Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:50

Şah İsmayıl şair olubmu?


Güntay Gəncalp
Güntay Gəncalp

-

“Bunların gerçək sahibləri 16-20-ci əsr arasında yaşamış Anadolu xətailəridir.

Qul Xətai, Can Xətai, Dərdmənd Xətai, Dərviş Xətai, Sultan Xətai tapşırmalı nəfəslər ən çox Toqat, Sivas, Yozqat, Çorum, Malatya, Elazığ və Tunceli yörəsində düzənlənən cönklərdə yer almaqdadır”.

Əslən İran Azərbaycanından olan, hazırda Finlandiyada yaşayan araşdırmaçı yazar Güntay Gəncalp Azadlıq Radiosunun “Oxu zalı”nda Çaldıran döyüşünün 500 illiyi ilə bağlı keçirilən polemikaya daha bir yazı göndərib.

Güntay Gəncalp

ŞAH İSMAYIL ŞAİR OLMUŞMU?

Şah İsmayıl İraqı işğal etdikdən sonra Kərbəlaya ziyarətə gedər. Kərbəlada Hz.Hüseynlə bir yerdə şəhid olmuş Hürrün məzarını açar. Görər ki, Hüseynin Hürrün yarasına təpdiyi dəsmal yerindəcə durmaqdadır! Dəsmalı çıxardığında qan axmağa başlar! Sonra dəsmalı nə qədər yerinə qoysa da, qan durmaq bilməz! İsmayıl xəta etdiyini anlayıb təxəllüsünü “Xətai” qoyar!

Bütün bunlar Şah İsmayılı tanrılaşdırmaq üçün uydurulmuş yalanlardan başqa bir şey deyildir.

Anlamsız İran-İraq savaşında xalqın gənclərini dəstə-dəstə ölümə göndərən və modern səfəvilik olaraq dirilən xomeynizm bu yalanları qullanmaqda, radio və TV-lərdə İsmayılın bu yalan macərasını anlatmaqda idi. İnsan ağlının soru sormasını yasaqlayacaq şəkildə sunulan yalanlar.

Hürr sanki, sadəcə kiçik bir bıçaqla yaralanmış ki, o yaraya da Hz. Hüseyn dəsmalını qoymuş. O savaşda insanları param-parça doğradılar. Hz. Hüseynin başını kəsdilər. Hürrü doğram-doğram etdilər. Ayrıca, İsmayıl nədən Hürrün qəbrini açmalı idi? Buna bir yetkisi varmı idi? Bu, yalandan və uyduruqdan başqa bir şey olmamışdır. 900 ildən sonra torpağın altında qanmı qalar? Tamam çürüyüb torpağa qarışar.

Burasını da düşünmək lazımdır ki, Hz. Hüseyn və yandaşları günlərcə Kərbəla çölündə dəfn edilməmiş qaldılar. Hüseynin başının Yəzidin sarayına qədər aparıldığı rəvayət edilir. Anlaşılan odur ki, İsmayıl Hürrün qəbrini də açmamışdır. Çünkü 900 ildən sonra Hürrün qəbrinin harda olduğunu necə tapmaq olardı?

Ya da yenicə ölmüş birinin qəbrini Hürrün məzarıdır deyə açımışlar ki, qızılbaşlarda sünni düşmənliyini daha da coşdursunlar.

Sadəcə o zaman və sonrakı modern səfəviyə dönəmində bu yalan kütləni aldatmaq üçün gərəkli olmuşdur. Şah İsmayıla aid olub-olmadığı bəlli olmayan bu yalan hekayəni anladan qəzələ baxalım:

Ey müsəlmanlar, əsir-i zülfi yarəm doğrusu,

Bir sitəmkarın əlindən biqərarəm doğrusu.

Derdim ol dilbər yanında etibarım var mənim,

Yoxladım etdim yəqin, bietibarəm doğrusu.

Bir quru candan nolur qurban edim cananıma?

Nazənin yarın yanında şərmsarəm doğrusu.

Şah Xətai gəştə çıxdı, açdı Hürrün qəbrini,

Bar ilahi əfv qıl, kim tövbə karəm doğrusu.

