Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:26

Günel Mövlud. Yazıçılarımız və qadınları


Günel Mövlud
Günel Mövlud
-

Bəli, qadın var, yataq xəstəsindən yazıçı düzəldə bilər. Qadın var, yazıçını yataq xəstəsi edər…


Günel Mövlud


YAZIÇILARIMIZ VƏ QADINLARI


F.M.Dostoyevskinin arvadı A.Q.Dostoyevskaya xatirələrində yazır:

«Mən müşahidə eləmişdim ki, o hər dəfə uduzub müflis olandan sonra növbəti yaradıcılıq uğuruna imza atır. Onun bacardığı yeganə iş - yazıçılıq, ancaq dəhşətli şəkildə uduzduqdan sonra alınırdı…»

Bu sətirləri oxuyandan sonra uzun-uzadı düşündüm. Necə ola bilərdi ki, əsla gözəl olmayan, sadə, təvazökar qadın yazıçının ruhunu belə dəqiqliklə anlasın, onu belə dərindən başa düşsün?

Səmimi etiraf eləyirəm ki, özüm hələ allah qoymasa, yazı, ədəbiyyat adamı ola-ola, həyat yoldaşım ailənin pulunu bir dəfə qumara qoysa, ikinci dəfə onun həyatını cəhənnəmə döndərərdim.

Düzdü, mən Dostoyevskinin arvadı deyiləm, amma Züskindin kontrabasçısı demişkən, bu, mənə bəraət qazandıran yeganə səbəbdir.

Təsəvvür edin, borc içində çabalayan, xəstə, yaşlı, ruhi vəziyyəti stabil olmayan adama ərə gedirsən. O, ailənin bütün ruzisini qumarda uduzur. Toy hədiyyələrini, nişan üzüyünü qumara qoyur. Vaxtının çoxunu kağız-kuğuzun arasında keçirir. Sən onun həm arvadı, həm qulluqçusu, həm hesabdarı olmalısan. Evi idarə eləməlisən, borcları ödəməyə çalışmalısan, ailənin ruzisinin qumarda sovrulmağına, ərinin uzun-uzadı səfərlərinə, laqeydliyinə, xəstəliyinə, övladının ölümünə dözməlisən…

Bunların hamısını ancaq ərinin doğrudan da, nəhəng yazıçı olduğunu anlayan, ona səmimi qəlbdən heyran olan qadın edə bilər.

Bəli, qadın öz kişisinə, ərinə heyran olmalıdır, fədakarlığın təməlində ancaq qadının heyranlığı dayana bilər, başqa heç nə…

Daha bir yazıçının qadınına nəzər salaq. Raya Ostrovski ilə ailə quranda, Nikolay artıq yerindən qalxmağa taqəti olmayan, ümidsiz yataq xəstəsi idi. O ayağa qalxa bilmədiyinə görə, "ZAQS" nümayəndəsi evə gəlir. Hətta Rayadan soruşurlar ki, belə ümidsiz xəstə ilə rəsmi nikaha girmək nəyinə lazımdı? Elə-belə yaşa da…
Anna Snitkina (Dostoyevskaya)
Anna Snitkina (Dostoyevskaya)


«Polad necə bərkidi?» romanını Nikolay Ostrovski arvadına diqtə edib. Romanın qaralamasını, sonra hazır variantını Raya fabrikdən tapıb gətirdiyi əl boyda kağızlara köçürüb. Təsəvvür edin, fabrikdə işləyirsən, ağır işdən gəlib, yataq xəstəsi ərinə qulluq edirsən, təmizləyib, yedizdirirsən, gecə isə onun diqtə elədiklərini vərəqlərə köçürürsən. Səhər oyanıb, yenə işə gedirsən…

İlahi, necə böyük fədakarlıq, necə böyük əzmkarlıq lazımdır bunları edə bilmək üçün! Sadə bir rus qızı öz çalışqanlığı, inadkarlığı və ən başlıcası, ərinə heyranlığının sayəsində yataq xəstəsindən yazıçı düzəldir. Ərinin ölümündan sonra onun ev muzeyini yaradır, ərinin adını ədəbiyyat tarixində saxlayır.

Sergey Yesenin öləndə keçmiş arvadı Zinaida Rayx balalarını qucaqlayıb: «Bizim günəşimiz söndü!» deyə ağlayıb. Halbuki, Zinaida ikinci uşağa hamilə olanda Yesenin onu döyürmüş. Dünya şöhrətli rəqqasə, var-dövləti başından aşan Aysedora Dunkan kəndçi balası Yeseninin bir çırtması ilə onun əyyaş dostlarının qarşısında rəqs edirmiş.

Qalina Benislavskaya gözünün qarşısında başqa qadınlarla dilxoşluq edən Yeseninin qəbrinin üstündə özünü tapança ilə vurub. Yeseninin bütün qadınları şairin kobudluğunu, xəyanətlərini, onları alçaltmağını, davamlı sərxoşluğunu - hər şeyi onun şairliyinə, şair ürəyinə bağışlayıblar. Ona eşşək kimi heyran olub bütün qadınları.

