Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:28

Türkiyədə kültür davaları


Elif Şafak
Elif Şafak

Türk qadınları üzük, naxış və tatu üstündə dava edir. Hələ baş örtüyü və qısa yubkanı demirəm.

-

- Ümid edirəm ki, ağlın kəsir, Quran ayəsi həkk olunmuş üzüyü tualetə gedəndə çıxarırsan.

- Guya belə olanda Allahı tualetdən kənar tutursan? Allah hər yerdədi, bəlkə belə deyil?

Elif Şafak

TÜRKİYƏDƏ KÜLTÜR DAVALARI

New York Times

İSTANBUL - Mühafizəkar Fatih rayonundan ötüb keçən vətəndaşlar burdakı bilbordda Braziliya aktrisası və modeli Adiana Limanın tükçəkən cihazları reklam edən şəklini görərdilər. Ta bu günlərə qədər. Birdən-birə o, burkada peyda oldu. Kimsə başdan ayağa qədər onu fotosunu qara boyamışdı. Həmin gözəgörünməz əl şəklin yanında bu sözləri qaralamışdı: “Əxlaqsızlıq eləmə!”.

İstanbul boyu qadın bədəni yer alan bilbordlar beləcə, vandalların hücumuna məruz qalıb. Bu da qadın bədəni rəsmindən ictimai yerlərdə istifadə olunması ilə bağlı debatlara təkan verib. Mən öz Twitter hesabımda bu vandallığı senzuranın bir forması kimi pisləyəndə bu, qadın izləyicilərim arasında qızğın mübahisə doğurdu.

Hicablı bir qadın “Bunun senzura ilə əlaqəsi yoxdur” yazdı: “Kişilərin gözünü xəyanətdən qorumaq üçün vacibdir bu”. Çox keçmədi ki, başqa bir qadın ona cavab verdi: “Nə var-nə var, kişilər özlərini mömin hiss eləsin deyə örtüyə bürünən deyiləm mən”.

İlk dəfə deyil ki, modellərin şəkillərinin yer aldığı bilbordlar Türkiyədə mübahisələrə yol açır. 2007-ci ildə çimərlik paltarı istehsal edən aparıcı şirkətlər narazılıq etmişdilər ki, türkcə adı AKP olan Ədalət və İnkişaf Partiyasının nəzarət etdiyi bələdiyyələrin ərazisində onlara qadın modellərin yer aldığı bilbordlardan istifadə etməyə icazə verilmir. O zaman Türkiyə mediası bunu “çimərlik paltarı qadağası” adlandırdı. “Zeki Triko” şirkətinin rəhbəri Zeki Baseskioglu hətta buna müasir Türkiyə dövlətinin banisi Mustafa Kemal Atatürkün çimərlik paltarındakı şəklini dərc etməklə etirazını bildirdi. Altında da bu sözlər yazılmışdı: “Günəşsiz qaldıq”.

Turkiyə - Moda Festivalında dindar qadınlar üçün geyimlər, 11 noyabr 2010
Turkiyə - Moda Festivalında dindar qadınlar üçün geyimlər, 11 noyabr 2010

Şayiələr gəzir ki, 2007-ci ildə olduğu kimi indi də tanınmış brendlərin reklamları senzuraya məruz qalır. Adının çəkilməsini istəməyən hökumət rəsmisi gündəlik “Hürriyet” qəzetinə müsahibəsində etiraf edib ki, bələdiyyələrin standartlarına uyğunlaşdırmaq üçün bilbordlardan modellərin ayaqlarını yığışdırırlar. Gündəlik “Sözçü” qəzeti isə qeyd edir ki, İstanbuldakı bilbordlarda çimərlik paltarını reklam edən qadın modellərin bədəninin bircə dənə də olsun tam ölçüdə şəkli qalmayıb.

Siyasi qarşıdurma və kültür davaları Türkiyəni başına alıb. Və təəssüf ki, tez-tez bu davalar üçün meydan məhz qadın bədəni olur. Siyasi baxışlarından asılı olmayaraq bütün kişilər qadına necə geyinmək, necə yaşamaq dərsi keçməyə çalışırlar.

Baş nazir Recep Tayyip Erdogan öz nitqlərində qadınları ən azı üç uşaq doğmağa çağırır. Gəncləri tez evlənməyə həvəsləndirmək üçün hökumət gənc ailələrə faizsiz kredit verir. Amma ailə quran və övlad dünyaya gətirən tələbə qızlar çətin ki təhsilini başa vurandan sonra işləyə.

