Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:45

Rafiq Tağının sevimli mahnısı...


Rafiq Tağı
Rafiq Tağı

-

O, hücuma hazırlaşanda 18 yaşlı adam kimi amansız olurdu...

Cəmi bir illik mehriban münasibətdən sonra gözlənilməz bir mübahisə ilə münasibətimiz bitdi...

Namiq Hüseynli

RAFİQ TAĞININ SEVİMLİ MAHNISI...

(Avqustun 5-i mərhum yazıçı Rafiq Tağının doğum günüdür)

Yadımdadır ki, biz ilk dəfə “Elmlər metrosu”nun yaxınlığındakı “Zebra” kafesində tanış olmuşduq.

Sonra “Kalistro”, sonra Müsavat Partiyasının qərargahındakı çayxana, sonra Nərimanov parkındakı çayxana...

Elə ilk görüşdə o demişdi ki, 500 hekayə yazıb və oğlu kompyuterinin yaddaşını format edəndə hamısını pozub, sonra onları geri qaytarmaq üçün aylarca çalışıb.

Növbəti bir görüşdə demişdi ki, muğama saatlarla qulaq asmağı sevir, xalq mahnılarını sevir, hamısından çox “Sən yadıma düşəndə” mahnısını sevir, özü də Elmira Rəhimovanın ifasında.

Bir dəfə demişdi ki, günlərin bir günü təcili yardım xəstəxanasında gecə növbəsindəykən bir evə gedir, ölüm ayağında olan bir adamı həyata qaytarmaq üçün böyük səy göstərir, adamı xilas edir və ev yiyəsi olan nurani qadın zəhmətinin qarşılığında ona verməyə dəyərli heç nəyi olmadığı üçün içinə bir ovuc Məkkə torpağı doldurulmuş sellofan torbanı ovcuna basır. Ürəkdən gülə-gülə bu hadisəni nəql edirdi. Məcburiyyət qarşısında torbanı götürüb çantasına qoymuşdu.

O, Moskvadakı həyatından danışmağı sevirdi, həbsxanadan danışmağı sevirdi, təcili yardım həkimi kimi yaşadığı macəraları danışmağı sevirdi. O danışanda gözləri böyüyürdü, üzünə işıq gəlirdi, səsi gurlaşırdı, yumruğunu sıxıb əlini havaya qaldırırdı, ən axırda ürəkdən gülməyi sevirdi, mən o gülməyi ondan sonra daha heç kimdən eşitmədim. Necə olubsa, onun qədər ürəkdən gülə bilən daha birisi yaddaşımda qalmayıb.

Ondan eşitdiyim ən zərif hekayələr universitet illərindəki sevgi hekayətləri idi. Onun qadınlara yanaşmasında bir rus, avropalı yanaşması vardı. Axı uzun illər Rusiyada yaşamışdı. Bir dəfə bir çayxanada oturub çay içərkən orta yaşlı xidmətçi xanımın əzgin halını görüb, tez həkim kimliyinə düşüb, xanımı müayinə etmişdi, dərman adları demişdi, xanım o qədər əzgin idi ki, heç nəyə doğru-düzgün reaksiya vermirdi. Birdən o durub harasa getdi, yoxa çıxdı. 5-10 dəqiqə sonra bir qucaq soyuqdəymə əleyhinə dərmana qayıtdı. (Ardı aşağıda)

Eşitdiyimə görə, ilk arvadı ilə də təcili yardım həkimi qismində müayinəyə getdiyi evdə tanış olmuşdu. Arvadı onun xəstəsiymiş.

Deyirdi 1990-cı il 20 yanvar hadisələri ərəfəsində arvadıyla mübahisə edib və ayrılmalı olublar. Nəql edirdi ki, ona Bakıya köçməyi təklif etmişdim, o razılaşmırdı. Qorxurdum Rusiya ilə Azərbaycanın sərhədləri bağlanar, daha Azərbaycana gedə bilmərəm, vətəndən ayrı düşərəm.

Onun bütün xasiyyətlərini bir yerə toplayıb incələyəndə qəribə bir izaholunmazlıqla üz-üzə qalırsan. Ziddiyyət adamın beynini qarışdırır. Ancaq son dövrlər bütün bu ziddiyyətlərə bir izah tapa bilmişəm. Deməli, elə insanlar olur ki, 17-18 yaşdan sonra fiziki cəhətdən qocalsalar da, həyata münasibətdə, düşüncədə qocalmırlar. Bunu pafos, ya da tərif kimi demirəm, bu insanların bəzilərində görünən nadir fenomendir.

Dostları Rafiq Tağının məzarını ziyarət edir, Bakı 2 yanvar 2012
Dostları Rafiq Tağının məzarını ziyarət edir, Bakı 2 yanvar 2012

Mən onun nə vaxtsa qorxduğunu xatırlamıram. Onun şəxsi maraqları yox idi, şəxsi istəyi, şəxsi tələbi yox idi. O, hücuma hazırlaşanda 18 yaşlı adam kimi amansız olurdu və hücum etdiyi kim idi, nə idisə onun haqda ən qıcıqlandırıcı sözləri seçərdi və hər bir hücumu səs-küylə qarşılanardı.

O, ədəbi mühitdə özünə elə dostlar seçmişdi ki, o adamların düşüncələri onunkuna qətiyyən uyğun deyildi, amma çox dərin dostluq bağları vardı. Bilmirəm, bu prinsipsizlik idi, ya da həddən artıq gəncliyin göstəricisiydi? Hər halda öz mövqeyi uğrunda hər cür polemikaya hazır olan bir adam idi, amma onun dostları həqiqətən onunla yan-yana qoyulanda mənasını tamam dəyişən simalar idi.

Deyirdi AYB-də öz iştirakım olmadan iclas edib məni çıxartdılar, özü də nəyə görə? Səməd Vurğun haqda yazdığım bir cümləyə görə. Sonra o Rəsul Rza haqda da yazdı, Mirzə Cəlil haqda da, Sabir haqda da...

Onu yazıları öldürdü deməzdim, “onu yazacaqlarının xofu öldürdü” desək daha doğru olar. Onun düşüncəsində bütün miflər qoyulduqları taxçalardan düşürülməli, yenidən təftiş olunmalı, əsl dəyəri verilməli, dəyəri yoxsa, bir kənara atılmalıydı. Mif cansız olsa da, çox təhlükəli ola bilir bəzən.

Cəmi bir illik mehriban münasibətdən sonra gözlənilməz bir mübahisə ilə münasibətimiz bitdi. Məsələ ondadır ki, bir məclisdə mən oturub fransız şairi Artur Rembodan danışırdım. O dedi ki, sən belə bir adam haqda necə müsbət şeylər danışa bilərsən, o, avara və səfeh idi. Mənsə cavab verdim ki, axı onun adı dünya tarixində qalıb, sizdən daha çox tanınır. O isə bu sözlərdən əsəbiləşib mübahisəyə başladı.

Onunla bir də bıçaqlandığı gün təsadüfən qarşılaşdıq, çox mehribanca qucaqlaşdıq, mənə Rusiyada bir dərgidə çap olunmuş hekayələrini göstərdi. Sonradan öyrənəcəkdim ki, həmin vaxt onun qovluğunda həm də rus filosofu Berdyayevin kitabı varmış. Həmin gün onun ürəyinə vurulan bıçaqların qarşısını o qovluqdakı kitab alıbmış...

XS
SM
MD
LG