Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:56

Əkrəm Əylisli gərək Ramiz Mehdiyevdən yazsın...


Əli Əkbər
Əli Əkbər

-

Əkrəm müəllim indiki zamanda gərək Kəmaləddindən, Ziyadan, Ramiz Mehdiyevdən yazsın ki, oxucu da maraqla oxusun.

“Mərkəzi Komitənin sənaye üzrə katibi Əjdər Əzimoviç” adlı naftalin personajın yerinə, Rövnəq müəllim olsun, kitab əl-əl gəzsin...

Əli Əkbər

ƏKRƏM ƏYLİSLİ-MARMARİSLİ


Əkrəm Əylislinin ölkədən getdiyini oxudum (Yazıçı bu xəbəri təkzib edib - Oxu zalı).

Marmarisdə imiş.

Doğrusu, gözəl yerə gedib, düz edib.

Gərək canına qulluq eləsin, yazsın-yaratsın.

Yaşı keçməsəydi, deyərdim, siqareti də tərgitsin, amma Müslüm Maqomayev demişkən: “Mənə siqareti at deməyin, elə gözəl ömür yaşamışam ki, onu uzatmağın mənası yoxdur”.


Əkrəm Əylisli də gözəl ömür yaşayıb. Sovetlərdə nə qədər gözəl və keyfiyyətli yaşamaq mümkün idisə, yaşayıb. Bütün imtiyazlardan, imkanlardan yararlanıb. Tək o yararlanmayıb, amma imtiyazları haqsız əldə etmədiyini də göstərib. Nəsrini bəyənmirsinizsə, tərcüməçi kimi qəbul etməlisiniz. Dünya klassikasından neçə-neçə əsəri Azərbaycan sektoru onun tərcüməsində oxuyub. Sözüm onda deyil. Doğrudan da bu yaşda marazma yuvarlanmadan, adekvat proza yaradan adam alqışlanmalıdır.


Əkrəm Əylislinin yeni “Dağlar deyir ki, soyuqdur“ povestini oxudum. Özü onu “uzun hekayə” adlandırır və bu, daha dəqiq ifadədir. Bütün dünyada “uzun hekayə” var, amma “povest” nədir bilinmir.

Əkrəm Əylisli
Əkrəm Əylisli

Roman, hekayə haqda yazmaq bacarığım yoxdur, ona görə də tənqidçilərin bir əsəri əvvəldən sonadək analiz etmə istedadlarına həmişə heyran olmuşam. Hətta öz yazdıqlarım haqqında nəşriyyatlar məndən sinopsis istəyəndə itə dönürəm – bacarmıram bu işi, zorla deyil ki. Bir əsərin süjetini necə A4 vərəqə sığdırmaq olar? İki cümlədə məğzi çatdırmaq daha asandır, nəinki bir-iki səhifədə. Bu yazı da, Əylislini oxuduqca apardığım qısa qeydlərin bir araya toplanmasından alındı.


“Dağlar deyir ki, soyuqdur“ “Daş yuxular”ı xatırladır, davamı kimi görünür. Provokativ səslənsə də, bunu deməliyəm - sanki yazıçı bu əsəri yazan zaman “Daş yuxuların” atmosferindən hələ çıxmamışdı. Mən “Daş yuxular”ı rusca oxumuşam və çox bəyənmişəm. Bildiyimə görə, Əkrəm Əylislinin özü tərcümədən razı qalmayıb deyə, oturub bir daha ruscaya çevirib. Hər necə olubsa, ruscası çox uğurlu, dinamik alınıb. Əsərin dili canlıdır, uzun peyzajlarda belə qəribə dinamika hiss edilir. “Daş yuxular”dakı tülkü balası kimi, “Dağlar deyir ki, soyuqdur“ hekayəsində də Əylislinin caz improvizlərinə rast gəlirik – koramal, ağacda tut yemək həvəsi, Mehbalının gölü, kəndi qapı-qapı dolanan döyülmüş, qovulmuş, kimsəsiz, sahibsiz it. Bunların hamısı bizə tanış Əkrəm Əylisli ştrixləridir.