(Bax: Şah İsmayıl Səvəfi “Külliyat” hazırlayan Rəsul İsmayılzadə, Əl-hüda nəşriyatı Tehran 1380 (h.ş).

(Xətaiyə aid olunan bu şeir Bayındırlı mədəniyyətinin önəmli şairlərindən biri olan Kişvərinin bir qəzəlinin vəzn və biçim olaraq sanki kopyasıdır.

Xətainin bu şeiri Kişvərinin qəzəlindən çalıntıya bənzəməkdədir. Kişvəri, Bayındırlı dönəminin şairi olmuş. Baxalım Kişvərinin bu qəzəlinə:

Ey pəri, sənsiz pərişan ruzigarəm doğrusu

Sən gedəndən bərlü bisəbr-ü qərarəm doğrusu

Yüz qəmim vardır vəli bir qəmküsarım yuxdurur

Bidil-ü bidilbər-ü biqəmküsarəm doğrusu

Xalq der kim, Kişvəri bir aşiqi-məhrum irər

Hər nə derlərsə bana, yüz anca varəm doğrusu.)

Şah İsmayıl Xəyai
Şah İsmayıl Xəyai

Şah İsmayılın farsca və türkcə şeirləri qarşılaşdıranda önəmli bir gerçək ortaya çıxır. Farsca şeirlərdə şiə, türkcə şeirlərdə ələvi dünyagörüşü hakimdir. Türkcə şeirlərdə Anadolu ələviliyinin duyğuları yansımaqda ikən, farsca şeirlərdə İran şiə zehniyyəti daha ağırlıq təşkil etməkdədir. Sanki bunları eyni adam yazmamışdır.

Ayrıca, İsmayılın dil bilinci şəkilləndiyi zaman tam olaraq fars-gilək mühitində yaşamışdır. Təhsilini farsca almış, türkcənin incəlikləri yayqın olan ortamda böyüməmişdi. O zaman bu şeirləri necə yaza bilmişdi? Türk dilinin dərinliyini bilməyən türkcə necə şeir yaza bilərdi?

Şah İsmayıl rəssam Behzadı Heratdan Təbrizə gətirdikdən sonra Firdovsi və Hafiz kimi şairlərin əsərlərinə miniatür rəsmlər çəkdirtmişdi. Şah İsmayıl özü də şair idisə, nədən imperatorun bir şeirinə də rəssam Behzad bir miniatür əsər həsr etməmişdir?

Şeirin əski çağlarda siyasətlə dərin ilişkisi olmuşdur. Petruşeviski yazır ki, Orta Çağlarda günümüzün media işlərini şeir öz üzərinə götürmüşdü. İqtidarların mədhi şeirlə edilir və şeirlə şahlar xalq içində bəyəni (simpatiya) toplayırdılar. Bu açıdan baxdığımızda İsmayılın tanrılığını təbliğ etmək üçün ona tapınan ozanlar Anadolunun coşqulu ələvi-bəktaşilərini daha da coşdurmaq üçün Xətai adına şeir yazmış ola bilərlər. Çünkü bu şeirlər ideoloji xarakterlidir. İsmayılın timsalında qızılbaşlıq ideologiyasını təbliğ etməkdədir və şeiriyyət dərinliyi yoxdur.

Ömrü savaşlarda keçən Şah İsmayılın, özəlliklə iqtidara gəldiyi ilk illərdə bu qədər şeir yaza biləcəyi mümkün deyildir. İlk illərdə yazılan şeirlərin amacı Səfəvi dövlətinin qurulmasını gerçəkləşdirmək üçün təbliğatdan başqa bir şey olmamışdı. “Xətai” ləqəbi ilə Anadoluda şeir yazan bir çox ələvi-bəktaşi ozanlar olmuşdu. İrene Məlikoff yazır: Xətai nüsxələri çox çabuq kopyalar yapıldığı üçün pozuldu. Ona aid olmayan şeirlər içinə qatıldı. Digər tərəfdən daha çox aşırı dini fikirləri daşıyan şeirləri yazmalardan çıxarıldı. Bu nədənlə Anadolu bəktaşi və ələviləri arasında şeirlərin daha çox qarışdığı görülməkdədir. (İbrahim Arslanoğlu “Şah İsmail Hatayi (Divan, Dehname, Nasihatname ve Anadolu hatayileri) DER YAYINLARI İstanbul-1992 s. 334.)

