Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:09

XİN Britaniya hökumətini Azərbaycanın daxili işlərinə qarışmamağa çağırır


David Lidington
David Lidington

-

Azərbaycan Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Avropa işləri üzrə naziri David Lidington-un Gəncədə 6 il azadlıqdan məhrum edilən Həsən Hüseynli ilə bağlı açıqlamasına etiraz edir.

David Lidington-un iyulun 18-də yayılan bəyanatında QHT rəhbərinin həbsindən narahatlıq ifadə olunur.

«Mən bir daha Azərbaycan hakimiyyətini siyasi motivli həbslərin artması təmayülü ilə bağlı çoxsaylı çağırışlara və narahatlıqlara reaksiya verməyə çağırıram», - deyə o bildirib.

«AZƏRBAYCANDA HEÇ KİM SİYASİ BAXIŞLARINA MÜHAKİMƏ OLUNMUR»

Azərbaycan Xarici İşlər Nazirliyi bu fikirləri qətiyyətlə rədd etdiyini bildirir və hesab edir ki, Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və ya mühakimə olunmur.

Nazirliyin bəyanatında deyilir ki, britaniyalı nazirin öz məsuliyyətsiz mülahizələri ilə Azərbaycan məhkəmə instansiyalarına təzyiq etməsi cəhdi onun və təmsil etdiyi Britaniya hökumətinin qanunun aliliyinə olan münasibətin göstəricisidir:

«Qanunun aliliyinin tam təmin olunduğu ölkə kimi Azərbaycanda hər hansı siyasi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir. Avropa məsələləri üzrə nazirin hazırda Avropanın qarşılaşdığı real problemləri kənarda qoyub, cinayət əməli məhkəmə qaydasında sübuta yetirilmiş şəxsdən bəhs etməsi Azərbaycana təzyiq etmək üçün bəhanə kimi qiymətləndirilir və təbii ki, bu cür cəhdlər uğursuzluğa məhkumdur.

Ermənistan təcavüzü nəticəsində Azərbaycanda qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyonadək şəxsin məruz qaldığı kəskin məhrumiyyətlərə göz yumaraq, özünü Avropada insan hüquqlarının carçısı kimi qələmə verməyə çalışan nazirin bu bəyanatı siyasi ikiüzlülükdən başqa bir şey deyildir. Lidington sonuncu dəfə nə zaman Azərbaycan xalqının bu ağrılı məsələlərinə toxunduğunu xatırlamaq belə mümkün deyil».

«BRİTANİYA HÖKUMƏTİ ÖZ ÖLKƏSİNDƏ İNSAN HÜQUQLARININ ÜMUMİ VƏZiYYƏTİNİ YAXŞILAŞDIRSIN»

XİN Britaniya hökumətini Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə və öz vaxtını və resurslarını öz ölkəsində insan hüquqlarının ümumi vəziyyətinin yaxşılaşdırılmasına həsr etməyə çağırır.

«Hesab edirik ki, nazir Lidington beynəlxalq təşkilatların Böyük Britaniyada çoxsaylı insan hüquqları pozuntuları ilə bağlı tənqidlərini qəbul edərək, ölkəsinin bu sahədəki problemlərinin həllinə öz töhfəsini versə, daha faydalı olardı. Britaniyalı nazirə xatırlatmaq istərdik ki, onun demokratik dəyərlərlə manipulyasiya edən hökuməti dəfələrlə ölkədə azad məhkəmələrin fəaliyyəti üçün şəraitin yaradılmamasına, işgəncələr və alçaldıcı rəftara, qanunverici orqanlarda müstəqilliyin və şəffaflığın təmin olunmamasına, xüsusi xidmət orqanları tərəfindən kütləvi şəkildə vətəndaşların internet fəaliyyətinin izlənməsi və telefon danışıqlarının dinlənməsi, ifadə azadlığının pozulması, şəxsi həyatın toxunulmazlığının pozulması, quldarlıq, irqi ayrıseçkilik, immiqrasiya qanunvericiliyi çərçivəsində insan hüquqlarının pozulması və digər insan hüquqlarını məhdudlaşdıran əməllərə görə dəfələrlə tənqid olunmuşdur», - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

XS
SM
MD
LG