Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:35

«Saqqalımın qırxılmasının Bakıda araşdırılmasını istəyirəm»


Sabirabad bazarında saqqal qırxma
Sabirabad bazarında saqqal qırxma

-

Sabirabadda saqqalı zorla qırxılan Kürdəmir sakini Cavanşir Zərbəliyev AzadlıqRadiosuna müsahibə verib.

– Hadisə necə baş verdi?

– Mən iyunun 3-də Kürdəmir bazarına getdim. Oradan aldıqlarımı gətirib Sabirabadda satdım. Alver yaxşı getdi. Ertəsi gün – iyulun 4-də yenə Sabirabada qayıtdım. Elə bazara çatmışdım ki, arxadan bir nəfər qolumdan dartaraq «tutdum!» – deyə başladı məni vurmağa. Bazardakı qadınlar, uşaqlar da mənə nar, kartof, əllərinə keçəni atır, təhqiramiz sözlər işlədirdilər. Sonra «çək!» əmri verib saqqalımı qırxmağa başladı. Çox etiraz etmədim ki, gözləri sanki dönmüş bu adamlar üzümü kəsə bilərdilər. 15 yaşlı oğlum da yanımda idi. Sonradan mənə dedilər ki, bunu aparaq Zülfüqarın (Zülfüqar qılıncı nəzərdə tutulur – N.F) yanına. Maşında nəsə fikirlərini dəyişdilər və məni qazinin yanına aparmağı qərara aldılar. Qazi – Sabirabadın mollası vəziyyətimi görüb, onlardan məni niyə bura gətirdiklərini soruşdu və dərhal polisə aparmağı tövsiyə etdi. Məni Sabirabad polis şöbəsinə gətirəndə, şöbənin əməkdaşları da mənimlə kobud davranıb, nalayiq ifadələr işlətdilər. Zorakılığa məruz qalan mən ola-ola, onları buraxıb, məni səhərəcən şöbədə saxladılar.

– Bu hadisənin bu qədər böyüyəcəyini gözləyirdiniz?

– Niyə də böyüməsin? Bu təkcə mənə yox, bütün müsəlmanlara təhqirdir. Dünyanın müxtəlif ölkələrindən müsəlmanlar mənə zəng vurub, dəstəklərini bildirirlər.

– Əlaqə telefonlarınızı tapmaq çətin olmur onlara?

– Yox, müsəlmanların bir-biri ilə əlaqələri var və hər zaman bir-birinə dəstək olurlar.

– Əsasən, hansı ölkələrdən gəlir dəstək zəngləri?

– Hansı ölkələrdən zənglər gəldiyini deyə bilmərəm. Amma dünyanın bütün ölkələri bir-birinə dəstək olur.

– Sizin saqqalınızı qırxanlardan biri – Rəmzi Zeynalov 2 aylıq həbs olunub. Bu vəziyyəti dəyişir?

– Mən həbs olunduğunu bilmirəm. Amma eşitdiyimə görə, onunla birgə bir neçə nəfər də saxlanıb. Onu da eşitmişəm ki, Rəmzi Zeynalov hər axşam azadlığa çıxır.

– İstəyiniz nədir?

– İstəyirəm ki, bu hadisə ədalətli araşdırılsın və günahkarlar cəzasını alsın. Sabirabad polisinin bu işi ədalətli araşdıracağına inanmıram. Ona görə də hadisənin Bakıda araşdırılmasını istəyirəm.

– Söhbətin əvvəlində dediniz ki, sizi vuranlardan başqa qadın və uşaqlar da sizə kartof, nar ataraq, nalayiq sözlər işlədiblər. Sizcə, bu hadisə əvvəlcədən təşkil oluna bilərdi?

- Mən iyunun 3-də də bazara getmişdim. Ola bilər, onlar bundan xəbərdar olub, ertəsi gün gələcəyimi ehtimal ediblərmiş. Amma şöbədə məni səhv saldıqlarını, ona görə vurduqlarını bildirdilər. Dedilər ki, məndən öncə bir saqqalı gəlibmiş rayona. Ona bir də buraya qayıtmamağı xəbərdar ediblər və guya məni onunla səhv salıblar. Onlar bizə nifrət edirlər. Azərbaycan müstəqil, demokratik ölkədir. Onlar bu ölkədə bizim sərbəst gəzməyimizdən xoşlanmırlar.

– Onlar deyəndə kimi nəzərdə tutursunuz?

– Onlar bu ölkədə çevriliş etmək istəyən və bu ölkədə, bu cəmiyyətdə bizim sərbəst gəzməyimizdən xoşlanmayanlardır. Ona görə də ölkədə çevriliş edib, bu qurumu dağıtmaq istəyirlər. Kin-nifrət onların gözünü tutub. Özlərini imam övladı adlandırırlar...

– Kimdir onlar?

- Onlar İranın əmrini icra edənlərdir.

– Bu hadisənin daha da böyüməməsi üçün gözləntiləriniz nədir?

– Azərbaycan bizim dövlətimizdir, biz millətimizi sevirik. Bu azğınlar olmasa, hökumətimizdən razıyıq. Azərbaycan sakit dövlətdir, başımızı aşağı salıb, namazımızı qılırıq. Biz istəmirik ki, ölkəmizdə fitnə-fəsad törədilsin. Belə hadisələrin aradan qaldırılmasını istəyirik. Bu iş yoluna qoyulmasa, vəziyyət daha da pisləşəcək. Peyğəmbərimizin hədisi var bu haqda: «öz ölkənizdə fitnə-fəsada yol verməyin». Biz peyğəmbərimizin yolu ilə gedirik. Ancaq bu fitnəkarlar istəyirlər ki, devirsinlər Azərbaycanı. Məni niyə düşmən görürlər ki? Düşmən lazımdırsa, getsinlər Qarabağ uğrunda vuruşsunlar.

XS
SM
MD
LG