Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:03

Təyyarəni kim və niyə vurub? - 5 konspirativ izah


-

Guardian qəzeti Malayziya təyyarəsinin qəzasının mediada ən çox yayılan 5 konspirasiya nəzəriyyəli izahını toplayıb.

1. Təyyarəni Ukrayna vurub. Çünki Ukrayna ərazisində Ukrayna ordusu ən yaxşı silahlanmış ordudur. Onların Buk raket sistemləri var. Onlar təyyarəni ona görə vurublar ki... Qəzet yazır ki, burda bu nəzəriyyə artıq davam edə bilmir. Çünki ukraynalıların bu təyyarəni vurmağa heç bir səbəbləri yoxdur.

2. Bunu ukraynalılar edib və Putinin təyyarəsini vurmaq istəyiblər. Qəzet İnterfaks agentliyinin yaydığı bu məlumatı da ağlabatan hesab etmir. Çünki Braziliyadan qayıdan Putinin təyyarəsi Ukraynanın üstündən uçmalı deyildi. Malayziya təyyarəsi ilə bu təyyarənin yolları doğrudan da kəsişib, Varşava yaxınlığında. Ancaq nə qədər ki, Ukrayna ilə Rusiya ölüm-dirim müharibəsində deyillər, bu, versiya inandırıcı deyil.

3. Təyyarəni AİDS xəstəliyi ilə mübarizənin əleyhinə olan qüvvələr vurdurub. Qəzet yazır ki, bu versiya maraqlıdır, ancaq həqiqətə oxşamır. Əvvəl xəbər verildi ki, təyyarədə AİDS konfransına gedən 100 ekspert olub. Ancaq sonra dəqiqləşdirəndə ekspertlərin sayı 7 oldu. Qəzet yazır ki, bu versiyanı irəli sürənlərin ideyası budur ki, dünyanı idarə edən qlobal elita var, bu elita dünyanı AİDS xəstəliyi ilə bağlı biliklərdən uzaq saxlamaq istəyir və bu elita dünya əhalisini azaltmaq istəyir.

4. Təyyarəni İsrail vurub. Qəzet yazır ki, dünyada nə oldu, bunu İsrailin ayağına yazanlar var. Onların fikrincə, dünyada hər şeyi sionistlər idarə edir.

Bu izah da cəfangiyyat görünə bilər, ancaq məsələn, Veterans Today-dən James Henry Fetzer İran Press TV-yə deyib ki, mart ayında digər Malayziya təyyarəsinin yoxa çıxmasının arxasında İsrailin baş naziri Netanyahu dayanır.

Fetzer deyir ki, həmin təyyarəni gizlədiblər, ola bilsin ki, Diego Garsiada. Sonra İsrailllə Həmas arasında Qəzzada dava başlayanda elə həmin təyyarəni gətirib, Ukrayna üzərində buraxıblar və vurublar. Bunu ediblər ki, hamı Rusiyadan şübhələnsin və Rusiyanı gözdən salsınlar.

5. Bunu illuminati edib. Belə fikir var ki, illuminati deyilən məxfi cəmiyyət 18-ci əsrdən dünyanı idarə edir. Qlobalistlər, neoconlar, Rotshild-Sionistlər və s. bu illuminati ilə bağlıdır. Təyyarəni də bu qüvvələr vurub. İlluminati məxfi cəmiyyət olsa da onlar hər yerdədirlər. Hətta kağız dolların üstündə olan piramida və göz şəkli illüminati simvoludur.

İlluminati Malayziya təyyarəsini niyə vursun? Qəzet yazır ki, buna izah çoxdur. Səbəblərdən biri 7 rəqəmidir. Təyyarə Boeing 777 olub, yəni 777, reysin nömrəsi MH17, yenə 7. Təyyarənin vurulduğu ay da iyuldur. Yəni 7-ci ay.

Qəzet yazır ki, bütün bu izahlara siz güləcəksiniz. Anvcaq bunları Press TV, Russia RT kimi televiziyalar verib. Bunların hər ikisi dövlət televiziyalarıdır. Bu televiziyalar beynəlxalq ciddi auditoriyaya yönəlib.

Qəzetin fikrincə, bu nəzəriyyələrin ortaya çıxmasının özünə çox asan izah var. Belə nəzəriyyələrlə Malayziya təyyarəsinin qəzasının əsil və dəhşətli səbəbini ört-basdır etmək istəyirlər. Rusiyanın bu nəzəriyyələrdə marağı var.

XS
SM
MD
LG