Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:52

İlham Əliyev: «Aydın görünür ki, beynəlxalq aləm addımlarımızı təqdir edir»


İlham Əliyev
İlham Əliyev

-

Avropanın «Neurope.eu» informasiya portalında Azərbaycan prezidenti İlham Əliyevlə müsahibə dərc olunub. AzərTAc agentliyinin yaydığı müsahibəni qısa ixtisarla təqdim edirik.

NE: Siz ötən ilin oktyabrında keçirilən prezident seçkilərində növbəti dəfə qalib gəldiniz. Bunun başlıca səbəbini necə izah edərdiniz?


İlham ƏLİYEV: 2013-cü ildə keçirilən prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmuşdur. Bu seçkilər vətəndaşların son 10 ildə ölkəmizdə həyata keçirilən siyasi kursa münasibətini göstərdi. Son 10 ildə biz Heydər Əliyevin əsasını qoyduğu yolla irəliləmişik və ölkəmiz, cəmiyyətimiz qarşısında qoyduğumuz məqsədlərin reallaşmasına nail olmuşuq.

BU CÜR SÜRƏTLİ İNKİŞAF VƏTƏNDAŞLARIMIZIN RİFAHININ YÜKSƏLMƏSİNƏ SƏBƏB OLUB

- Yəni 10 il öncə qarşıya qoyduğunuz vəzifələr artıq reallığa çevrilib?

- Tamamilə doğrudur. İqtisadi inkişaf templəri baxımından Azərbaycan dünya liderinə çevrilmişdir. Bu isə ölkəmizi daha da gücləndirmişdir. Düşünülmüş proqramlara əsaslanan məqsədyönlü fəaliyyət nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artmış, həmçinin strateji valyuta ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını keçmişdir. Milli iqtisadiyyata 170 milyard ABŞ dollarından artıq sərmayə yatırılmışdır.

- Bütün bunlar əhalinin yaşayış səviyyəsinə təsir edibmi?

- Əlbəttə, bu cür sürətli inkişaf vətəndaşlarımızın rifahının yüksəlməsinə səbəb olmuşdur. Son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı isə 5,5 dəfə artmışdır.

- Bu, həqiqətən yaxşı göstəricidir.

- Həmçinin yoxsulluğun 49 faizdən 5,3 faizə, işsizliyin isə 5 faizə düşməsi də mühüm nailiyyətlər sırasına daxildir. Son 10 ildə ölkəmizin şəhərləri, qəsəbələri və kəndlərində tikinti-quruculuq işləri görülmüş, bütün şəhərlərdə müasir standartların və qabaqcıl texnologiyaların tətbiqinə başlanmışdır.

AZƏRBAYCAN YAXŞI İMİC VƏ HÖRMƏT QAZANIB

- Bu nailiyyətlər yalnız Azərbaycanda hiss olunur, yoxsa beynəlxalq aləmdə də tanınır?

- Azərbaycanın uğurları beynəlxalq təşkilatlar və nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə Qlobal Rəqabətlilik Hesabatına əsasən Azərbaycan dünya ölkələri arasında 39-cu sıradadır.

- Bəs ölkənizin regionda və dünyada statusu barədə nə deyə bilərsiniz?

- Bu illər ərzində ölkəmizin dünyadakı mövqeyi güclənmişdir. Azərbaycan beynəlxalq münasibətlər sistemində yaxşı imic və hörmət qazanmışdır. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halı almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir.

PREZİDENT SEÇKİLƏRİNDƏ QAZANILAN QƏLƏBƏNİN ƏSAS SƏBƏBİ...


- Deməli, dünyada gedən arzuolunmaz proseslər Azərbaycana toxunmamışdır...

- Xeyr. Bütün dünyada gərginliyin, işsizliyin və yoxsulluğun artdığı bir dövrdə Azərbaycanda tamamilə fərqli proseslər – sürətli inkişaf, tərəqqi, əhalinin rifahının, ictimai və siyasi sabitliyin, milli birliyin və s. yüksəlməsi müşahidə edilmişdir. Düşünürəm ki, bütün bunlar 2013-cü ildə keçirilən seçkilərdə qazanılan qələbənin də əsas səbəbləri olmuşdur.

- Bu seçkilər beynəlxalq birlik tərəfindən necə qəbul edildi?

- AŞPA, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər nüfuzlu təşkilatlar birmənalı olaraq seçkilər barədə yüksək fikirlər bildirmiş və seçkilərin azad, ədalətli və şəffaf keçirildiyini vurğulamışlar. Bütün bunlar seçkilərlə bağlı xalqımızın və beynəlxalq ictimaiyyətin fikirlərinin üst-üstə düşdüyünü göstərir. Azərbaycan xalqı verdiyi səslə bu günədək həyatda müşahidə etdiyi siyasətə öz dəstəyini nümayiş etdirmiş və bu siyasətin davamlı olması üçün bizə mandat vermişdir.