Fuad Köprülü yazır: “Xətai, bütün təzkirələrin rəvayətinə görə “Şah İsmayıl Səfəvi”nin təxəllüsüdür. Buna baxıb da bütün “Xətai” təxəllüslü əsərlərin Şah İsmayıla aid olduğu düşünülməməlidir. Klassik şairlərimiz arasında nasıl eyni təxəllüsü daşıyan müxtəlif adamlar mövcud isə, bu təkiyə şairləri arasında da eyni duruma təsadüf olunur. Özəlliklə Bəktaşilərdə, tarixi vəsiqələrin əksikliyindən dolayı, bu kimi məsələləri qəti surətdə həll etmək mümkün deyildir. (Eyni qaynaq s. 333-334.)

Ziya Gürəl yazır: Şah Xətai təxəllüslü bu deyişin əsl “Xətai”nin, Şah İsmayıl Xətainin olamayacağı və bu təxəllüsü bu biçimdə qullanan başqa bir kimsə bulunduğu ap-açıq ortaya çıxmış bulunmaqdadır. Bu da Xətai təxəllüsünün bir ünvan, bir sifət əkləmək yolu ilə pərvasızca örnəklərindən biri olmaqdadır.(Eyni qaynaq s. 334-335.)

Xətai divanı
Xətai divanı

“Xətai divanındakı şeirlərin həpsi əruzla yazılmış. Kəndindən öncəki Azəri şairlərinin də əruzla yazdıqları diqqətə alınırsa, Şah İsmayıl Səfəvinin onları izləməsi doğru görülməlidir. Bu baxımdan qoşma tərzindəki nəfəslər istər Sultan Xətai olsun istər Şah Xətai olsun heç biri İsmayıl Xətainin olamaz. Dil və anlatım yönündən başqa Azəri şairlərinə də mal ediləməz. Bunların gerçək sahibləri 16-20-ci əsr arasında Anadolu xətailəridir. Qul Xətai, Can Xətai, Dərdmənd Xətai, Dərviş Xətai, Sultan Xətai tapşırmalı nəfəslər ən çox Toqat, Sivas, Yozqat, Çorum, Malatya, Elazığ və Tunceli yörəsində düzənlənən cönklərdə yer almaqdadır. Bu şairlərin də o çevrələrdə yaşaması icab edər. Özəllikllə Ələvi köylərində yapılacaq araşdırmalar qonuya açıqlıq gətirəcəkdir. Şah İsmayıl Xətai həm pir, həm də bir mürşiddir. Onun başqa bir pirə xitabən şeir yazması düşünüləməz. 336 Anadolu Xətailəri bölümündə 219 heca, 23 qəzəl olmaq üzərə 242 şeir yer almaqdadır”. (Eyni qaynaq s. 337.)

Anlaşıldığı kimi “Xətai” adı ilə şeir yazan bir tək kişi olmamış, başqaları da olmuş və amac isə, qızılbaşlıq fikirlərini bu yolla təbliğ etmək olmuşdur. Bu şeirlərin estetik dərinliyi də olmamışdır. Hətta XIX əsrin Ələsgər, Alı, Şənlik kimi ozanlarının qoşmaları şeiriyət baxımından xətailərin yazdıqlarından daha anlamlı və etkiləyici olmuşdur. Anadoluda öz tarixi yerini bulmamış ələvi kütləsini coşduraraq siyasi səfərbərliyə hazırlamaq üçün təbliğat məzmunlu şüarlardır. Geniş bəşəri məzmundan yoxsundur. Qapalı bir inanc sisteminin sirlərini anladan siyasi şüarlar bütünüdür. Sırf siyasi həyəcana xidmət etdiyindən bu şeirlərin bir çox xətaiyə aid olması doğaldır. Xətailərin ortaq siyasi çalışmalarının ürünüdür. Sırf siyasi bir ideologiyanın mənzum olaraq bəyanatıdır.

Eyni dönəmdə yazıb yaratmış Füzuli də var. Füzuli adına şeir yazmaq mümkün olamazdı. Bunun üçün fəlsəfi dərinlik, şeirlə düşüncənin, musiqinin və varlığın sənət duyumunda bütünləşməsi gərəkirdi. Ancaq xətailərdə bu imkan olmamışdı. Çünkü xətailərin yazdığı şeir deyil, nəzmdir, şüardır.

