Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:38

Avropa Məhkəməsi Azərbaycanla bağlı 13 şikayəti icraata götürüb


Avropa İnsan Hüquqları Məhkəməsi, Strasburq, Fransa, 6 noyabr 2003
Avropa İnsan Hüquqları Məhkəməsi, Strasburq, Fransa, 6 noyabr 2003

Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) Azərbaycanda keçirilən son parlament seçkiləri ilə bağlı indiyə qədər ümumilikdə 30-a yaxın şikayət göndərilib. Amma bu şikayətlərin icraata götürülməsi, hələ onlara 100 faiz baxılacağı anlamına gəlmir. Şikayətlərə baxılması, onların AİHM-in tələblərinə uyğun hazırlanmasından və iddiaçı tərəfin öz mövqeyində axıra qədər israr edib-etməməsindən asılıdır. Yəni Azərbaycandakı bütün məhkəmə mərhələlərindən keçdikdən sonra Avropa Məhkəməsinə müraciət etmək olar və bu müraciəti yalnız zərərçəkənin özü göndərməlidir. Üstəlik, iddiaçı ilə anlaşma olarsa, onda şikayətə sözügedən məhkəmədə baxılmağa ehtiyac qalmaz. Bununla belə, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev bugünlərdə icraata götürülən son 13 şikayətə baxılacağına çox böyük ümid bəsləyir. Cənab Əliyevin sözlərinə görə, onun da şikayəti daxil olmaqla, bütün bu müraciətlər Avropa Məhkəməsinin tələblərinə tamamilə uyğun hazırlanıb. Bu şikayətlərlə nəyə nail olmağa gəldikdə isə, İntiqam Əliyev etiraf edir ki, AİHM heç bir dairədə seçkinin nəticələrini ləğv edən deyil. Çünki bu məhkəmədə seçkilərin nəticələri dəyərləndirilmir. Sadəcə, hansısa dairədə seçki huüququnun pozulması qeyd edilə və nəticə olaraq Azərbaycan hökumətindən zərərçəkənə kompensasiya ödəmək tələb edilə bilər. Təbii ki, əgər zərərçəkən kompensasiya tələb edirsə. İntiqam Əliyev: «İkincisi, Avropa Məhkəməsi şikayəti təmin edərsə bu, həmin şikayətə yenidən Azərbaycan məhkəmələrində baxılması üçün əsas ola bilər».


Cənab Əliyev yada salır ki, Avropa Məhkəməsinin qərarı Avropa Şurasına üzv olan ölkələr üçün məcburi xarakter daşıyır. AİHM-də icraata götürülən şikayətlərdən biri də 15 saylı Yasamal 1-ci Seçki Dairəsi ilə bağlıdır. Həmin dairədən millət vəkili seçilən Yeni Azərbaycan Partiyasının üzvü Gülər Əhmədova deyir ki, bütün bu şikayətlər parlament seçkilərinin nəticələrinə kölgə sala bilməz. Çünki parlament seçkilərində müəyyən nöqsanları çıxmaqla xalq öz iradəsini ifadə edib: «Seçkini keçirənlər də, seçkidə iştirak edənlər də sovet sisteminin məhsullarıdır. Və təbii ki, biz müasir sistemlərin ənənələrini öyrənməyə çalışırıq və yenə də öyrənməyə hazırıq. Buna zaman lazımdır».


Beynəlxalq Xüsusi Hüquq Şirkətinin rəhbəri Ataxan Əbilov isə deyir ki, AİHM-ə göndərilən şikayətlərin təmin edilməsi Avropa Şurasında Azərbaycan haqqında mənfi rəyin formalaşmasına gətirib çıxara bilər. Çünki Azərbaycan Avropa Şurasına üzv olarkən azad və ədalətli seçkilərlə bağlı öhdəlik götürüb: «Avropa Şurası təzədən bu öhdəliyi Azərbaycana xatırlada bilər. Çünki Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edir».


Azərbaycan Avropa Şurasına 2001-ci ilin yanvarında daxil olsa da, ölkə vətəndaşları yalnız 2002-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı əldə edib. O vaxtdan indiyə kimi Azərbaycandan Avropa Məhkəməsinə təxminən 1000-ə yaxın şikayət göndərilsə də, bu şikayətlərin heç birinə baxılmayıb. Yalnız bir neçə iddiaçı ilə Azərbaycan hökuməti arasında məhkəməyə qədər razılaşma əldə edildiyindən onların şikayətləri müsbət həllini tapıb.


XS
SM
MD
LG