Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:20

E.Məmmədyarov AŞPA-da çıxış edərək Azərbaycanın sədrliyinin əsas istiqamətlərindən danışıb


Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının ilk iclasında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi ilə bağlı Elmar Məmmədyarov çıxış edərək ölkənin 6 aylıq sədrliyi dövründə əsas istiqamətləri və prioritetləri bildirib.

Azərbaycanın xarici işlər naziri Məmmədyarov 6 ayda Bakıda keçiriləcək tədbirlərin proqramı barədə məlumat verib. O, korrupsiya ilə bağlı deyib ki, bu mövzuda Bakıda xüsusi tədbir keçiriləcək.

Məmmədyarov Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının ölkə üçün çox əhəmiyyətli bir hadisə olduğunu bildirib. Eyni zamanda, ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun aparılmasında əvəzsiz təcrübəsi olduğunu qeyd edərək, bu yöndə də sentyabrın əvvəlində Bakıda böyük bir tədbirin təşkil ediləcəyini deyib. O, Azərbaycanla Avropa Şurası arasında qəbul olunmuş Fəaliyyət Planına dair bir daha müzakirələrin aparılacağını, Avropa Şurasının sosial həmrəylik proqramı ilə bağlı Bakıda nazirlər səviyyəsində xüsusi bir toplantının keçiriləcəyini açıqlayıb.

Bundan başqa, Ukraynadakı məsələlərə toxunan Məmmədyarov bu ölkədə keçirilmiş prezident seçkilərinin sülh şəraitində, yüksək səviyyədə və beynəlxalq normalara uyğun bir şəkildə baş tutduğunu vurğulayıb.

Kosovonun statusundan bəhs edən nazir bu məsələdə bir çox üzv ölkə arasında fərqli mövqeyin olduğunu xatırladaraq, Avropa Şurasının bu məsələdə neytral mövqe tutmalı olduğunu deyib.

Çıxışını başa vurandan sonra Azərbaycanın xarici işlər naziri Məmmədyarov assambleya üzvlərinin müxtəlif suallarına cavab verib.
XS
SM
MD
LG