Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:16

Çaldıran döyüşünü şişirtməyə dəyməz


Əkbər N. Nəcəf
Əkbər N. Nəcəf

-

Çaldıran savaşı köçəri mədəniyyətlə oturaq mədəniyyətin sonuncu qarşıdurması və köçəri dünyasının süqutu idi.

Azadlıq Radiosunun “Oxu zalı”nda Çaldıran döyüşünün 500 illiyi ilə bağlı keçirilən debat davam edir.

Əkbər N. Nəcəf

ÇALDIRAN: BİR SAVAŞIN ANATOMİYASI

Orta əsrlərdə meydana gəlmiş yüz minlərlə insanın tələf olduğu müharibələrlə müqayisədə Çaldıran döyüşü kiçik hesab edilə bilər. Sonrakı dövrə aid mənbələrin şişirdilmiş rəqəmlərinə baxmayaraq, Çaldıranda məğlub olan Səfəvilər 2 min əsgər, qalib Osmanlı ordusu isə 5 min əsgər itirmişdi.

İddia edildiyi kimi, Çaldıran, İslam dünyasını şiə və sünni şəklində parçaladığı mənasına da gəlmir. Əgər belə olsaydı, bu parçalanma və ixtilaf şiə və sünni inancını mənimsəyən xalqlar arasında da cərəyan edərdi. Halbuki, sonrakı dövr Osmanlı mənbələri şiə məzhəbindən olanların Anadoluda sünnilərlə rahatlıqla evləndiyini qeyd edirlər.

Digər tərəfdən, Qızılbaş-Osmanlı qarşıdurması Türk dünyasının bölünməsi mənasına da gəlmir. Çaldıran savaşı kökləri qədimlərə uzanan köçəri mədəniyət ilə oturaq mədəniyyətin sonuncu dəfə üz-üzə gəlməsi və köçəri dünyasının süqutu idi. Yaratdığı təsir də buradan irəli gəlir. Çaldıran bir dünyanın qanlı sonluğunun nostalgiyasına çevrilərək əsrlərlə Anadolu qızılbaş-ələvi türklərinin yaddaşında yaşadı. Buna görə də Çaldıran haqqında yaradılan bütün məzhəbi, dini və ideoloji açıqlamaların hökmü yoxdur.

Çaldıran döyüşü. İranın İsfahan şəhərindəki Çehel Sütun sarayından rəsm.
Çaldıran döyüşü. İranın İsfahan şəhərindəki Çehel Sütun sarayından rəsm.

Orta əsrlərin ən böyük imperiyası hesab edilən Qəznəvilər dövlətinin (962-1187) 200 minlik təkmil və nizami ordusu indiki Türkmənistan çöllərində yer alan Dandanakənddə 1040-cı ildə 30 min köçəri oğuz süvarisi qarşısında darmadağın edildi. 1053-cü ildə isə dünyanın ən böyük imperiyası adlandırılan Böyük Səlcuqlu dövləti (1040-1157) bu dəfə öz soydaşları olan Bəlx oğuzları tərəfindən məhv edildi. Hətta Böyük Səlcuqlu sultanı Səncər oğuzlar tərəfindən həbs edilərək bir müddət qəfəsdə yaşadı. 1219-cu ildə Xarəzmşahlar dövləti Çingiz xan başçılığındakı köçəri monqol-türk ordusu qarşısında yox olub getdi.

Köçərilik və oturaqlıq orta əsrlərin köklü ideologiyalara çevrilmiş ən böyük ictimai-siyasi quruluşlarıdır. Dünya tarixinə Avropa tarix anlayışının nəzərindən baxan tarixçilər yenə avropalılar tərəfindən yazılan tarixlərin təsirindən orta əsrlərin bu iki köklü ideologiyasını anlaya bilməyiblər.

Turan və İran: köçəri və oturaq sivilizasiyaların ideologiyaları

Köçərilərin ideologiyasına görə, dünyanın mərkəzi bozqırdır. Çingiz xana görə, “dizləri üstündə çalışan insanlar bəşəriyyətin alt səviyyəsində yer alırlar”. Məşhur Türk kitabələrində Tonyukuk, türk xaqanına verdiyi nəsihətində “çinlilər kimi oturaq həyatı qəbul etməməsini və onlar kimi yaşamamasını” tövsiyyə edir.

Orta əsrlərdə əhalisi oturaq olan ərazilər “İran”, əhalisinin böyük hissəsini köçərilərin təşkil etdiyi ərazilər isə Turan adlanırdı. Turan-İran adları etnik və siyasi ad olmaqdan çox sosial-iqtisadi və dini məfhum ifadə edirdi. Belə olmasaydı, bir çox ölkəylə birlikdə İran torpaqlarına da sahib olan Şah İsmayıl özünü “Turan və Türküstanın hökmdarı” elan edərkən, İranla heç bir əlaqəsi olmayan Osmanlı sultanı Yavuz Sultan Səlim fəxrlə özünü “İran hökmdarı” adlandırmazdı. Və ya Türkiyə Səlcuqlu hökmdarları heç bir dini, siyasi, soy bağları olmadıqları halda özlərini əfsanəvi Sasani hökmdarlarının davamçısı hesab etməz və onların daşıdıqları titulları qəbul etməzdi.

