Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:54

Xubyarlının nə «yar»ı qalıb, nə də «xub» deyəni


Xubyarlının nə «yar»ı qalıb, nə də «xub» deyəni
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

Xubyarlının nə «yar»ı qalıb, nə də «xub» deyəni

-

«Su başımızın üstündən axır, amma əkinlərimiz susuzluqdan yanıb. Qazanc götürməyimiz qalsın bir yana, borca da düşmüşük».

Bu sözləri AzadlıqRadiosuna İmişli rayonunun Xubyarlı kəndində yaşayan fermerlər deyir.

Onların iddiasına görə, suvarma suyu ayrı-ayrı imkanlı şəxslərin təsərrüfatlarına verildiyindən və kanaldakı suyun səviyyəsi elektrik enerjisi istehsalına uyğun tənzimləndiyindən əkin sahələrini vaxtında suvara bilmirlər.

Hacıqabul-Horadiz magistral avtomobil yolu və mənbəyini Bəhrəmtəpə Hidroqovşağından götürən Baş Muğan Kanalı Xubyarlı kəndini iki hissəyə ayırıb. Sudan istifadə kəndin bir hissəsində rahat, digər hissəsində çox əziyyətlidir. Bu il quraq hava ucbatından Aran bölgəsinin bir çox yerləri kimi, bu kənddə də su qıtlığından qaynaqlanan problemlər yaşanır.

«HEYVANLARIN QARNINI DOYDURDUM, BƏS AILƏMI NECƏ SAXLAYIM?»

Xubyarlı kəndinin sakini Mahir Məmmədov deyir ki, yalnız yağış hesabına taxıl sahələrindən ortabab miqdarda arpa və buğda götürə biliblər. Bostan, tərəvəz, pambıq və yem bitkiləri isə inkişaf dövründə ya qismən, ya da tam şəkildə yanıb:

Mahir Məmmədov
Mahir Məmmədov

«Bostan bitkiləri yetişdirməyə 1500 manat xərc çəkmişdik, 300-500 manatlıq məhsul sata bildik. Yemiş, qarpız sahələrdə qalıb çürüməkdədir. Artıq pambıq da əldən gedir. Otu bir dəfə biçmişik, o da yağışın hesabına. Sahədəki yonca tala-tala yanıb. Daha indən belə, nə qədər su olsa da, yananları bərpa etmək mümkün olmayacaq. Mal-qaraya ot tədarük etmək üçün gərək onların bir hissəsini satam. Tutaq ki, heyvanların qarnını doydurdum, bəs 5 nəfərlik ailəmi necə saxlayım? Gözümüzü torpağa dikmişdik, indi oturub ziyanı hesablayır, qışdan necə çıxacağımız barədə düşünürük».

«BİZİMLƏ MARAQLANAN YOXDUR»

Uzun illərdir traktorçu çalışdığını deyən Ağahüseyn Mahmudov suvarma suyu probleminə görə, bütövlükdə 250 hektar sahədə əkinlərə zərər dəydiyini deyir:

Ağahüseyn Mahmudov
Ağahüseyn Mahmudov

«Suvarma suyu problemi sovet dövründə də olub, amma o vaxt dərhal aradan qaldırılırdı. İndi icra və bələdiyyə orqanları bizimlə maraqlanmır. Baxımsızlıq ucbatından bu günə düşmüşük. Kəndin tən ortasından keçən Muğan kanalında adi vəziyyətdə su olmur ki, biz sahəmizi suvara bilək. Kanalda su olan kimi nasosu işə salırıq, sahəmizə gəlib çatmamış ardı kəsilir. Kanalın üzərində olan «Muğan SES» də bizə qənim kəsilib – elektrik enerjisinin ucuz başa gəlməsi üçün suyun bir qaydada axınına imkan vermir. Pay torpaqlarımızın arasındakı 30 hektarlıq ərazinin karxanalara verilməsi də əlavə problem yaradıb. 15-20 metr dərinlikdən qum-çınqıl çıxarılır. Onun yanındakı əkinlər lazımi qaydada su götürə bilmir».

