Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:55

Xarici qüvvələr cəbhədə gərginlik yaratmaqda nə dərəcədə maraqlıdır? [Video]


-

​Politoloqlar Azər Qasımlı, Fərhad Mehdiyev və Rasim Musabəyov bu barədə danışırlar.

«STATUS-KVONUN DƏYİŞMƏSİNDƏ AZƏRBAYCAN MARAQLIDIR»

Azər Qasımlı hesab edir ki, baş verənlər Rusiyanın Azərbaycana mesajıdır:

«Əsas məsələ budur ki, status-kvonun dəyişməsi kimin marağındadır. Ermənistan və Rusiya bu məsələdə elə də maraqlı deyil. Status-kvonun dəyişməsi Azərbaycanın marağında olmalıdır. Ancaq təbii ki, bunun ardınca hücum və torpaqların alınması baş verərsə, effektlidir. Azərbaycan ordusunun Qarabağda irəliləməsi məqsədyönlü olardı. Düşünürəm ki, Rusiya cəbhə açmaqda maraqlı deyil. Çünki Rusiyanın başı özünün problemlərinə qarışıb. Ona qarşı sərt sanksiyalar var. Digər tərəfdən, Rusiya Donetsk və Luqanskdakı hadisələrə ya müdaxilə etməlidir, ya da mövzunu qapatmalıdır. Rusiya iqtisadiyyatı sanksiyalardan itirir. Buna görə müdaxilə edə bilmir. Putin-ə daxildən də təzyiqlər var. Baş verənlər, sadəcə, Rusiyanın Azərbaycan tərəfə mesaj idi ki, Avrasiya İttifaqı üçün danışıqlara başlamalısan. Prezidentlərin görüşü də Rusiyanın eqidası altında keçirilən görüş olacaq».

«AZƏRBAYCAN İŞĞALLA BARIŞMIR, BARIŞMAYACAQ»

Rasim Musabəyov deyir ki, cəbhədəki gərginlik Azərbaycanın Ermənistana hərbi təzyiqidir:

«Rusiyanın və ya Qərbin müdaxiləsi fərziyyələrə söykənir. Real fakt budur ki, Azərbaycan işğalla barışmır, barışmayacaq. Azərbaycan erməni tərəfə diplomatik, informasiya, iqtisadi, hərbi təzyiqləri artırmaqda maraqlıdır. Cəbhədə yaranan gərginlik də bunun nəticəsidir. Atışmalar ilin əvvəlindən müşahidə olunur. Son olanlar isə kulminasiya idi. Digər tərəfdən, Ermənistan çalışır ki, vəziyyətə Rusiyanı cəlb edib atəşkəsi saxlasın».

«REJİSSOR RUSİYADIR»

Fərhad Mehdiyev düşünür ki, baş verənlər Rusiyanın planıdır:

«Putin-in müəyyən bir planı var ki, Azərbaycanı Avrasiya İttifaqına cəlb etsin. Azərbaycan isə istəyir ki, Rusiya ərazi bütövlüyünə dəstək olsun. Rusiya Azərbaycana mesaj göndərir ki, Ermənistana müəyyən təzyiqlər göstərmək olar, ancaq hücum əməliyyatları yoxdur. Ermənistan olanlardan bir az təşvişə düşüb. Rejissor Rusiyadır. Rusiyanın planı budur ki, Ermənistan bir neçə rayonu boşaltsın, əraziyə Rusiyanın sülhməramlı qüvvələri girsin. Əsas məqsəd Azərbaycanı Avrasiya İttifaqına gətirməkdir. Bu ittifaqın Azərbaycan üçün nə qədər uyğun olub-olmaması isə başqa məsələdir».

XS
SM
MD
LG