Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:07

«Avropa fəxr etsin ki, AŞPA-ya Azərbaycan rəhbərlik edir»


İlham Əliyev, Strasburq
İlham Əliyev, Strasburq

-

YAP AŞPA-DA BAŞ VERƏNLƏRİ ERMƏNİ FİTNƏSİ ADLANDIRDI

«Cənab prezidentin AŞPA-da çıxışı zamanı təxribata əl atanların davranışı fitnəkarlıqdır. Belə adamların milli hissi, milli marağı yoxdur». Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Publika.az-a açıqlamasında deyib. O, Prezident İlham Əliyevin AŞPA-da çıxışı zamanı Avropada yaşayan bir qrup azərbaycanlının xüsusi köynəklər geyinərək etiraz etməsinə münasibət bildirib. YAP rəsmisi hesab edir ki, onlar Azərbaycanın maraqlarını həmişə ayaqlar altına atmağa hazır olan adamlardır:

«Onlar ayrı-ayrı qrupların, dairələrin sifarişlərini yerinə yetirirlər. Dərinə gedəndə görürük ki, bu adamların ipinin bir ucu da erməni lobbisinin əlindədir. Ona görə mən bu cür hərəkətləri qətiyyətlə pisləyirəm».

«AVROPA FƏXR ETSİN Kİ...»

AŞPA-nın yay sessiyasında iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli fikirlərini «Qafqazinfo» ilə bölüşüb. Komitə sədri deyib ki, iclasdan sonra bir çox ölkələrin parlamentariləri Azərbaycan prezidentinə yaxınlaşıb onunla qürur duyduqlarını bildirirdilər. «Bu məqamlar AŞPA-da lentə alınaraq nümayiş etdirilmiş kadrlarda da var». Əli Hüseynli xatırladıb ki, İlham Əliyevin AŞPA-dakı özünə əmin və inamlı çıxışı bütün dünyaya canlı olaraq yayımlanırdı:

«Yəqin ki, baş verənlərlə bağlı dediklərimi kadrları izləyən istənilən şəxs təsdiqləyə bilər. Avropa fəxr etsin ki, AŞPA-ya 6 ay İlham Əliyevin prezidenti olduğu Azərbaycan rəhbərlik edir».

CƏMİL HƏSƏNLİ İLHAM ƏLİYEVƏ CAVAB VERDİ

Prezident İlham Əliyev iyunun 24-də AŞ Parlament Assambleyasında çıxışdan sonra suallara cavabında son prezident seçkisinin azad və ədalətli keçirildiyini, ölkədə siyasi məhbus problemi olmadığını, xalqın müxalifəti dəstəkləmədiyini bildirib. Milli Şuranın sədri Cəmil Həsənli İlham Əliyevin iddialarına münasibət bildirib. O, «Azadlıq» qəzetinə açıqlamasında deyib ki, İlham Əliyevin dediklərindən fərqli olaraq 2013-cü ildə keçirilən prezident seçkisi total saxtakarlıqla müşayiət olunub. Hətta bu saxtakarlıq beynəlxalq miqyasda da təsdiqlənib:

«İndi təbii ki, İlham Əliyev hər dəfə beynəlxalq tədbirlərdə çıxış edəndə bu suallarla qarşılaşacaq. Çünki beynəlxalq ictimaiyyət Azərbaycanda baş verənlərdən xəbərdardır».

MÜDAFİƏ NAZİRİ MÜSAHİBƏ VERİB

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü tamam olur. AzərTAc bu münasibətlə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan müsahibə alıb. Nazir deyir ki, atəşkəsin pozulması Azərbaycanı çox narahat edir.

«Ermənistan tərəfi bu hərəkətləri ilə işğal zonasını genişləndirmək məqsədi güdür, öz təcavüzkar simasını dünyaya nümayiş etdirir. Dünya və beynəlxalq hüquq təşkilatları isə susurlar. Biz də Ermənistan kimi hərəkət edə bilərik. Onun ərazisindəki istənilən hərbi obyekti və yaşayış məntəqəsini darmadağın edə bilərik. Bunu etmək üçün bizim bütün imkanlarımız vardır. Ancaq humanizm prinsipləri və xalqımızın yüksək insanpərvərlik duyğuları bizi bunu etməkdən saxlayır. Dinc sakinlərin, uşaqların, qocaların və qadınların günahı nədir?»

AZƏRBAYCANDA NƏ QƏDƏR GÜNƏMUZD ÇALIŞAN VAR?

«Bizim yol»: «Özəl sektorda çalışanların yalnız 10 faizi muzdlu işçi kimi qeydə alınıb». Bu fikirlər iyunun 24-də «Azərbaycanda əmək müqavilələrinin tətbiqi problemləri və həlli yolları» mövzusunda keçirilən tədbirdə səsləndirilib. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev bildirib ki, ölkədə əmək münasibətləri rəsmiləşdirilən işçi qüvvəsinin ümumi məşğul əhalidə xüsusi çəkisi hələ də 35 faizi ötmür:

«Araşdırmalarımız göstərir ki, özəl sektorda çalışanların yalnız 10 faizi muzdlu işçi kimi qeydiyyatdadır. Aqrar sektorda çalışanların cəmi 2,5 faizi, tikinti, ticarət, ictimai iaşə və nəqliyyat sektorunda məşğul olanların isə 35-40 faizi əmək müqaviləsi ilə çalışır».

BAKI VƏ MOSKVA TARİXİ ANLAŞMA ƏRƏFƏSİNDƏ

«Yeni Müsavat» yazır ki, Azərbaycanın bir nömrəli məsələsi olan Dağlıq Qarabağ probleminə yanaşmada Rusiya tərəfdə son vaxtlar açıq-aşkar diqqət çəkən fəallaşma, siyasi canfəşanlıq müşahidə edilməkdədir. Xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin ardınca prezident Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevə telefon açaraq ilk növbədə Qarabağ konfliktinin həlli vacibliyindən danışması, eyni gündə Lavrovun İrəvandan bu mövzuda Bakının könlünü xoş edəcək Qarabağ bəyanatları verməsi diqqət çəkməyə bilməz. Azərbaycana rus emissarlarının çoxalan səfərləri (bu ziyarətlər hələ bitməyib, bir neçə gün sonra Rusiya baş nazirinin müavini, qatı qərbçi Dmitri Roqozin Bakıya gələcək) eyni zamanda təhdid xarakteri daşıyır. Sergey Lavrovun Bakıda «Azərbaycanın Avrasiya Birliyində təmsilçiliyindən məmnun olardıq» sözləri diplomatik dildən tərcümədə əslində elə «Azərbaycan Avrasiya Birliyində olmalıdır» mənasını verir.

BAKIDA MARAQLI RAYON SALINACAQ

«Məxsusi Bakı»nın Baş planı üzrə əsas prinsipial təkliflərdən biri də paytaxtın mərkəzi hissəsində Mərkəzi Biznes rayonunun yaradılmasıdır. ANS-in məlumatına görə, bu fikri «Böyük Bakının Regional İnkişaf Planı» (sxemi) layihəsinin koordinatoru olan Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib. O, bildirib ki, Sabunçu və Binəqədi rayonlarının ərazisində 2 alternativ alt-mərkəzlərin təşkili, Böyük Şor gölü ilə Xəzər dənizi arasında ekoloji dəhlizin – yaşıl zolağın yaradılması da bu təkliflər sırasındadır.

XS
SM
MD
LG