Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:41

Əli Əkbər «erməni agentləri»ndən yazır


Əli Əkbər
Əli Əkbər

-

"OxuZalı"nda ən çox oxunan

“Əəə qoduğ, sənin hələ dilin də var, danışırsan? Əə, o erməni anandı, bacındı ona şəkil göndərirsən?"

Gördüm yox, bu söhbət çox uzanır. Telefonu çıxarıb rəhmətlik Anar Məmmədxanovu yığdım.

Əli Əkbər

ERMƏNİ ANAM-BACIM

2007-cı ilin xoş bir bahar günündə, əməkdaşlıq etdiyim Day.az saytından rusdilli kolleqam zəng elədi.

Cəfər Cabbarlının heykəli önündə görüşək dedi.

Görüşdük, görüşün səbəbi də məlum oldu - Ukraynanın NTN telekanalında işləyən, erməni əsilli və keçmiş bakılı Kristina İsayan adlı qadından, Day.az üçün müsahibə almışdı.

Müsahibə xeyli səs-küy salmışdı, adamlar Day.az-ı dağıdırdılar.

Zaman o zaman idi ki, Day.az ölkədə bir nömrəli media resursu idi. İsayan xanım isə müsahibəsinə Bakını, bakılıları o ki var tərifləmişdi, çox “ilıq” sözlər demişdi. Nə qədər adam kövrəlmişdi, “kaş bütün ermənilərdə Kristinanın qeyrəti olaydı” kimi cümlələr qururdular.

Nə başınızı ağrıdım, bu jurnalistin sözündən belə çıxdı ki, “Kristina Bakıda doğulub boya-başa çatdığı həyəti, tut ağacını, qonşularını, evini bir daha görmək istəyir. Xahiş edib ki, həyətinin şəkillərini çəkib ona göndərim”.

Bu da tək getmək istəmir, özünə yol yoldaşı axtarır. Dedim “səndə həvəs var, ondansa gedək vuraq”. “Google Earth” proqramı o illərdə artıq qan eləyirdi. Dedim “Ordan girsin baxsın həyətlərinə. Mən burdan-bura Sovetskiyə getmirəm, Google Eartha girib doğulduğum məhləmizə baxıram”.

Amma Kristinaya həyətinin dəqiq təsvirləri lazım imiş. Axır razı saldı məni, qoşuldum buna. Gəlib çıxdıq həmin ünvana. Dəmir darvazanı açıb keçdik xudmani, dörd evli həyətə. Rusdilli jurnalist kamerasını çıxartdı başladı şaqqıldatmağa - tut ağacını çəkdi, həyətdəki “zaxod”u çəkdi, sonra qabağımıza çıxan ilk qapını döydü. Bir orta yaşlı qadın açdı, gəlişimizin səbəbinə maraqla qulaq asdı. Kristinanı tanıyıb-tanımaması sualına sevincək, gülərüzlə cavab verdi. Dedi, “Əlbəttə tanıyıram, balaca qız idi, evimizdə olurdu bütün gün. Sonra bu dava başladı, qaçıb getdilər”.

Rusdilli jurnalist “Bəs hansı evdə qalırdı?” soruşanda, qadın soldakı qapını göstərdi və nə üçünsə alçaq səslə dedi: “İndi bu evdə ...lı qaçqınlar qalır”.

Rusdilli jurnalist kamerasını qadın deyən tərəfə tuşlayıb şaqqıldatmağa qoyuldu ki, Kristinaya evlərinin son halını göstərə bilsin.

Elə bu məqamda qapı açıldı. O qapı açılan kimi, köhnə bakılı arvadın qapısı bağlandı.

Açılan qapıdan, yəni Kristinagilin köhnə evindən, yalan olmasın rahat bir yeddi-səkkiz müxtəlif cins və yaşda adamlar həyətə tökülüşdü, bizi mühasirəyə aldılar. Xüsusi entuziazmı ilə seçilən yaşlı bir qarı prosesə başçılıq edirdi.

Bu yaşlı qadın, rusdilli jurnalistə konkret sual verdi: “Evimi niyə çəkirsən?” O da gözünə döndüyüm qayıtdı ki, “sizdən əvvəl burada yaşayan ermənilər xahiş ediblər, mən də çəkirəm ki, axşam internetlə göndərim, baxıb rahatlaşsınlar, xiffət çərlədib orda onları...”

Elə bunu demişdi ki, Ərdəbil şəbehi başladı. Yaşlı qadın saçlarını yola-yola qışqırdı: “Vaxsey ermənilər gəlib!”. Sonra rusdilli jurnalistin vücuduna öz ayağını daxil edəcəyinə söz verdi. Evdən çıxanlardan ikisi qaça-qaça küçəyə çıxıb, ikicə dəqiqəyə iki polislə qayıtdılar. Biz də bu iki dəqiqədə nələr eşitmədik, nələr görmədik – insan əzalarının müxtəlif tonallıqlarda xatırlanmasından tutmuş, bizə kəllə atmağa çalışan oğlanlara qədər. Zəngin palitra idi.

Polislər qolumuza girib, gətirdilər bizi ikicə addımlıqdakı ... rayon polis idarəsinə. Qaldırdılar rəisin yanına. Bu arada, rusdilli jurnalistə ayağını daxil etmək istəyən hiperaktiv qadın da bizi, qışqıra-qışqıra müşayiət edirdi.

