Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:38

«Dünyanın hər yerində sənətçiyə ehtiyac var»


Əli Eminoğlunun əsərlərindən biri: «Göyərçin, At və Kaman»
Əli Eminoğlunun əsərlərindən biri: «Göyərçin, At və Kaman»

AZADLIQ: Əli bəy, keçid dönəmində çətinliklər insanları xarici ölkələrə üz tutmağa məcbur edir. Bir peşəkar kimi, söyləyin, Türkiyədə özünüzü təsdiqlətmək çətin olmadı? Yəni Türkiyənin rəssamlara çoxmu ehtiyacı var?


ƏLİ EMİNOĞLU: Təkcə Türkiyədə deyil, dünyanın hər yerində sənət adamlarına ehtiyac var. Özümü təsdiqləməyə gəlincə, təbii ki, çətin oldu. Öncə İzmirə getdim və 1994-cü ildən 1998-ci ilədək orada çalışdım. 1998-ci ildə İstanbula gedincə, sənət həyatının məhz orada cəmləşdiyinə əmin oldum.


AZADLIQ: Yəqin dil yaxınlığı olmasaydı, başqa ölkəni seçərdiniz?


ƏLİ EMİNOĞLU: Yəqin. Hərçənd, sənətçilər, özəlliklə rəssamlar üçün universal bir dil var – rənglər!.. Hansı dildə danışsalar da rəssamlar bir-birini gözəlcə anlaya bilirlər.


AZADLIQ: Əli bəy, Türkiyədə dərs də deyirsiniz. Təhsil sistemlərini müqayisə edəndə, hara daha irəlidə görünür – Türkiyə, yoxsa Azərbaycan?


ƏLİ EMİNOĞLU: Türkiyə yaşamımın ilk çağlarında Azərbaycan təhsil sisteminin bəzi üstünlüklərini gördüm – erudisiya, müxtəlif bilgilər baxımından. Ancaq indi Türkiyəni daha irəlidə görürəm. İnsan faktoru daha öndə kimi görünür. Son illər Türkiyədə təhsil sisteminin sürətlə inkişaf etməsi danılmazdır.


AZADLIQ: Azərbaycanın sənət heyranları ilə Türkiyəliləri tutuşduranda, ortaq nöqtələr çoxdur, yoxsa fərqlər?


ƏLİ EMİNOĞLU: Ortaq nöqtələr, təbii ki, yox deyil – bütövlükdə eyni dil və kültürə söykənirik. Di gəl, fərqli yönləri daha çox görürəm – peşəkar sənətə bağlılıq və sənəti dəyərləndirmə baxımından.


AZADLIQ: «Qurdlar vadisi» teleserialıyla da bağlılığınız var. «Azadlıq» radiosunu dinləyənlərə bu bağlılığı açıqlardınızmı?


ƏLİ EMİNOĞLU: İnternet vasitəsilə əsərlərimə çıxmış və bəyənmişdilər. Baş qəhrəman Polad Ələmdarın sağında və solunda öz rəsmlərini görmək hər hansı rəssama, sözsüz ki, xoş gələrdi. Bunu Türkiyə kinematoqrafçılarının yaradıcılığına bir Azərbaycan sənətçisinin kiçicik qatqısı kimi də dəyərləndirmək olar.


AZADLIQ: Əli bəy, Türkiyədə Azərbaycan mədəniyyətinə qıraqdan baxmaq imkanı qazandınız. Nələr üz güldürdü, nələr qan qaraltdı?


ƏLİ EMİNOĞLU: Nə qədər böyük bir mədəniyyətə sahib olduğumuzun fərqində olmamağımız məni kədərləndirir. Türkiyədən Azərbaycana baxanda mədəniyyətimizin cizgiləri daha aydın görünür. Çox zəngin bir mədəniyyətin daşıyıcıları olduğumuz danılmazdır. Başqa deyimlə, eyni şey həm üz güldürür, çünki böyük mədəniyyətin varisləriyik...həm də qan qaraldır, çünki fərqinə varmırıq, qoruyub-gəlişdirmirik...


Buna da bax:

XS
SM
MD
LG