Şah İsmayıla aid edilən bir şeiri incələyəlim:

Dünyadan əlin çək divanə könlüm,

Ulaş bir ustada ər ilə görüş!

Mürşid nəzərini yad edərsə dil,

İkilikdən keçib bir ilə görüş!

*
Ər ətəyinə yüz sürmək dilərsən,

Əslinə, zatına ərmək dilərsən,

Haqqın cəmalını görmək dilərsən,

Nur ilə nur olub sirr ilə görüş!

*
Aşiqi-sadiqlər ola gəlmişdir,

Ağlayanlar bir gün gülə gəlmişdir,

Əl ələ, əl Haqqa bula gəlmişdir,

Tanrı kəndi özün pir ilə görüş!

*
Xətayi biçarə quldur şahına,

Xünkar Hacı Bəktaş nəzərgahına,

Dəli könül Haqq ol düş dərgahına,

Ər olayım dersən ər ilə görüş!

Məlum olduğu kimi Xətai qızılbaşların mürşidi idi. Xətai mürid deyildi. Bu şeir isə, bir mürşidin şeiri deyil, bir müridin şeiridir. Çünkü Xətai məqam olaraq qızılbaş kültüründə Hacı Bəktaş Vəlidən ya yüksəkdir, ya da eyni səviyyədədir. Necə ola bilər ki, Xətai mürşid ola-ola özünü Hacı Bəktaş Vəlinin müridi hesab etsin? Bu, mürşidlik məqamına tərsdir. Bu qoşquda ”Ulaş bir ustada ər ilə görüş” misrası Xətaiyə aid ola bilməz. Çünkü Xətai özünü mürşid saymasaydı, o, qətiyətlə müridləri üzərinə hökm edə bilməzdi. Müridlər də mürşid olmayan birinin əmrinə belə canü-könüldən bağlı olmazdılar. Bu misra isə, hələ mürşid olmamış və mürşid arayan birinin ruh halıdır. Bu qoşma başdan sona qədər mürşid arayan müridin ruh halının tərcümanıdır. Həm də Şah İsmayıldan 250 il öncə Hacı Bəktaş dönəmində yaşamış bir xətainin ruh halının tərcümanına bənzəməkdədir.

Məhəmməd Füzuli
Məhəmməd Füzuli

Bu şeir Şah İsmayılın divanında keçsə də, ona aid ola bilməz. Özü mürşid olan özündən 250 il öncə yaşamış Hacı Bəktaşı öyə bilməzdi. Həm də hökmdar və dövlət başçısı olan Şah İsmayıl Hacı Bəktaşı özündən üstün görə bilməzdi. Bu da göstərir ki, Xətai divanındakı şeirlər bəlli olan və bəlli olmayan bütün xətailərə aiddir. Xətai özü şah ikən şahın qulu olamazdı. Bu üzdən də ” Xətai biçarə quldur şahına” misrası kəsinliklə ona aid ola bilməz.

Şah İsmayılın oğlu Sam Mirzə “Töhfə-i Sam” adlı əsərində atasına aid olan farsca bir beyt örnək şeir vermişdir. Orta Çağlarda və indi də böyük bir imperatorluğun başında duran adam şeir yazası olsaydı, onun şeirinə onlarca təqdirlər, təşviqlər, mədhlər və yaltaqlanmalar yazılardı. Həm də imperatorun yazdığı dildə.

Şah İsmayıl bu qədər türkçə şeir yazmış, ancaq çevrəsindəki məddahlar və yaltaqlar, vəzifəyə göz dikmiş olanlar, nədənsə onun yazdığı türkcə şeirləri təfsir etməmiş, haqqında onlarca deyil, yüzlərcə kitab yazmamışlar. Şah İsmayıl yazmış və çevrəsindəki təzkirə yazanlar, hətta oğlu da buna işarə etməmiş!