İmkanım olsaydı, müəllifdən soruşardım, “Məmməd, Mamed, Mamusta...” söhbəti ilə Çingiz Hüseynova və onun “Məhəmməd, Məmiş, Məmməd” romanına niyə sataşıb? Maqazin-paparazzi dili ilə desək, deyəsən, iki ağsaqqal yazıçının arasından qara pişik keçib. Yoxsa bu yaşda niyə sataşsın Çingiz müəllimə?


Sataşmaq dedim, hekayədəki “biədəb” sözlərdən də deyim. Əkrəm Əylisli bu dəfə onların sayını bol eləyib. Mən o vulqar sözləri bura köçürsəm də, redaktorlar siləcək. Ona görə, maraqlananlar əsəri özləri tapıb oxusunlar, onda bilərlər nə demək istəyirəm. Yəni Əkrəm Əylisli, Azərbaycan oxucusunun indiyə qədər iki-üç müasir yazıçının kitablarında rast gəldiyi ifadələrdən səxavətlə istifadə edib.


Əkrəm Əylisli sapına qədər sovet yazıçısıdır. Bunu inkar etmir, etməz, çünki mənası yoxdur. O, sovet yazıçısıdır. İmperiyanın çökməsi, iki yazıçımızı konkret vurub – Natiq Rəsulzadə ilə Əkrəm Əylislini. Çox yaradıcı şəxs sovet dağılanda xosunvay oldu, amma bu ikisi konkret zərbə aldılar. Natiq bakılı oxucularını, “qaqulya”ları, “madamka”ları, bir otaqlı evlərdə yaşayan iri sinəli, atlas xalatlı Tamaraları itirdi, indiyə qədər də özünə gələ bilmir.

Əkrəm Əylisli
Əkrəm Əylisli

Əkrəm isə ümumən imperiyanı və öz tusovkasını itirib. Onunla Qrant Matevosyan arasındakı dostluğun nə qədər möhkəm və səmimi olduğunu təsəvvür edirəm. “Drujba Narodov”, yaradıcılıq evləri, Moskva, Kiyev, Minsk, Yerevan, Bakı, Aeroflot, kabab, araq.. Əkrəm Əylislinin dünyası dağılıb, siz də deyirsiniz, ermənilər belə gəldi, soyqırım belə getdi. O ağrılardan ancaq “Daş yuxular” doğa bilərdi. Mən Əkrəmi o hücumlara sinə gərdiyi, o ağır dönəmi sınmadan keçdiyi üçün də alqışlamaq istəyirəm. Bu cür duruş gətirmək hər adamın işi deyil. İstəsəydi, Marmarisə o vaxt gedərdi, amma qaldı.


Əkrəmin sovet yazıçısı olmasını kababa, Kiyevə görə xatırlamadım. “Ətirşah Masan”dan üzübəri, onun əsərlərindəki nəsillər fərqi çox betər fışqırır. Dili çox köhnədir Əkrəmin. Rəvandır, amma köhnədir. Nə gizlədim, rus dilində bu sovet kəndistan dili itib gedir deyə, “Daş yuxular”da olduğu kimi, “Dağlar deyir ki, soyuqdur“u da rus dilində oxumaq istərdim. Yeməyi “həzmi-rabedən” keçirməyi yenə bağışlamaq olar, amma “cüvəllağı” indiki gəncliyə tanış olmayan sözdür axı. Bir yazıçının qayəsi yeni nəslə xitab etmək olmalıdır. Ən sadiq və yaxşı oxucular gənclərdir. Əkrəmdə enerji var, talant var, təhkiyə var, mütaliə var – amma yazdıqları bir kommunikasiya şirkətinin 25 yaşlı meneceri, ya da bir bank klerki üçün maraqlı ola bilməz.


