Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:51

«Jurnalistlərə qarşı təqiblərə son qoyulmalıdır»


JMK beynəlxalq təşkilatları Azərbaycanda mətbuat azadlığı ilə bağlı yaranmış vəziyyətə diqqəti artırmağa çağırır
JMK beynəlxalq təşkilatları Azərbaycanda mətbuat azadlığı ilə bağlı yaranmış vəziyyətə diqqəti artırmağa çağırır

«Jurnalistlərin Müdafiə Komitəsi Azərbaycanda mətbuat nümayəndələrinin həbs olunmasından çox narahatdır. Komitənin mövqeyi belədir ki, jurnalistlər yazdıqları yazılara görə, heç vaxt təqib və ya həbs olunmamalıdırlar». Bu barədə «Azadlıq» radiosuna mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsinin (JMK) Avropa və Orta Asiya üzrə proqramların əlaqələndiricisi Nina Oqnyanova bildirib.


Komitə nümayəndəsinin sözlərinə görə, onun təmsil olunduğu təşkilat Azərbaycanda jurnalistlərə qarşı məhkəmələrdə qaldırılan işlərin siyasi mahiyyətli olmasından narahatdır. Misal kimi Nina Oqnyanova Daxili İşlər naziri Ramil Usubovun bir sıra qəzet redaktorlarına qarşı şərəf və ləyaqətinin müdafiəsi və böhtanla bağlı məhkəmədə iddia qaldırdığını qeyd edir: «Azərbaycanda mətbuat azadlığı müxalifət və müstəqil mediaya qarşı siyasilərmiş məhkəmə işləriylə korlanıb. Jurnalistlər tez-tez böhtanla bağlı işlərlə üz-üzə qalır, tənqidi yazılarına görə cinayət məsuliyyətinə cəlb olunurlar. Bu təqiblərə son qoyulmalıdır».


Avqustun 10-da cənab Usubovun iddiası əsasında «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli barəsində şərti olaraq bir il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılıb. Ramil Usubovun «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevə qarşı iddiası isə məhkəmədədir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov bildirir ki, əgər söhbət şərəf və ləyaqətin tapdanmasından və polisə qarayaxmadan gedirsə, o zaman nazirliyin məhkəməyə müraciətdən başqa yolu qalmır.


Son vaxtlar Daxili İşlər nazirinə qarşı tənqidi yazılarla çıxış edən «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev isə Ramil Usubovdan üzr istəmək niyyətində deyil. Cənab Fətullayev prosesin onun mənəvi qələbəsiylə başa çatacağına inanır. Jurnalistlərin Müdafiə Komitəsi qərb hökumətlərini və beynəlxalq təşkilatları Azərbaycanda mətbuat azadlığı ilə bağlı yaranmış vəziyyətə diqqəti artırmağa çağırır. Nina Oqnyanova: «Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətin narahatçılığına əhəmiyyət verməli və jurnalistlərə qarşı siyasi təqiblərin dayandırılması üçün əlindən gələn hər şeyi etməlidir».


XS
SM
MD
LG