Hansından danışasan, hansını yazasan?

Siyasi proseslərin bu gərgin vaxtlarında adımız ruspərəstlərə çıxmasın deyə, rus yazıçılarından Avropaya keçək. Andre Moruanın Viktor Hüqo barədə sənədli romanı var. Hüqo düz əlli il boyu ailəsi ilə hara, hansı şəhərə köçübsə, məşuqəsi Cülyetta Drueni də özü ilə aparıb.

Evinin qonşuluğunda ona ev kirayələyib. Evi həmişə elə tuturmuş ki, otağının eyvanı Cülyettanın eyvanına baxsın. Hər səhər oyananda eyvana çıxır, məşuqəsi ilə baxışıb, qayıdıb, əsərlərini yazırmış. Yazı yazdığı müddətdə ərinin eyvanda kimə baxdığını çox gözəl bilən arvadı ona qəhvə gətirirmiş.

Bir-birini həzm eləməli olan bu iki qadın, böyük yazıçıya sədaqətlərinin müqabilində ondan allahın səxavətini görməyiblər. Cülyetta Drue məktublarının birində Hüqodan şəkil albomunu dəyişmək üçün, arvadı isə məktubunda ailəni dolandırmaq üçün ildə artıq 200 frank istəyir. Hər ikisi rədd cavabı alır. Bu, o illərdə baş verirdi ki, Hüqo əsərlərinə görə 200-300 min frank qonorar alırdı.
Juliette Drouet-in portret, 1837
Juliette Drouet-in portret, 1837


Gəlin, böyük yazıçını xəsisliklə günahlandırmağa tələsməyək. Məşuqəsinə, arvadına qarşı simiclik edən yazıçı hər həftəsonu evində süfrə açaraq, şəhərin aclarını, kasıblarını masa ətrafına yığır, onlarla birlikdə nahar edirdi. Hüqo o adam idi ki, yetmiş yaşı tamam olanda bütün Paris əhli onun eyvanını altından keçdi ki, böyük yazıçı öz xalqına tamaşa eləsin. Bu nəhənglikdə adam şəhərin səfilləri, acları ilə bir masa ətrafında nahar edirdi.

Azərbaycanda allahın müğənnisi, JEK müdiri, nə bilim, polis serjantının hansısa səfillə, kasıbla bir masa ətrafında yemək yediyini təsəvvür edirsinizmi? Mən edə bilmirəm.

Mövzudan uzaqlaşmayaq. Mən yazıçıların qadınları barədə danışmaq istəyirəm. Bizim yazıçıların qadınları barədə də danışmaq istəyirəm. Götürək, elə özlərindən əvvəlkilərin başlarını, özlərindən sonrakıların haqlarını yeyən altmışıncıları…

Müasirlərinin danışdıqlarına görə, hamısı arvadlarından qorxublar və qorxurlar. Müasirlərinin danışdıqları bir yana, onların arvadlarından necə qorxmaqları verdikləri müsahibələrdən, televiziya çıxışlarından o dəqiqə hiss olunur. Baxırsan ki, yazıçı danışır, amma kim olduğunu bilməsən, elə bilərsən, qələm adamı deyil, polis rəisi, JEK müdiri danışır. Yaradıcı adam kimi deyil, məmur kimi müsahibə verirlər. Öz gəncliklərindən, macəralarından rahat danışa bilmirlər. Ümumiyyətlə, bu barədə danışa bilmirlər.

Keçmişi birtəhər başa düşmək olar. Sovet dövrü idi, Sovet yazıçısının canı çıxıb, əxlaqlı olmalı idi, ya da zibillərini maksimum gizləməli idi. Asan deyildi, məişət əxlaqsızlığı üstündə partiya yazıçını minərdi. Amma ən gəncinin yetmiş yaşı olan bu adamlar hələ də arvadlarından qorxurlar.

Sovet dövrü Azərbaycan poeziyasının ən işıqlı, ən istedadlı şairlərindən birini rəsmən arvadı çərlədib öldürdü. Kimdən danışdığımı hamı o dəqiqə başa düşəcək deyə, ad çəkmirəm. Onlarla, yüzlərlə allah şahidi arvadının o böyüklükdə şairlə davranışından danışır. O qadın şair ərini söyür, oturduğu kafelərə gəlib, dostlarının yanında təhqir edir, cibindən pulunu çıxarıb, sayırmış.

Bir dəfə isə şairin saçlarının arasından şüşə ovuntusu tökülür. Dostlarına deyir ki, bir-iki gün əvvəl arvadım başımda butulka sındırıb. Ovuntusu başımın qanında quruyub.

O qadın indi əri barədə memuarlar yazır. Onun gecəsini keçirib, şair barədə xatirələrini, onun necə böyük insan olduğunu danışır.

Bizim müasir yazıçı və şairlərin də qadın sarıdan vəziyyətləri ürəkaçan deyil. Böyük bir qismi yanıqdırlar. Qadın-kişi münasibətləri barədə heç nə bilmirlər, həyatları bu sarıdan çox kasıbdır. Saytları açırsan, görürsən ki, seksdən, münasibətlərdən gic-gic yazılar uydurublar. Gerçək münasibətlərdən, reallıqdan deyil, arzularından, fantaziyalarından yazırlar. Gerçəkləri yazmağa ya cəsarətləri, ya da səmimiyyətləri çatmır. Buna görə də, gülməli vəziyyətə düşürlər.