Əvvəl polislər rəisə məruzə elədilər ki, bunlar ermənilər üçün şəkil çəkir, sonra qadın həyətlərinə girən ermənilərdən necə qorxduğunu və “davleniyası” qalxdığını dedi, bir az da ağladı. Növbə bizə çatanda, rəis dedi: “Alçaqlar, xainlər, oğraşlar! Erməni sukaları! Getdiz eeee, əlli-ayaqlı getdiiiiz”. Tez kiməsə zəng eləyib çağırdı, arvada dedi “danış yazaq, basaq bunları dama, heyf ki, güllələnməni yığışdırıblar...”

Rusdilli jurnalist rəisə qəribə-qəribə baxırdı, arada gülürdü, nəsə şitdiyi tutmuşdu o gün. Gördüm danışmır, bu gedişlə sonumuz doğrudan da qazamatdır, təşəbbüsü öz üzərimə götürdüm.

“Cənab ..., siz indi demək istəyirsiniz ki, həyətdəki dər-divarı, ağacı çəkmək və erməniyə göndərmək cinayətdir?”

“Əəə qoduğ, sənin hələ dilin də var, danışırsan? Əə, o erməni anandı, bacındı ona şəkil göndərirsən? Əzizlərindi? Özün də ermənisən elə. İkiniz də ermənisiniz...”

Gördüm yox, bu söhbət çox uzanır. Telefonu çıxarıb rəhmətlik Anar Məmmədxanovu yığdım. Rusdilli jurnalist etiraz eləmək istədi ki, “xırda şeyə görə bəlkə narahat etməyək”. Təsəvvür edirsiniz? Xırda şeymiş.

Şerif. Raport
Şerif. Raport

“Anar salam, necəsən... Sağ ol, yaxşıyam. Filankəsləyəm... Yox, vurmuruq. Polis idarəsindəyik... Tutub gətiriblər bura... Kristina İsayanın həyətini çəkirdik... Kristina İsayan da, müsahibəsini verməmişdik? Həmin Kristina... Hə, xahiş eləmişdi... Bizi? Kristinanın evində indi yaşayanlar bizi görüb bərk əsəbiləşdilər, sarsıntı keçirdilər... Polis çağırdılar...”

“Sən ver telefonu rəisə”.

“Buyurun, sizinlə danışmaq istəyən var” deyib, telefonu rəisə verdim, qayıdıb yerimə oturdum, ayağımı ayağım üstə aşırıb başladım tamaşa eləməyə.

Rəis, qulağında telefon, kiçildikcə kiçilirdi. Sözün bütün mənalarında. Səs tonunun radikal dəyişməyi bir yana, özü cismən də stolun altına sürüşürdü. Nə bilim, dəhşətli mənzərə idi. Rəis kiçildikcə, əsəbi qadının sifəti də dəyişirdi, proqram “error” vermişdi. Rəisin dediklərindən yadımda qalanlar isə bunlardır:

“Yox Anar məllim. Hərbi obyekt zad deyil, Anar məllim. Yox, strateji əhəmiyyətli deyil, Anar məllim. Bəli Anar məllim, elə belə, adi həyətdir... Mən də bilmirəm, Anar məllim, uşaqlar tutub gətiriblər... Yoox, sizin əməkdaşlar olduğunu demədilər Anar məllim... Baş üstə, Anar məllim...”

Hə, bir də baxışlarını heç vaxt unutmaram: “Məni xilas elə, məni bağışla” demək istərcəsinə baxırdı.

Rusdilli jurnalist şahidimdir. Arzu edərsə, nəzərimdən qaçan epizodları da özü danışar. Mübaliğəm varsa da, düzəldər.

***

Artıq məni heç nə ilə təəccübləndirmək olmaz.

Sözüm odur ki, mən bunların erməni ifşa edərkən düşdüyü gülünc vəziyyəti də görmüşəm.

Mən, erməni ifşa edənlərə gülənlərin, bir fotoya görə polis rəisindən itin sözünü eşidənlərin sonradan hansı səviyyələrə yuvarlandığını da görmüşəm. İndi özü ona-buna agent deyib gəzir.

O agentdir, bu agentdir, erməniyə sirr satdı, nə bilim nə. Nə çox sirləriniz var, nə çox adama agahdır bu sirlər. Nə çox adam vətənini satmağa həvəslidir. Bu nə xalqdır axı belə? Guya bunlar xalq, vətən dərdlisidir. Sözlərindən belə çıxır bu xalq satqındır, hamısı ucdan tutma vətənini satır.

Ax! Yaltaqlara nə girəvə düşüb indi, necə düzülüblər oçeredə. Bəh bəh.

Mən nə qaçqınların mənsub olduqları rayonun, nə polis idarəsinin, nə də o jurnalistin adlarını ona görə çəkmədim ki, bunların heç birinin önəmi yoxdur. Azərbaycanda hamı bu gündədir və getdikcə hamı bir-birinə oxşayır.

Bu şəbehin ən iyrənc tərəfi isə odur ki, heç kəs özünün sabah “agent, şpion, erməni sukası” olmayacağına zəmanət verə bilməz bu ölkədə. Heç kəs. Heç bir Allah bəndəsi.

“Narkomanlar”a çox ciddi rəqib gəldi və mövqelərini gücləndirir – “erməni agentləri”.

P.S. Anar bu hakimiyyətin tərəfində idi. Amma Anarı öldürən da bax belə səviyyəsizliklər oldu. Ona “qardaşım”, “dostum” deyənlər isə, indi səviyyəsizliyin kosmosundadırlar. Anar bilirdi, niyə ölürdü.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG