Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:24

Polis idarələrində də insan hüquqları pozulur…


Prokuror deyir ki, Mingəçevir Polis İdarəsində dünyasını dəyişən Qarabağ veteranı Rasim Əlişovun istintaqı obyektiv aparılacaq
Prokuror deyir ki, Mingəçevir Polis İdarəsində dünyasını dəyişən Qarabağ veteranı Rasim Əlişovun istintaqı obyektiv aparılacaq

Əhməd Əlişov iyulun 25-də Mingəçevir Polis İdarəsində dünyasını dəyişən qardaşı Rasimin ölümündə bu idarənin bir neçə polis əməkdaşını ittiham edir. 39 yaşlı, Qarabağ döyüşlərində bir gözünü itirmiş Rasim Əlişov iyulun 24-də polisə qoyun oğurluğuyla bağlı olan bir cinayət işində ifadə verməyə çağırılıbmış. Onun ölümüylə bağlı Mingəçevir prokurorluğunda cinayət işi açılıb və yerli polis idarəsinin istintaq-axtarış şöbəsinin rəisi İlqar Abbasov həbs olunub.


Bir müddət əvvəl Gəncədə də Nizami rayon polis idarəsində başqa bir səs-küylü hadisə baş vermişdi. İdarənin məsul vəzifəli əməkdaşı Koroğlu Qasımov ana və onun oğluna zor işlətməkdə günahlandırılmış və yerli məhkəmə sabiq polis zabitini 1500 dollar məbləğində cərimə etmişdi.


İnsan hüquqlarını müdafiə fəalları da dəfələrlə ayrı-ayrı polis idarələrində vətəndaşlara qarşı zorakılıq faktları barədə açıqlamalar verir, hətta məsələni Daxili İşlər naziri səviyyəsində müzakirəyə cəhd göstərirlər. Amma yenə də polis idarələrində zorakılıq problemi birdəfəlik həll olunmur, vaxtaşırı bu cür hadisələr mediaya çıxır.


Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə bunun səbəbini bəzi hüquqi normativlərin yoxluğunda görür: «Ötən il belə bir qanun qəbul elədik. Orda göstərilmişdi ki, gecə vaxtı saxlanılan şəxsdən ifadə alına bilməz. Bu mütləq iş saatlarında olmalıdır. Amma Mingəçevirdəki polis zabiti qanunu pozub qətlə yetirilən adamdan səhər saat 5-dən 7-yə qədər izahat almışdı. Bizim çalışdığımız odur ki, müvəqqəti saxlama təcridxanaları polisdən alınıb Ədliyyə Nazirliyinə verilsin. Hər halda bu addım belə hadisələrin qarşısını qismən də olsa, alar».


Keçmiş polis rəisi, vəkil İsaxan Aşurov isə hesab edir ki, Azərbaycanda müstəqil məhkəmənin olmaması polis özbaşınalığına meydan açır: «Şikayətlər bir qayda olaraq, heç bir fayda vermir. Bəzən hətta hakimlər iri polis özbaşınalığı barədə qərar çıxarmaqdan qorxurlar. Əfsus olsun ki, müstəqil məhkəmə sistemi olmadığından polisdə zorakılıq halları geniş yayılıb».


Son vaxtlar polis orqanlarına ciddi ictimai nəzarətin yarandığını deyən millət vəkili Aydın Mirzəzadənin fikrincə, bu nəzarəti həyata keçirməkdə mətbuatın rolu böyükdür.


İsaxan Aşurov isə vətəndaş fəallığını önə çəkir. Cənab Aşurov deyir ki, vətəndaş polis idarəsində saxlanarkən, mütləq vəkilin xidmətindən istifadə etməlidir:


«Döyüb öldürəndən sonra onun qohumlarının yanına gedib barışıq təklif ediirlər…Daha nə barışıq? Vətəndaşların münasibətindən çox şey asılıdır.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, polisdə saxlanılan şəxslərlə münasibətlər daim nəzarət altındadır, ara-sıra xoşagəlməz hadisələr yarananda isə nazirlik dərhal cəza tədbirləri görür. Cənab Zahidovun fikrincə, elə Mingəçevirdə baş vermiş hadisədən sonra bir neçə polis əməkdaşının cəzalandırılmasını buna sübut saymaq olar. Qarabağ veteranı Rasim Əlişovun ölümüylə bağlı başlanan cinayət işinə gəlincə isə, Mingəçevirin prokuroru Ağarəhim Rəhimov əmin edir ki, istintaq obyektiv aparılacaq.


XS
SM
MD
LG