Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:01

Fəzail Ağamalı: «Nəvələrimi dövlət məktəblərinə qoymayacağam»


 Fəzail Ağamalı
Fəzail Ağamalı

-

«Mən birmənalı olaraq nəvələrimi dövlət məktəblərinə qoymayacağam».

Bunu fəaliyyəti dayandırılan «Çağ Öyrətim» mərkəzi ilə bağlı jurnalistlərin suallarına cavab verən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib:

««Çağ Öyrətim»də mənim 4 nəvəm oxuyurdu. Etiraf olunmalıdır ki, «Çağ Öyrətim» mərkəzində təlim-tərbiyə daha yüksək idi. Bu gün ölkənin təhsil naziri Mikayıl Cabbarov bu sahədə islahatlar keçirir. Ümidvaram onun apardığı islahatlar yaxın gələcəkdə özünün bəhrəsini verəcək. Amma çox təəssüflər olsun ki, bu gün orta məktəb sistemində təlim-tərbiyə və təhsildə ciddi problemlər var. Mən dəfələrlə demişəm ki, bunun da ən əsas səbəbi repetitorluqdur. Bu, bütün Azərbaycanın orta təhsil sistemini məhv edib. Bizim uşaqlar «Çağ Öyrətim»ə gedəndə repetitor yanına getmirdi. Onlar saat 4-ə qədər məktəbdə alıb dərslərini hazırlaşırdılar. Gəlin görək bu digər məktəblərdə varmı? Bakıda bir-iki orta məktəb yüksəksəviyyəli təhsil və tərbiyə verə bilir. Ancaq onların da imkanları məhduddur. Mən Bakıdakı iki özəl təhsil müəssisəsi arasında seçim edəcəyəm. Amma birmənalı olaraq dövlət məktəblərinə qoymayacağam...».

- «Çağ Öyrətim» məktəblərində təhsil aldıqları zaman nəvələrinizin hansısa bir təsir altına düşdüyünü hiss etməmişdiniz ki?

- Ən böyük nəvəm bu il 9-cu sinfə, balacası isə 6-cı sinfə keçib, onların kiminsə, nəyinsə təsiri altına düşdüyünü hiss etməmişəm.

- Bəs nəvələriniz evdə «nurçuluq»dan , Fethullah Gülen-dən danışırdılarmı?

- Evdə heç vaxt belə söhbətlər olmayıb. Onlar daha çox Azərbaycan dövlətçiliyinə bağlılıqdan, vətənpərvərlik, bayrağa, himnə, gerbə və prezidentə sevgidən danışırdılar.

- Mediada gedən məlumatlarda deyilir ki, sözügedən məktəblərin bağlanması Türkiyə baş nazirinin Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevə verdiyi siyahı ilə bağlıdır...

- Mən bilmirəm bu, Erdoğan-la bağlıdır, ya Fethullah Gülen-lə. Bunun haqqında dəqiq məlumatım yoxdur. Görünür ki, hansısa bir problem olub ki, bu məktəblərin bağlanması qərarına gəlinib.

- Bəlkə məktəblərin bağlanmasından prezident xəbərsizdir?

- Prezidentimizin ölkədə baş verən hər şeydən xəbəri var. Lakin bir daha deyim ki, görünür, belə bir addımı atmaq zəruri olub. Bu baxımdan düşünürəm ki, məsələ ətrafında ajiotaj yaratmaq lazım deyil.

İyunun 18-də Dövlət Neft Şirkəti Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) ümumtəhsil müəssisələri və «Araz» kurslarının fəaliyyətinin dayandırılması haqqında məlumat yayıb. Dövlət Neft Şirkəti bu təhsil müəssisələrinin bağlanmasını əlavə xərclərin qarşısının alınması ilə izah edir.

Sosial şəbəkələrdə gedən məlumatlarda adıçəkilən təhsil müəssisələrinin «nurçuluq»la bağlı olduğu bildirilir və həmin müəssisələrin bu səbəbdən bağlandığı iddia olunur.

«Çağ Öyrətim» 22 il əvvəl Azərbaycanda fəaliyyətə başlamışdı.

2014-cü ilin martında SOCAR-ın ofisində «Çağ Öyrətim» ilə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi arasında birgə fəaliyyətlə bağlı protokol imzalanmışdı.

XS
SM
MD
LG