Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:53

Azərbaycanın diplomatik korpusu öz missiyasını necə yerinə yetirir?


Diplomatlar növbəti iki il üçün fəaliyyət planını qapalı müzakirə edirlər
Diplomatlar növbəti iki il üçün fəaliyyət planını qapalı müzakirə edirlər

Azərbaycanın diplomatik korpusu təmsilçiləri ilə 2004-cü ildə keçirilən birinci müşavirədə prezidentin səsləndirdiyi göstərişlərin yenidən bəyan olunmasının səbəbi görünür, ölkə başçısı İlham Əliyevin bəzi səfirlərdən narazılığı ilə bağlıdır. O, diplomatlar qarşısındakı çıxışında Azərbaycanın xarici siyasətində prioritet sayılan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bəzi səfirlərin aktiv olmadığını və iki il öncə verilən tövsiyələrin yerinə yetirilmədiyini bildirib: «Bəzi səfirliklər bu tövsiyələri yerinə yetirmirlər. Mən tələb edirəm ki, bütün səfirliklər bu praktikanı gündəlik fəaliyyətlərində tətbiq etsinlər. Biz informasiya siyasətinə keçməliyik. Ermənistanın işğalçı siyasətini ifşa etməliyik».


Amma rəyini bildirən səfirlərin qənaətincə, iki il ərzində onlar bu istiqamətdə az iş görməyiblər. Buna görə də Azərbaycanın sabiq xarici işlər naziri, indisə Polşadakı səfiri Vilayət Quliyev prezidentin iki il əvvəlki tövsiyələri təkrarlamasını fəaliyyətsizliyin nəticəsi kimi qiymətləndirmədi: «Bütün səfirliklər işləyir. Nə qədər kitablar çap edilir, təbliğati materiallar yayılır. İş gedir…»


İlham Əliyev səfirlərlə görüşündə qeyd edib ki, Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistanın əksər ölkələrdə səfirlik açmaq imkanı olmadığından, həmin missiyanı erməni lobbisi üzərinə götürüb. Ermənistan Azərbaycan torpaqlarını işğal etsə də həmin lobbinin sayəsində bəzi ölkələrdə başqa təsəvvür yaranıb. Prezident səfirləri bu məqamları nəzərə alaraq yeni üsullarla işləməyə dəvət etdi.


Günün ikinci yarısında qapalı keçirilən iclasda isə xarici işlər naziri Elmar Məmmədyarovun və prezidentin Dağlıq Qarabağ üzrə nümayəndəsi Araz Əzimovun çıxışları olub. Amma söhbətləşdiyim diplomatlar hökumətdən konkret fəaliyyət planı, tapşırıq gözləyirlər. Peşəkarların da qənaətincə, bu yöndə özfəaliyyətlə məşğul olmaq düzgün deyil.


Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibzadənin qənaətincə, Dağlıq Qarabağla bağlı strateji xətt, proqram olmadığından sistemli iş getmir. Buna görə də yalnız diplomatları qınamaq olmaz. Sabiq səfirə görə, metodlar dəyişdirilməlidir. Bu isə bir səfirin və ya nazirliyin işi deyil.


«Hökumətin elan olunmuş strategiyası olmalıdır. Ümidlərini Minsk Qrupuna bağlayırlar. Bu yanlışdır. Bu Azərbaycanın problemdir. Bütün səylər də bu problemin həllinə yönəlməlidir».


Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğlu isə ümidvardır ki, bu müşavirədən sonra hər diplomatın masası üstündə konkret fəaliyyət planı olacaq: «Yeni üsullar deyəndə prezident Qarabağ siyasətində yeni siyasəti nəzərdə tutmur. İş metodunda yeni yollar düşünülür. Bu da mətbəxə aid məsələdir. O da plenar iclasda müzakirə olunacaq və konkret fəaliyyət planı müəyyənləşdiriləcək».


Azərbaycanın sabiq xarici işlər naziri, indi də Latviyadakı səfiri Tofiq Zülfüqarov prezidentin tövsiyələri haqda qəti fikir söyləməyin tez olduğunu düşünür. O deyir ki, bu haqda düşünmək, diplomatik korpusla fikir mübadiləsi aparmaq gərəkdir. Amma o da güman edir ki, bu toplantının sonunda hər bir səfirin qarşısında qəti vəzifələr qoyulacaq.


Ölkə başçısının dediyi kimi bəzi diplomatların fəaliyyətsizliyinin bir səbəbi də onların peşəkar olmamasından irəli gəlir. Düzdür, artıq hökumət bu yöndə bəzi addımlar atır, Xarici İşlər Nazirliyi yanında Diplomatiya Akademiyası yaradılıb. Hər halda, müşavirə bundan sonra da davam edəcək və onun nəticələri haqda həftəsonu danışmaq mümkün olacaq. Hələlik növbəti iki ildə fəaliyyətlə bağlı qapalı müzakirələr gedir…


XS
SM
MD
LG