- Gələcək barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Bizim gələcəklə bağlı planlarımız böyükdür. Gündəliyimizdə bir sıra vacib məsələlər vardır. Azərbaycanın potensialının inkişaf etdirilməsi, iqtisadiyyatımızın rəqabətliliyinin artırılması, müasir cəmiyyət quruculuğu, əhalinin rifahının yaxşılaşdırılması, xarici siyasətin prioritetlərinə uyğun olaraq beynəlxalq mövqeyimizin möhkəmləndirilməsi, korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin daha da gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı ardıcıl şəkildə davam etdiriləcəkdir.

«SƏNAYE İLİ»NDƏN GÖZLƏNTİLƏR

- Siz 2014-cü ili «Sənaye ili» elan etmisiniz. Bundan məqsəd nədir və hansı işlərin görülməsi nəzərdə tutulmuşdur?

- ...Son 10 ildə neft və qaz sahəsində əldə edilən gəlirlərin müəyyən qismi xüsusi proqramlar çərçivəsində milli iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı sənayenin formalaşdırılmasına yönəldilmişdir. Nəticədə, qeyri-neft sektorunda hər il 10 faiz artım qeydə alınır. Bundan əlavə, sahibkarlığın inkişafına göstərilən hərtərəfli dəstək, iri sərmayə proqramlarının həyata keçirilməsi, sosial-iqtisadi infrastrukturun yenidən qurulması və qabaqcıl texnologiyalara əsaslanan rəqabətədavamlı müəssisələrin yaradılması sənaye istehsalı həcminin 2,7 dəfə artmasına səbəb olmuşdur.

Hazırda əsas məqsədlərimizdən biri Azərbaycanı güclü sənaye ölkəsinə çevirmək üçün mümkün imkanlardan istifadə etməkdir. Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi resursları istehsal dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk. Buna görə də 2014-cü il «Sənaye ili» elan olunmuş, cari ildə həyata keçiriləcək tədbirlərin ümumi planı hazırlanmış və təsdiq edilmişdir. Eyni zamanda, «Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı»nın hazırlanması nəzərdə tutulur. İnanırıq ki, topladığımız təcrübə və Azərbaycanın iqtisadi potensialı bizə məqsədlərimizə çatmaq imkanı verəcəkdir.

- Regionların sosial iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram 2014-2018-ci illəri əhatə edir. İlk iki proqramın həyata keçirilməsini necə qiymətləndirirsiniz və üçüncü proqramdan nə gözlənilir?

- 2004-cü ildə ilk regional inkişaf proqramını qəbul edərkən məqsədimiz bölgələrin hərtərəfli inkişafını təmin etmək və paytaxtla ölkənin qalan hissəsi arasındakı uyğunsuzluğu aradan qaldırmaq olmuşdur. Hətta 2003-cü ildə keçirilən seçkilərdən öncə demişdim ki, əgər xalq mənə etimad göstərsə, ilk növbədə regionların inkişafı məsələsi ilə məşğul olacağıq və bu məqsədlə xüsusi dövlət proqramı qəbul ediləcək. Bu, baş verdi. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı, bu proqramlara əlavə olaraq 250 sənədin imzalanması və həyata keçirilməsi regionların inkişafında dönüş nöqtəsi olmuş və bölgələrimizin sosial-iqtisadi mənzərəsini dəyişmişdir. Nəticədə regionlardakı ictimai xidmətlərin keyfiyyəti və sosial infrastruktur əsaslı dərəcədə təkmilləşmiş, biznes mühiti daha əlverişli olmuş, sərmayələr artmış, minlərlə yeni müəssisə istifadəyə verilmiş və 900 mini daimi olmaqla, 1,2 milyondan artıq yeni iş yeri yaradılmışdır. Son 10 ildə regionlarda məhsul buraxılışı 3,2 dəfə, sənaye istehsalı isə 3,1 dəfə artmışdır. Azərbaycanın bütün regionları və qəsəbələri abadlaşmış və müasirləşmişdir. İnamla qeyd edə bilərəm ki, həyata keçirilmiş proqramlar ölkəmizin regionlarının, ümumilikdə Azərbaycanın iqtisadi potensialının inkişafına böyük töhfə vermişdir.

- Qarşınıza qoyduğunuz strateji məqsəd nədir?

- Gündəliyimizdəki strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan sonra da gücləndirmək və ölkəmizi dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir. İnanıram ki, «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı»nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaqdır.