Bu arada, qızların uşaq yaşında ərə verilməsinə, qadınlara qarşı zorakılığa qarşı mübarizə üçün çox az iş görülür. Halbuki belə halların tez-tez baş verməsi narahatlıq doğurur. Sistemli şəkildə türkiyəli qadınların beyninə yeridilir ki, onların əsl dəyəri ana və həyat yoldaşı olmaqlarındadır.

İllər uzunu başıbağlı qadınların dövlət idarələrində çalışmasına icazə verilməyib. Atatürk dövrü elitasının tətbiq etdiyi həmin qeyri-populyar qadağanı bir müddət əvvəl Erdogan-ın AKP-si ləğv eləmişdi. Bundan qabaqsa universitetlərdə baş örtüyü taxmaq qadağası götürülmüşdü. Necə ki keçmişdəki baş örtüyü qadağası anti-demokratik idi və bəraəti yox idi, bu gün də başını bağlamayan qadınlar cəmiyyətdə özlərinə qarşı yeni bir təzyiq dalğası hiss edirlər.

Bu yaxında, bürkülü günlərin birində paltar dükanına getmişdim. Satıcı yaşı 40-ı haqlamış sarışın bir qadındı, dəblə geyinmişdi, əynində son dəbdə kofta, cırıq cins vardı, dərisi tatularla örtülmüşdü. Sol əlindəki tatu diqqətimi çəkdi: Atatürkün imzasıydı. Son vaxtlar bu imza mühüm siyasi simvola çevrilib, maşına yapışdırılır, bayraqlarda, yaylıqlarda, önlüklərdə, daha çox da tatularda istifadə edilir. AKP hökumətini tənqid edənlər və köhnı kamalçı elitanın xiffətini çəkənlər daha çox yararlanır bundan. Satıcının barmağında Quran ayəsi həkk edilmiş üzük də vardı. Üzüyə baxdığımı sezən qadın dedi: “Onu da edirəm, bunu da. Atatürk və Quran. Bu yolla həmin başıbağlı xanımlara demək istəyirəm ki, sizin kimi deyiləm, müasir təfəkkürlü müsəlmanam”.

Sonra mənə bir hadisə danışdı: “Bir dəfə onlardan biri üzüyümə görə məni bərk qınadı. Dedi ki, “sən kimsən Quran ayəsi yazılmış üzük taxırsan”. Mən də cavabında dedim ki, “bəs sən kimsən”. Dedi ki, “Ümid edirəm ki, ağlın kəsir, tualetə gedəndə üzüyü çıxarırsan”. Mən də cavab verdim ki, “guya belə olanda Allahı tualetdən kənar tutursan? Allah hər yerdədi, bəlkə belə deyil? Beləcə mübahisə etdik”

Bəli, beləcə, mübahisə edirlər. Türk qadınları üzük, naxış və tatu üstündə dava edir. Hələ baş örtüyü və qısa yubkanı demirəm. Ölkədə qütbləşmə davam etdikcə, hökuməti dəstəkləyənlərlə ona müxalif olanlar arasında mədəni uçurum da dərinləşir. Bir çox insanlar özləri kimi düşünənlərin gettolarında yaşamağı seçirlər. Yeni mühafizəkar şəhər elitası da hündür divarlı özəl məskənlərə çəkilir, köhnə dünyəvi şəhər elitası da. Dindarlar üçün də ayrıca otellər, istirahət mərkəzləri var, modern düşüncəli insanlar üçün də.

Birgə yaşam mədəniyyəti sürətlə aradan qalxmaqdadır. Bir zamanlar özünü cəmiyyətin küncünə sıxılmıştək hiss edənlər indi elə bir mühit yaradıblar ki, dükanda işləyən və başqa işlərdə çalışan modern qadınlar özlərini getdikcə daha çox küncə qısnanmış hiss edirlər. Sosial bərabərsizlik və dözümsüzlük mühiti dirəniş göstərir. Bu cür kültür davalarında qadınlar kişilərdən çox əziyyət çəkir.

Neçə illər əvvəl baş örtüyünü açmağa məcbur edilmiş rəqbiləritək bu gün başını bağlamayan türk qadınları da özlərini öz ölkələrində rahatsız və arzuolunmaz hiss edirlər.

XS
SM
MD
LG