Turan və İran adları köçəri dünya ilə oturaq dünya ərafında yaranan mifik, dini, siyasi, sosial, iqtisadi və mədəni ideologiyanın adına çevrilmişdi. Oturaq həyat tərzi köçərilərin nəzərində dözülməz həyat tərzi hesab edilirdi. Oturaqlar isə köçəriləri kobud, vəhşi, ağılsız adlandırırdılar. Orta əsrlərdə heç bir etnik fərq qoyulmadan köçərilərə ümumilikdə “türk” adı veriliridi. Şübhəsiz, bu adı alanların böyük hissəsini elə türklər təşkil etsə də, aralarında başqa xalqlara mənsub tayfalar da vardı. Oturaq əhalinin nəzərində bütün köçərilər eyni idi. Buna görə də monqollara, hətta bəzən əfqanlara da “türk” deyirdilər. Öz növbəsində, köçərilər də bütün oturaqları vahid kimlikli xalq hesab edirdilər. Onlar hətta arasında türklər olsalar belə, bütün oturaq xalqlara “iranlı”, “tat”, “tacik” və “yatuq” deyirdilər. Köçərilərə görə, oturaq xalqlar tənbəl, döyüş qabiliyyətini itirmiş insanlardan meydana gəlir.

Sultan Səlim
Sultan Səlim

Bizans torpaqlarını ələ keçirən Yağı-Basan adlı türk komandan apardığı fəth siyasətinin səbəbini “yunanlı kişilərin qadınlaşması” ilə izah etmişdi. Yəni Bizans xalqı öz kimliyini itiriməkdə ittiham edilirdi.

Eyni anlayış türklər ilə çinlilər, türklər ilə hindlilər və türklər ilə avropalı xalqlar arasında da mövcud idi. Ancaq münasibətlər daha çox İran coğrafiyasında meydana gəldiyindən, bu ideologiya “Turan-İran ziddiyəti” olaraq tarixə keçmişdir.

Bu ideologiyalar mütləq şəkildə sosial dəyərlərə sahib olaraq köçəri və oturaq həyat anlayışlarına əsalanırdı. Tərəflər arasında insan anlayışı və insan dəyərləri də dəyişirdi. Köçərilər üçün igidlik, qəhrəmanlıq, yalan danışmamaq şəxsiyyətin ölçüsü hesab edilirdi. Oturaq əhali üçün isə əldə edilən nəticə əsasdı. Misal üçün, bir döyüşün hiylə yoluyla da olsa qazanılması əsasdı. Bu baxış həyatın bütün sahələrini əhatə edirdi. Köçərilər arasında nizam-intizam yazısız, hamının asan öyrəndiyi törə (qanun) sayəsində saxlanılarkən, oturaq əhali arasında bu, geniş mexanizmi ifadə edən hüquq sistemi (şəriət) halını almışdı.

Köçəri dünya ilə oturaq dünya düşmən deyildi. Əksinə, köçərilər oturaq dünyanı ələ keçirən kimi onu mühafizə edirdilər. Çünki ondan maddi cəhətdən faydalanırdılar. Misal üçün, Attila həm Bizansı, həm də Roma imperiyalarını ələ keçirmək imkanına sahib olduğu halda, bunu etməmiş, əksinə, onları özünün vassallarına çevirərək xərac verməyə məcbur etmişdi. Çünki bu yolla əldə etdiyi gəlir iki imperiyanın istilasından əldə ediləcək gəlirdən qat-qat çox idi.

Oturaqlarla müqayisədə köçərilər daha hümanist idilər. Məsələn, Roma əsgərləri ələ keçirdikləri düşmən ölkələrin insanlarına təcavüz edib qula çevirərkən, köçərilər üçün əsas məsələ qarşı tərəfin ordusunu məğlub edib xalqına öz hakimiyyətini qəbul etdirmək idi. Zalımlığı ilə məşhur Çingiz xan belə, onun hakimiyyətini qəbul edən Şərqi Türküstan müsəlmanlarına öz ibadətlərini rahatlıqla həyata keçirmələrinə imkan vermiş, hətta burada yaşayan müsəlmanları xristian olmağa məcbur edən Nayman hakimi Gürhanı öldürmüşdü.

Köçərilərin nəzərində insanlar arasındakı din, millət, inanclarına görə ayrım əhəmiyyətsiz idi. Buna görə də öz ölkələrində dini, məzhəbi, etnik zülmə məruz qalan xristianlar, yəhudilər, nəsturilər, manixeistlər, buddistlər və müsəlman fəqihlər köçərilərin ölkəsinə köç edib onlar arasında asanlıqla öz inanclarını yaymışlar. Bunun nəticəsində xristian dünyası ilə heç bir bağı olmayan nayman, kerayit, hətta uyğurlar belə, nəsturi, mani və buddist dinini qəbul ediblər. Tarixi mənbələrdə türklərin digər xalqların əksinə, öz istəkləri ilə İslam dinini qəbul etdikləri qeyd edlir.