AYDIN GÖRÜNÜR Kİ, BEYNƏLXALQ ALƏM DÖVLƏTİMİZİN MÖVQEYİNİ DƏSTƏKLƏYİR, ADDIMLARIMIZI TƏQDİR EDİR

- Yeni enerji layihələrinin region və dünya üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Hazırda Azərbaycan bir sıra yeni transmilli və regional layihələr irəli sürmüşdür. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də region və dünya üçün böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması üzrə «Şahdəniz-2» beynəlxalq yekun investisiya qərarı imzalanmışdır. Hesab edirəm ki, TAP və TANAP layihələri ilə yanaşı, «Şahdəniz-2» dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə «XXl əsrin kontraktı» kimi düşəcəkdir.

- Ölkənin həm iqtisadi, həm də sosial inkişafı, eyni zamanda, həm də güclü beynəlxalq status deməkdir. Xarici siyasətinizin uğurları barədə nə deyə bilərsiniz?

- Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərlə və beynəlxalq əlaqələr sistemi ilə bağlı öz mövqeyi olan və böyük beynəlxalq nüfuza malik bir ölkə hesab edilir. 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi tarixi nailiyyət və xarici siyasətimizin böyük uğuru, həmçinin dünyadakı nüfuzumuzun göstəricisi olmuşdur. Aydın görünür ki, beynəlxalq aləm dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda ləyaqətlə çıxış edir və öz maraqlarını hər şeydən üstün tutur. BMT Təhlükəsizlik Şurasına ikiillik üzvlüyümüz, həmçinin təşkilata sədrlik dövründə Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərpasına və ölkələr və sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini vermişdir.

- Beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə münasibətlər hansı vəziyyətdədir?

- Bizim dünyanın aparıcı beynəlxalq təşkilatları və ayrı-ayrı ölkələrlə münasibətlərimiz də inkişaf etmişdir. Azərbaycan ATƏT, Avropa Şurası, İƏT və digər nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli münasibətlərini davam etdirmişdir. Ötən il biz viza qaydalarının sadələşdirilməsi ilə bağlı Aİ ilə mühüm bir müqavilə imzaladıq. Bu, Aİ ilə əlaqələrin göstəricisidir. Əminəm ki, əməkdaşlığımızı inkişaf etdirmək üçün Aİ ilə strateji tərəfdaşlıq formatının yaradılmasına nail olacağıq.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişdən danışmaq olarmı?

- Təəssüflə qeyd edim ki, xarici siyasətimizin mərkəzində dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş əldə edilməmişdir. Ermənistan tərəfi danışıqlar prosesini gecikdirmək üçün müxtəlif bəhanələrdən istifadə edir və status-kvonu saxlamağa çalışır. Ötən ilin sonlarında danışıqlarda müşahidə edilən canlanma bizə 2014-cü ildə irəliləyiş olacağı ilə bağlı müəyyən ümidlər verdi. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcəkdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Münaqişə həll olunmadıqca, Ermənistan dövləti bütün transmilli və regional layihələrdən kənarda qalacaq, erməni xalqının acınacaqlı vəziyyəti daha da pisləşəcək və ölkənin bütün imkanları tamamilə tükənəcəkdir.

- Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Hazırlıq prosesi necə gedir?

- 2014-cü il Birinci Avropa Oyunlarına hazırlıq baxımından çox əhəmiyyətli ildir. Bildiyiniz kimi, bu cür genişmiqyaslı yarışlara hazırlıq prosesi 7-8 il vaxt tələb edir. Avropa Oyunlarını keçirmək üçün bizim yalnız iki il yarım vaxtımız var idi. Əminəm ki, yarışlarla əlaqədar bütün məqsədlərə nail olacağıq. Təşkilat Komitəsi yaradılmışdır və olduqca məhsuldar fəaliyyət göstərir. Oyunların keçiriləcəyi məkanların tikintisi bu ilin sonunadək tamamlanacaqdır. Amma hazırlıq prosesi müxtəlif binaların tikintisi ilə məhdudlaşmır. Təhlükəsizlik, nəqliyyat, Olimpiya Kəndinin yaradılması, qonaqların və idmançıların yerləşdirilməsi, məşqlərin keçirilməsi və s. məsələlər böyük diqqət və səy tələb edir. Azərbaycanın mövcud potensialını, müasir idman infrastrukturunun mövcudluğunu və beynəlxalq tədbirlərin keçirilməsi sahəsində təcrübəsini nəzərə alsaq, əminəm ki, Birinci Avropa Oyunlarını gözləniləndən də yüksək səviyyədə təşkil edəcəyik. Faktiki olaraq, Birinci Avropa Oyunları ilə bağlı Azərbaycanda yaradılmış standartlar gələcək Avropa Oyunları üçün əsas təşkil edəcəkdir.

XS
SM
MD
LG