Mən redaktorluğu da bacarmıram və yaxşı redaktorlara hörmətim var. Bu işdə səriştəm olsaydı və hekayəyə son dəfə əl gəzdirmək imkanı mənə tanınsaydı, oradan xeyli sözü çağdaş leksikonla əvəzləyərdim. Komsomoldan yazır yazsın, hər halda komsomol zarafat söhbət olmayıb, karyera piramidasında zirvəyə yaxın pillələrdən biri idi komsomol. Bizim nə qədər sanballı tacirimiz, nazirimiz, müxalifət rəhbərimiz zamanında komsomolçu olublar. Onlar hələ də bu ölkədə nəsə eləyirlərsə, səsləri gəlirsə, deməli, komsomoldan yazmaq da olar – çünki komsomol, onların timsalında hələ də yaşayır. Amma hekayəni əvvəldən sona komsomolçularla, “Mərkəzi Komitənin sənaye üzrə katibi“ kimi tipajlarla doldurmaq da əsərə ağırlıq gətirir. Yeni nəsil belə şeyləri qanmır, qansa da həyacanlanmır. Əkrəm müəllim indiki zamanda gərək Kəmaləddindən, Ziyadan, Ramiz Mehdiyevdən yazsın ki, oxucu da maraqla oxusun. “Mərkəzi Komitənin sənaye üzrə katibi Əjdər Əzimoviç” adlı naftalin personajın yerinə, Rövnəq müəllim olsun, kitab əl-əl gəzsin.


Adlara və familiyalara da əl gəzdirərdim. İTV-də “Daş yuxulara” görə vicdan məhkəməsinə çəkilən Əkrəm Əylisliyə orada Musa Qasımlı da demişdi ki, bu əndərəbadi adam adlarından əl çək. Veriliş boyu Musa Qasımlının dediyi bir normal söz bu oldu, onu da Əkrəm Əylisli qulaqardına vurdu. Epataj, provokasiya niyyəti ilə o adların əsərə salındığını bilsəydim, bir söz deməzdim. Amma mən bilirəm axı Əkrəm Əylisli o adamlarla, o adlarla yaşayır, onun xəyali çevrəsi hələ də Muleyli, Höcəttula kimi personajlardır. Yeni Azərbaycanın, yeni oxucularını bu gərəksiz yükdən azad etmək, “Muleyli” kimi adları da çalışıb unutdurmaq lazımdır, daha əsərə salmaq yox. Estetik deyil ən azından.
Əkrəm Əylisliyə ərk edib bu tonda yazıram, yoxsa ona ağıl öyrətmirəm. Dialoqları və personajların bədən dilini də məmnuniyyətlə qayçılayardım. Misal?
Səhnə. Cəfər adlı personaj soruşur:


“Demək gedirsən?”. Bunu öz səsinə bənzəməyən qəhərli, titrək səslə müsahibinə deyir. Sonra da əlavə edir: “Amma bugünkü sifətindən xoşum gəlir”.


Cəfər bəyəm burada tez intonasiya, emosiya dəyişdirdi? Yoxsa “bugünkü sifətindən xoşum gəlir...” cümləsini də “öz səsinə bənzəməyən qəhərli, titrək səslə” deyib? Əslində mən redaktor olsaydım, cümləni belə xilas edərdim: “Demək gedirsən” - Bunu Cəfər öz səsinə bənzəməyən qəhərli, titrək səslə dedi. Uzun bir fasilə yarandı. - „Amma bugünkü sifətindən xoşum gəlir. Deyəsən, gecəni yaxşı yatmısan.“


Nə olur olsun, burada bir fasilə verilməliydi. Mütləq. Əkrəm Əylisli, ən salamatı bədən dillərində minimalizm yolunu tutsun. Minimalizm yolu, haqqın yoludur. Kontekstdən zərurət doğmadıqca, müasir ədəbiyyat dialoqlarda personajların qaş-gözünü oynatması, səsini titrətməsi ilə artıq maraqlanmır.
“Dağlar deyir ki, soyuqdur“ uzun hekayəsinin vahiməli epiloqu məni aldı uşaqlıq illərimə apardı. Çünki Əkrəm Əylislinin epiloqu, mənə ilk saniyədən “Başsız atlı” filmində, iri planda göstərilən başsız atlını xatırlatdı. Çox adam filmin o epizodundan vahimələndiyi üçün, məni başa düşər.


Sülh göyərçinimiz Əkrəm Əylisli-Marmarisli.


Görürsünüz Əkrəm müəllim, onlardan bizə, ya da bizdən onlara atılacaq bircə mərmi, bütün sülhməramlı banket və romanların üzərindən xətt çəkə bilər. Kaş ki, yazıçının, incəsənət adamının nəyəsə təsiri olaydı bu ölkədə, bu regionda, qalmışdı sülh prosesinə. Siyasi iradədən başqa heç bir qüvvə sülhü bərqərar edə bilməz.

"Yeni Müsavat"

XS
SM
MD
LG