Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:28

Qəhətə çıxan fazıl kələmi...


Fərman Məmmədov
Fərman Məmmədov
-
«Kəndimiz kələm məskəni sayılırdı. Fazıl kələmini əl-əl axtarırdılar. Kiçik kənd olsa da, Bərdə, Ağdaş, Göyçay, Mingəçevir, Qax, Oğuz kimi rayonların hamısını fazıl kələmi ilə təmin edirdik. Ancaq indi özümüz ona həsrət qalmışıq».

«VAXT VARDI BURDAN ALIB APARARDILAR, AMMA İNDİ...»

Bəs Şəkinin Fazıl kəndinin sakinləri niyə öz kələmlərinə həsrət qalıblar? Bu sualın tək cavabı var: su yoxdur. Kənd sakini Fərman Məmmədovun sözlərinə görə, susuzluq ucbatından neçə ildir ki, fazıllılar əkin-biçindən, mal-qara saxlamaqdan soyuyublar:

«Bakıya çəkilən artezianların təsiridir. Paytaxta su çəkilməsinin əleyhinə deyilik. Bizim üçün də əlavə artezianlar vurulsa, kələmçiliyi yenidən inkişaf etdirə bilərik».
Kəndli deyir ki, fələyin çərxi necə dönübsə, əvvəllər başqa rayonlardan Fazıla kələm üçün gələnlər indi Göyçaydan, Bərdədən Şəkiyə kələm gətirib satırlar.

Fazıllıların çoxu əkin-biçinlə, meyvə-tərəvəz yetirmək və heyvandarlıqla məşğul olurmuş. Susuzluq kəndliləri bütün bu işlərdən uzaqlaşdırıb:
Camal İskəndərov
Camal İskəndərov

«Heyvandarlıq aparıcı sahə idi. Ancaq 2 ildir ki, camış su tapmadığından yata bilmir».

«DAĞISTAN SAKİNLƏRİ GƏLİB APARIRDILAR»

Kəndin ağsaqqallarından Camal İskəndərov:

«O vaxt burda su vardı suvarmağa. Kələm əkirdik... İnan ki, fazıl kələmi adla idi, Dağıstan sakinləri də gəlib alıb aparırdılar. İndi su problemi var, yoxsa o kələmi yenə də əkib becərmək olar. Təkcə kələm deyildi, çəltik də əkilirdi. İnsanı canlandıran sudur. Susuz neyləmək olar?».

Kənd bələdiyyəsinin sədri İsmayıl Əyyubov çıxış yolunu su anbarı yaratmaqda görür:
İsmayıl Əyyubov
İsmayıl Əyyubov

«Su qaynağıyla kəndimizin arası, azı, 4 kilometrdir. Bir ağsaqqalın köməyi sayəsində xırda-mırda işlər gördük. Ancaq bu, problemin həlli deyil. Kəndimizin təsərrüfat suları – biz kəhriz suları deyirik, – o sular anbarlaşdırılsa, qənaətlə həm içməyə, həm də təsərrüfata işlədərik».

Bələdiyyə sədrinin sözlərinə görə, 4 kilometr aralıda olan su yayda kəndə gəlib çatmır, elə yoldaca buxarlanır:

«Yeraltı su mənbələri quruyub. Bu üzdən adamların əli təsərrüfatdan soyuyub. Keçən il birtəhər – xırda çayların gözünü açmaqla, mal-qaranın tələbatını ödəyə bildik. Bu il vəziyyət ağırdır. Xırda-para tədbirlər daha kara gəlmir».
Şəki bazarı
Şəki bazarı

ŞƏKİ BAZARINDA DA FAZIL KƏLƏMİ AXTARIRLAR

Bu da Şəki bazarı. Tərəvəz alveriylə məşğul olan İbrahim vaxtilə daha çox fazıl kələmi satırmış. İndi müştərilərin ondan ən çox istədiyi də bu kələmdir:

«Təkcə kələmdə yox, başqa məhsullarda da yerli mala üstünlük veririk. Yerli məhsullar faydalıdır. Fazıl kələmi də yerli məhsul idi. Şəkidə ancaq fazıl kələmi istəyirlər. İndi yoxdur. Az əkirlər».

Kələmsatan İbrahim Fazıl kəndinin su dərdinə çarə tapılacağına inanır. İnanır ki, xoş günün birində müştərilərin tez-tez ondan soruşduqları məşhur kələm yenə bollaşacaq...
XS
SM
MD
LG