kömək etməsi daha effektiv olardı...

Hazırladı: R.Qəmbərov
XS
SM
MD
LG