Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:53

İlham Əliyevin AŞPA-da çıxışı zamanı etiraz aksiyası keçirilib


İlham Əliyev AŞ PA-da çıxış edərkən etiraz aksiyası keçirən azərbaycanlı fəallar.
İlham Əliyev AŞ PA-da çıxış edərkən etiraz aksiyası keçirən azərbaycanlı fəallar.

.

PREZİDENT ÇIXIŞ EDƏRKƏN ZALDA ETİRAZ AKSİYASI

İyunun 24-də Azərbaycan prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış edib.

Bu zaman Sərhədsiz Reportyorlar binanın qarşısında, Avropada yaşayan azərbaycanlılar isə sessiyanın getdiyi zalda aksiya keçiriblər.

Ağızlarını bağlayan aksiya iştirakçılarının əynində Azərbaycandakı siyasi məhbusların şəkli olan köynəklər olub.

İlham Əliyev aksiyaçıları görəkən deyib ki, bu adamlarda günah yoxdur, çünki 1992-1993-cü illərdə Azərbycanda baş verən problemlərdən xəbərsizdirlər.

Prezident AXC hakimiyyətini nəzərdə tutaraq Azərbaycan torpaqlarının işğalında da onları günhkar sayıb.

PREZİDENTİN ÇIXIŞINDAN ƏSAS MƏQAMLAR:

QARABAĞ MÜNAQİŞƏSİ BARƏDƏ...

İlham Əliyev AŞPA-da çıxışında Dağlıq Qarabağ məsələsinə toxunarkən deyib:

“Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Azərbaycanlılar burda əsrlərlə yaşayıb. Ermənilər isə burda 200 il əvvəl yerləşiblər. Bizim Dağlıq Qarabağdakı tarixi abidələrimiz, irsimiz təəsüf ki,erməni işğalçı qüvvələri tərəfindən dağıdılıb.

Azərbaycan ərazisinin 20 faizi işğal olunub. Biz erməni quldur dəstələri və erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq.

Dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Heç kim, o cümlədən Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır.

Biz danışıqlar prosesinə sadiqik. Ancaq hamı, o cümlədən ermənilər bilməlidir ki, bu proses sonsuz uzana bilməz. Gec, ya tez nəsə ola bilər. Ona görə, Ermənistan rəhbərliyi nə qədər tez başa düşsə ki, başqa ölkənin torpağını tutmaq yol verilməzdir, onlara bir o qədər yaxşıdır.

Öz müqəddəratını həll etmə ərazi bütövlüyünü pozmamalıdır. Münaqişə mümküm qədər tez, hamının xeyrinə, o cümlədən Erməni xalqının xeyrinə həll olunmalıdır."

İlham Əliyev deyir ki, hazırda “erməni xalqı ölkəni dağılmağa və fəakətə aparan Ermənistan hökumətindən zərər çəkir”. Onun fikrincə, vacib məsələlər üzrə beynəlxalq qurumların qətnamələrinin həyata keçirilməsinin mexanizmləri yaradılmalıdır və Azərbaycan bu mexanizmləri birlikdə yaratmağı təklif edir.

AVROPA ŞURASI QARŞISINDA ÖHDƏLİKLƏR BARƏDƏ

Azərbaycan prezidenti İlham Əliyev daha sonra deyib:

“Bizim öz istəyimizlə Avropa Şurasının üzvü olmaq və ölkədə aparılan islahatları dərinləşdirmək niyyətimiz var idi. Təbii ki, qurumun üzvlüklə bağlı üzərimizə müəyyən öhdəliklər qoyacağını aydın başa düşürdük və biz bu öhdəlikləri yerinə yetirməyə həmişə hazır olmuşuq.

Biz indi də üzərimizə düşən öhdəlikləri həyata keçiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik. Hazırda apardığımız islahatlar bizim cəmiyyətdə çox müsbət ab-hava yaradır.”

MEDİA AZADLIĞI, HƏBSDƏ OLAN JURNALİSTLƏR BARƏDƏ

Fundamental azadlıqlar məsələsinə gəldikdə, Azərbaycanda bütün bunların hamısına riayət olunur. Sərbəst siyasi fəaliyyətlə məşğul olmaq, siyasi azadlıqlar mövcuddur. Bizim ölkədə yüzlərlə siyasi institut, siyasi partiya fəaliyyət göstərir.