Bir yazıçı dostum var - Seymur Baycan. Qadınları, xüsusilə də bizim qadınları ondan daha yaxşı tanıyan adam görmədim. Yeni nəsil yazarlar arasında qadın sarıdan ən zəngin həyat yaşayan adam odur. Seymur qadın tanımaq istiqamətində bir divanı sıradan çıxarıb. Onu sevən, pərəstiş edən nə qədər gözəl və ağıllı qızlar tanıyıram. Amma onların arasında Seymur kimi ələdüşməz yazıçıya sözün həqiqi mənasında heyran olub, onun nazını çəkməyi, qayğısına qalmağı, çətinliklərini bölüşməyi öz üzərinə götürməyə hazır qadın tapılmadı.

Adam rəsmən elan elədi ki, qapı açıqdar, kim gəlir, gəlsin. Təsəvvür edin, bu elanı bir fransız, ingilis, alman, rus yazıçısı verir. Vəziyyətin necə olacağını özünüz təsəvvür edin.Amma Seymura dözməyə hazır qadın tapılmadı. Gəlinlik paltarı geyinmədən, beş yüz nəfərlik toy eləmədən, bir sıra kağıza imza atmadan, Seymura sədaqət andı içdirmədən onunla yaşamağa hazır qadın olmadı.

Əlbəttə, söhbət yazıçının tirajından, miqyasından, böyüklüyündən-kiçikliyindən getmir.Söhbət sənətə, sənətkara, qələm adamına münasibətdən gedir.Onların uğrunda nələrdənsə imtina etməkdən, fədakarlıqdan gedir. Sənətkar üçün özünü fəda etmək mədəniyyəti isə bizimkilərdə yoxdur.

Bizim qadınlar fatal, faciəvi şeirlər yazan, şairlik əzabı ilə əlləşən şairdən AzTV-yə çıxmağı, qalstuk taxmağı, bulvarda ali dəyərlərdən danışmağı, qlamur tədbirlərə qatılmağı, gecə yataq otağını güllərlə bəzəyib, şam yandırmağı tələb edirlər. Onlar şairdən, yazıçıdan qələm adamı kimi yox, məmur, polis rəisi, deputat kimi davranmağı, danışmağı, pul qazanmağını istəyirlər. Çünki onlar üçün kişi, şəxsiyyət polis rəisidir, məmurdur, JEK müdiridir.

Onlar nə sənətə, nə də sənətkara qiymət vermək iqtidarında deyillər.Siz onların teatr foyelərində, kitab dükanlarında, sərgilərdə şəkil çəkdirməklərinə, sinədağlayan şeirlər paylaşmağına aldanmayın. Lütfən, belə şeylərə aldanmayın! Yalandır, saxtadırlar.Onlar üçün şuba, maşın, brilyant istənilən klassikadan, istənilən sənətdən daha vacibdir, əzizdir.

Bununla bərabər, bu qadınlar özlərindən sənətə və sənətkara vurğun, əzabkeş, qələm adamını başa düşən, onun nazına dözən fədakar qadın obrazı yaratmağa çalışırlar. Belə müsahibələr vermək istəyirlər: «Qələm adamını sevmək həm çətindi, həm də asandı. Çətindi - ona görə ki, yaradıcı adamlar çox qəribə olurlar. Asandı - ona görə ki, onlar uşaq kimi sadəlövhdülər…»

Televiziyaya, mətbuata belə gic-gic danışmaq istəyirlər.Nə fədakarlıq, nə başa düşmək, nə özünü fəda etmə? Ölkənin ən məşhur qələm adamına ərə gedən qadın qəfildən durub, boş soyuducu davası eləyər, heç ruhu da inciməz…

Sonra da bizim yazıçılara, şairlərə ironiya eləyirlər ki, yaza bilmirsiniz, özünüzü publisistikaya, köşələrə xərcləyirsiz, dünyaya çıxa bilmirsiniz.

Necə, hansı dəstəklə, kimin köməyi ilə eləsinlər bunları? Yazıçını, sənət adamını ən çox ailəsi sındırır, ən ağır zərbəni ailə vura bilir, ən böyük dəstəyi də ailəsi, qadını verir. İndi siz təsəvvür edin ki, sən böyük ideallar, ali dəyərlər uğrunda yaşayırsan, mübarizə aparırsan, insanlığın xilası üçün yazmağa çalışırsan, arvadın isə rüşvətxor məmuru, bölmədə vətəndaşa işgəncə verən, təhqir edən kişiləri sənə nümunə göstərir. Onların arvadlarına aldıqları şubalardan, qızıllardan, maşından danışır. Soyuducu davası edir.

Bəli, qadın var, yataq xəstəsindən yazıçı düzəldə bilər. Qadın var, yazıçını yataq xəstəsi edər…


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG