Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:55

Direktor müavini: «Orta məktəblərdə korrupsiya baş alıb gedir»


Təhsildəki problemin səbəblərindən biri də «Təhsil haqqında» qanunun olmamasıdır
Təhsildəki problemin səbəblərindən biri də «Təhsil haqqında» qanunun olmamasıdır

«Məktəbimizdə bütün sahədə problemlər var. Sinif otaqları süni şəkildə artırılır, normal sinif otaqlarını iki yerə bölüb havasız mühit yaradırlar. Şagirdlərdən vəsait toplanması baş alıb gedir...» Bakının Yeni Yasamaldakı 286 saylı orta məktəbin direktor müavini İxtiyar Poladlı belə deyir. O, çalışdığı məktəbin ötən tədris ilində üzləşdiyi problemlərdən gileylidir. Deyir ki, hazırda orta məktəblərdə korrupsiya o həddə gəlib çatıb ki, şagird nə müəllimə, nə də məktəb rəhbərliyinə məhəl qoyur. Şagirdlərin heç imtahandan da qorxusu yoxdur. İxtiyar müəllimin dediyinə görə, məktəblərdə buraxılış imtahanlarının cavabları imtahandan bir həftə əvvəl əllərdə gəzir. Yəni şagirdlər imtahana əvvəlcədən pul verib aldıqları cavablarla gəlirlər.


Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də iddia edir ki, ötən il İmişli və Xətai rayon məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında testlərin cavabları əvvəlcədən şagirdlərə məlum idi. Onun fikrincə, orta məktəblərdə rüşvət hallarının artması, kadr siyasətinin düzgün qurulmaması və digər problemlər «Təhsil haqqında» qanunun olmamasından qaynaqlanır: «Bu problemləri aradan qaldırmağın üç yolu var. Məktəblərin iqtisadi inkişafı üçün ayrıca qanun olmalı, müəllimlərin maliyyə problemləri yaxşılaşdırılmalı, üçüncü isə məktəblərdə mənəvi-psixoloji mühit yaradılmalıdır».



"Bəzi məktəblərdə buraxılış imtahanlarının cavabları imtahandan bir həftə əvvəl əllərdə gəzir."

Təhsil Nazirliyindən isə bildirdilər ki, bu il yaradılan Bakı şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərdə olan neqativ halların aradan qaldırılması ilə birbaşa məşğul olacaq. Nazirliyin Strateji Təlim Planlaşdırma Şöbəsinin rəhbəri Fərzəli Qədirov deyir ki, müəllimlərə maaşların kart sistemi ilə verilməsi də rüşvət hallarının aradan qaldırılmasında müəyyən rol oynayacaq. O ki, qaldı imtahan cavablarının şagirdlərə satılmasına, cənab Qədirov deyilənlərlə razılaşmır: «15-20 faiz şagird attestat ala bilmədi. Cavablar əllərdə olsaydı, onda hamı qiymət alardı. Bu il də bir çox məktəblərdə buraxılış imtahanları bu qaydada keçiriləcək».


Fərzəli Qədirovun dediyinə görə, nazirlik sinif otaqlarını süni şəkildə deyil, yeni məktəb binaları tikməklə artırır. Yeni tədris ilində ümumilikdə 116 məktəb binası və əlavə korpus istifadəyə veriləcək. Orta məktəblərin kompyuterləşdirilməsi haqqında dövlət proqramına əsasən, bu il 800-dən çox məktəbə kompyuter paylanacaq, elektron tədris vəsaitləri hazırlanacaq. Nəinki informatika, həm də digər fənlərin tədrisində kompyuterlərin tətbiqi üçün müəllimlərə treninqlər keçiriləcək.


«Təhsil haqqında» qanuna gəlincə isə, Milli Məclisin Elm və Təhsil Daimi Komissiyasından verilən məlumata görə, hazırlanan qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.


XS
SM
MD
LG