KİV tam azaddır və Azərbaycanda gündəlik, həftəlik, aylıq çoxlu sayda qəzet və jurnal çap olunur, ölkədə çoxlu sayda televiziya kanalları, eləcə də regional kanallar fəaliyyət göstərir.

Azərbaycanda 40-dan çox gündəlik qəzet, 200-dən çox həftəlik və aylıq qəzet, ölkə üzrə 9 televiziya, 14 regional televiziya və 14 kabel televiziyası var.

Bundan başqa, ölkəmizdə internet tam azaddır və əhalinin 70 faizindən çox internetdən istifadə edir. Azad internetin olduğu, senzuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, KİV-in azadlığını daha da genişləndiririk. Çünki mətbuatın azad olması demokratiya deməkdir.

Bir daha təkrar etmək istəyirəm, mətbuat azadlığı tam şəkildə təmin olunub.

Eyni zamanda sərbəst toplaşmaq azadlığı da tam təmin olunub. Və bütün bunlar bizim islahatlara nə dərəcədə sadiq olduğumuzun bariz nümunəsidir. Bizim üçün islahatların aparılması prioritet təşkil edən məsələlərdəndir.

Biz bunu ona görə etmirik ki, üzərimizə düşən öhdəlikləri yerinə yetirək, yaxud beynəlxalq təşkilatlardan müsbət qiymətlər alaq, biz ölkəmizi müasirləşdirmək fikrindəyik və işlərimizi bu istiqamətdə aparırıq.

Mən bunu həmişə demişəm, indi də deyirəm ki, güclü demokratik təsisatlar olmadan bizim iqtisadi uğurlarımız möhkəm ola bilməz. Məhz buna görə bizdə demokratik islahatlarla iqtisadi islahatlar paralel aparılır və ümumilikdə cəmiyyətimizdə müsbət ab-hava yaranıb. Bununla yanaşı, bizim ölkədə din və etiqad azadlığı mövcuddur, bu da əsas uğurlarımızdan biridir.

Azərbaycanda jurnalistlər ittiham olunmur. Defamasiyaya görə 2009-cu ildən bəri heç kim tutulmayıb. İkinci yalan isə odur ki, seçkilər guya saxtalaşdırılıb. AŞPA müşahidəçilər göndərmişdi. Onların hesabatını oxuyun. Onlar seçkiləri müsbət qiymətləndirir. Azərbaycanda 1000-dən çox müşahidəçi vardı. Onların hamısı rəsmi nəticələri dəstəklədi.

SİYASİ MƏHBUSLAR BARƏDƏ

Azərbaycanda siyasi məhbus yoxdur. Strasserin hesabatı burda uğursuzluğa düçar oldu, çünki yanlış informasiyaya əsaslanır. Bu hesabat şayiələrə əsaslanırdı. İndi siz də bunu etməyə çalışırsınız. Yanlış informasiyanı təkrar etməklə AŞPA-dakı fikri yanıltmağa çalışırsınız. Azərbaycanda siyasi məhbus yoxdur."

Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları iyunun 24-də sessiya zamanı yerli və beynəlxalq təşkilatlara vahid siyasi məhbus siyahısı təqdim ediblər.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov məlumat verib.

Məlumata görə, sənəd Avropa Şurası Parlament Assembleyasının 3 oktyabr 2012-ci il tarixli 1900 saylı qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında hazırlanıb.

Vətəndaş cəmiyyəti təşkilatları hökumətin götürdüyü beynəlxalq öhdəliklər çərçivəsində məsələnin həllinə nail olmaq üçün maraqlanan bütün tərəflərlə sənədin müzakirəsinə hazır olduqlarını bildirirlər.

Sənədi Azərbaycanda insan hüquqlarının müdafiəsi və xüsusilə siyasi motivlərlə həbs edilən şəxslərin işləri üzrə araşdırma və ictimai vəkillik kampaniyası aparan 11 təşkilat dəstəkləyir.

Hazırlanan siyahıda 81 nəfərin məhbusun adı var.

Hökumət isə Azərbaycanda siyasi məhbusların olmasını inkar edirlər. Bildirilir ki, hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdikləri şəxslər siyasi fəaliyyətlərinə görə deyil, konkret cinayət əməllərinə görə həbs olunublar.

Bu gün Parlament Assambyeasında suallara cavab verərkən də prezident İlham Əliyev qətiyyətlə ölkədə bir nəfər də olsun siyasi məhbus olmadığını bildirdi.

XS
SM
MD
LG