İskəndər bəy Türkmən öz əsərində, sadəcə Şah İsmayılın “Xətai” təxəllüsü ilə şeir yazdığına kiçik bir işarə edər: Şeir yazmaqda o həzrətin yüksək yetənəyi vardı. Ancaq türkcə şeir yazmağa meyli daha çoxdu. Təxəllüsü “Xətai” idi. (İskəndər bəy Türkmən “Tarixe-Aləmaraye-Abbasi”, çevirən Şahin Fazil, “Şərq-Qərb” Bakı-2010, s. 111.)

Şah İsmayılın bu şeirləri əzbər söylədiyi və Anadoludan axın edən qızılbaşları coşdurmaq istədiyi ola bilər və olmuşdur. Ancaq bu, onun əzbər söylədiyi şeirlərin kəndisinə aid olduğu anlamına gəlməz. Şah İsmayıldan çox öncələr Anadoluda bu tür şeir yazmalar yayqın idi. Bu şeir türü və dünyagörüşünün Azərbaycanda kökləri olmamışdı, bütünüylə Anadolu ələvi-bəktaşilərinin dünyagörüşüdür. Bu dünyagörüşünün doğruluğu və ya yanlışlığı söz qonusu deyildir.

Səfəvilik iki əsas üzərində qurulmuşdur: 1- İrançılıq. 2- Şiəçilik. Hər ikisi də fars kimliyinin təməllənməsinə xidmət etmişdir. Səfəvilikdə ələvi-bəktaşiliyin siyasi sürəkliliyi olmamışdır. Səfəviyət bir şüubiyə zehniyyətidir. Bu üzdən də Azərbaycanda türk kimiliyi hər tərəfdən sıxışdırılmışdır.

Kitabi-Dədə Qorqudda övülən Bayındırlı türk kimliyi yox edilərək, üzərinə şiə-fars kimliyi təsis edilmişdir. Azərbaycan tarixində ən milli özəlliklər daşıyan Bayındırlılar dövləti olmuşdur. Kitabi-Dədə Qorqud da Bayındırlı varlığının ürünüdür. Əsər “Xanlar xanı Bayındır xan...” ifadəsi ilə başlar. Şah İsmayıl Təbrizi işğal etdikdən sonra bütün sünni qaynaqlı kitabları yaxdı. Kitabi-Dədə Qorqud da bu kitabyaxma olayında yandırılmışdır.

Şah İsmayılın törətdiyi soyqırımdan Osmanlıya qaçan sünni türk təbrizlilər Kitabi-Dədə Qorquddan bir nüsxə İstanbula aparmış olmalılar ki, oradan da Drezdenə aparılmış. Bu qorxunc kitabyaxma olayında Təbrizdə bulunan venesiyalı tacirlər də Kitabi-Dədə Qorquddan bir nüsxə İtaliyaya aparmış olmalıdırlar. Bir çox araşdırmaçılar Bayındırlı dövləti dönəmində Qurani-Kərimin türk dilinə tərcümə edildiyini (Bax: Tofiq Nəcəfli, Journal of Qafqaz University, “İLHAN ERDEM VƏ KAZIM PAYDAŞIN “AĞQOYUNLU DÖVLƏTİ TARİXİ. SİYASƏT- TƏŞKİLAT- KÜLTÜR”ADLI MONOQRAFİYASI HAQQINDA BƏZİ QEYDLƏR, s. 40.) və daha sonra bu tərcümənin yox olduğu fikrindədirlər. Əlbəttə ki, bu tərcümə sünni yorumu içərdiyindən və Bayındırlı tərcüməsi olduğundan Şah İsmayıl tərəfindən yaxılmışdı.

Təbriz camilərində bulunan bütün kitablar şiə-şüubi dünyagörüşünə uyqun gəlmədiyindən Şah İsmayıl tərəfindən yandırıldı. Qaraqoyunlu və Bayındırlı kültür uzantısının ürünü olan Həqiqi, Kişvəri, Həbibi, Füzuli kimi şairlər nə Səfəvilər dönəmində, nə də ondan sonrakı dönəmdə yetişdi, yetişəməzdi. Çünkü Cüneydlə sapdırılaraq siyasətə arac edilən səfəvilik Azərbaycanda soyu olmayan köksüz bir ideologiya idi. Füzuli özünü Əlişir Nəvai məktəbinin uzantısı olaraq görürdü...

XS
SM
MD
LG