«SUYU ALVER PREDMETİNƏ ÇEVİRİBLƏR»

«Şəki-ipək» ASC-nin tabeliyində fəaliyyət göstərən «ÇTEZ-Aqro» MMC-nin sahə aqronomu İlham Səfərov problemin süni yaradıldığını və bundan «qara camaat»ın əziyyət çəkdiyini düşünür:

İlham Səfərov
İlham Səfərov

«Əslində, su var. Amma Bəhrəmtəpə Hidroqovşağının rəisi Mirqoca Mirişov onu alver predmetinə çevirib. Əkinlərin suvarılma suyu ayrı-ayrı imkanlı şəxslərin taxıl sahələrinə, fermasına, balıqçılıq təsərrüfatına yönəldilib. Buradan 215 ailə, təxminən 500 nəfər çörək gözləyir. Xərcləri çıxarmaq üçün hər hektardan ən azı 25 sentner pambıq məhsulu götürülməlidir. Vaxtında su verilmədiyindən bitki inkişafdan qaldı. İndi bu sahələrdən 5 sentnerdən artıq məhsul götürmək mümkün olmayacaq. Toxum, gübrə, aqrotexniki xidmət və s.-ə görə, hər fermerə 600-700, ümumilikdə 37 min 400 manat xərc hesablanıb. Bu pula görə şirkətə cavab verməli olacağıq, məhkəməyə düşəcəyik. Mən yuxarı təşkilatlardan xahiş edirəm ki, bizə dəymiş zərəri yerli orqanlara, bu işdə təqsirkar olan şəxslərə ödətdirsinlər».

SU TƏSƏRRÜFATI RƏHBƏRLƏRİ PROBLEMİ TƏBİİ AMİLLƏRƏ BAĞLAYIRLAR

Bəhrəmtəpə Hidroqovşağının rəisi Mirqoca Mirişov suvarma suyu ilə bağlı problemin mövcudluğunu təsdiqləsə də, ünvanına səslənən ittihamları rədd edir:

«Hidroqovşaq suvarma kanallarına limit əsasında su buraxır. Limit isə hər ilin əvvəlində baş idarə tərəfindən təsdiqlənir. Olan su kanallar arasında proporsional şəkildə bölüşdürülür. Buna görə onlarda suyun səviyyəsi hər gün, hətta gündə bir neçə dəfə dəyişə bilər. Bu il su qıtlığı var, sınağa çəkilmişik. Amma xidmət göstərdiyimiz ərazidə böhran yaranmayıb, lokal problemlər var.

Baş Muğan tranzit kanaldır, Saatlı və Sabirabad rayonlarına suvarma suyu axıdır. Başqa mənbə olmadığından Xubyarlı kəndindəki əkin sahələrinə bu kanaldan su verilir. Biz heç də o kənddə yaşayanların istəyinə uyğun olaraq, digər kanalların suyunu kəsib bura yönəldə bilmərik. O ki qaldı suyun təyinatından kənar məqsədlər üçün istifadəsinə, kimin nə faktı varsa, ortaya qoysun».

İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Mirzəyev də cari il su qıtlığından əziyyət çəkdiklərini dedi:

«Su qıtlığı heç də hər il olmur. Sonuncu dəfə bu problemlə 1988-89-cu illərdə üzləşmişdik. Suvarma suyunun miqdarı təbii amillərlə bağlıdır. Uzağa getməyək, 2010-cu ildə sel-su bizim bölgəni az qala yuyub aparırdı. Bu il su qıtlığı olacağı əvvəlcədən proqnozlaşdırılmışdı, özü də təkcə bizim ölkədə yox. Xatirənizdədirsə, hələ ilin əvvəlində Türkiyənin kənd təsərrüfatı naziri xalqa müraciət etmişdi ki, mövcud sudan qənaətlə, məqsədyönlü istifadə olunsun, israfçılığa yol verilməsin.

Cari il Xubyarlı kəndinə su verilməsini təmin etmək üçün nasos ayırmışıq, sutkada 280 litr yanacaq da ayırırıq ki, camaatın əkini yanmasın. Problemin birdəfəlik həlli üçün elektriklə işləyən nasos stansiyası yaradılmalıdır. Mən bununla bağlı baş idarəyə müraciət etmişəm».

FERMERLƏR HÖKUMƏTDƏN KÖMƏK UMUR

Respublikanın hər yerində olduğu kimi, Xubyarlıda da fermerlər əkinlərini sığortalatdırmayıb. Əgər onlar suvarma işinin aidiyyatı orqanlar tərəfindən yarıtmaz təşkili ilə bağlı iddialarını sübuta yetirə bilməsələr, ziyanı öz hesablarına ödəməli olacaqlar. Buna isə hər kəsin imkanı çatmır. AzadlıqRadiosuna danışan sakinlərin bəziləri ümid edir ki, «yuxarıda oturanlar» məlumatlı olsa, bu zərər dövlət hesabına qarşılanar.

XS
SM
MD
LG