İki mədəniyyət arasında son hesablaşma: Çaldıran

Tanınmış rus tarixçisi Vasili Vladimiroviç Bartoldun “Xəlifə və Sultan” adlı əsərində yer alan maraqlı faktlar diqqət çəkir. Bu faktların birində Misir Məmlüklü hökmdarı Qansu Qavri, ölkəsinə hücum edən Osmanlı hökmdarı Yavuz Sultan Səlimi odlu silahlardan (toplardan) istifadə etdiyinə görə “kafir” adlandırır. Misirin türk hökmdarı Qansu, Səlimə göndərdiyi məktubunda belə deyirdi: “Biz peyğəmbərin sünnətindən vaz keçmərik və sənin kimi xrisitan sünnətini qəbul etmərik”. Qansu Qavrinin “sünnət” olaraq dəyərləndirdiyi məsələ qılıncın yerinə odlu silahdan istifadə etmək idi.

Şah Ismayılla özbək hökmdarı Məhəmməd Şeybani xan arasında döyüş.
Şah Ismayılla özbək hökmdarı Məhəmməd Şeybani xan arasında döyüş.

Bu, köhnələn köçəri dünya ilə texnoloji cəhətdən inkişaf edən oturaq dünya arasındakı fərqin ifadəsidir. Eyni anlayış qızılbaşlar üçün də keçərli idi. Belə ki, Şah İsmayıla oxşadığı üçün Sultan Əli Mirzə Əfşarı Çaldıranda Səfəvi hökmdarı olaraq əsir aldığını zənn edən Yavuz Sultan Səlim ona belə demişdi:

“Məgər sən bilmirdin ki, mən 200 min əsgər, top və yeniçərilərlə sənin üstünə gəlmişəm? Sən nəyə görə bu qədər miskin qüvvətlə mənimlə döyüşə girib adamlarının ölümünə səbəb oldun, özün də əsir düşdün”.

Osmanlı sultanının bu sualına özünü Şah İsmayıl kimi tanıtdıran Sultan Əli Mirzə Əfşar belə cavab vermişdi:

“Mən bilirdim ki, sənin böyük ordun var, amma sənin toplardan meydana gələn sipərlərin arxasında gizlənib bu və o biri dünyada özünü rüsvay edəcəyini bilmirdim”.

Şah Abbas. Naməlum italyan rəssamının çəkdiyi portret.
Şah Abbas. Naməlum italyan rəssamının çəkdiyi portret.

​1514-cü ildə Çaldıranda üz-üzə gələnlər köhnə dünya ilə yeni dünyanın orduları hesab edilirdi. Şah İsmayıl Xorasanda özündən qat-qat çox olan Şeybaniləri asanlıqla məğlub etmişdi. 7 minlik qızılbaş əsgəri 30 minlik Ağqoyunlu Əlvənd Mirzənin, daha sonra isə Murad Mirzənin ordularını darmadağın etməyə nail olmuşdu. Çünki bu döyüşlərin taleyini fərdi qabiliyyət, ustalıq, igidlik və liderə inam təyin edirdi. Osmanlılarla qızılbaşların vuruşmasında isə tərəflər arasında böyük düşüncə, strategiya və anlayış fərqi var idi. Qızılbaş Səfəvilər hər cəhətdən köçəri türk həyat anlayışına sahib ikən, osmanlılar yeni texnoloji imkanlardan istifadə edib universal imperiya dünyagörüşünə sahib yeni dünyanı təmsil edirdi.

Osmanlılar da Səfəvilər kimi bektaşi-ələvi inanclarına bağlı köçəri dövlət kimi ortaya çıxmışdı. Amma Bizans və digər qərb ölkələri ilə münasibətlər prosesində oturaq, güclü və mərkəzi bürokratiya sistemini mənimsəmiş, daimi ordu (yeniçəri) yaratmış, ortaya çıxan texnoloji imkanlardan maksimum istifadə edən Osmanlı vahid və monolit ideoloji konsepsiya qəbul etmişdi. Özünü dünyanın “super-gücü” hesab edən Osmanlılar üçün məğlub edib öz hakimiyyətləri altına aldıqları Anadolu bəylikləri kimi Səfəvilər də geriqalmış və süqut etməyə başlayan köçəri mədəniyyətin son nümayəndələri hesab edilirdi.

Çaldıranı köçəri ənənələrə sadiq qalan Anadoludakı qızılbaş-ələvi xalqlar unutmadılar. Halbuki, qısa müddətdən sonra Səfəvilər və Osmanlılar bu döyüşü unutdular, hətta ondan sonra dəfələrlə üz-üzə gəldilər. Köçəri dövlət anlayışından əl çəkib, oturaq həyatı mənimsəyən, Osmanlılardakı kimi “devşirmə” sistemini qəbul edib, odlu silahlarla silahlanmış daimi ordu yaradan I Şah Abbas 1607-ci ildə Savə döyüşündə Osmanlıları Çaldırandan dəfələrlə ağır məğlubiyyətə uğratdı. Çünki Çaldırandan fərqli olaraq, Savədə eyni sistemi paylaşan güclər üz-üzə gəlmişdi.

XS
SM
MD
LG