Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:29

10 milyarda Qarabağda sülh?


-

Avqustun 14-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıların qısa xülasəsini təqdim edir

10 MİLYARDA QARABAĞI ALAQMI?

«Yeni Müsavat» qəzeti «Qarabağı 10 milyarda alaqmı?» başlığıyla Rusiya saytlarından birinin sensasiyalı iddiasına diqqət çəkib. Guya prezident İlham Əliyevə yaxın məlumatlı qaynaqlara dayanan Rusiya saytı Azərbaycanın Dağlıq Qarabağı geri almaq üçün Ermənistana 5 milyard dollar təklif etməsindən yazıb. Məlumatda bu məbləğin Ermənistanın bütün xarici borcunu ödəməsinə yetdiyi də bildirilib:

«Pul köçürülməsinin birbaşa iki ölkənin Mərkəzi bankları arasında deyil, beynəlxalq maliyyə strukturları, məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) üzərindən həyata keçirilməsi nəzərdə tutulur» – sözügedən xəbərdə belə deyilib.

Bunun əvəzində Ermənistan «2015-ci ilin sonunadək Qarabağdan bütün hərbi birləşmələrini çıxarmalı və əraziləri 2019-cu ilədək orada qalacaq ATƏT, yaxud Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına aid sülhməramlılarının nəzarətinə verməlidir. Həmin dövrdə Azərbaycan Dağlıq Qarabağda paritet əsasda yerli hakimiyyət orqanları yaratmalı, Konstitusiyada dəyişiklik edib erməni dilinə ikinci regional dil statusu verməli, regionun bütün təhsil müəssisələrində erməni dilinin mütləq tədris edilməsini qanuniləşdirməlidir».

Serzh Sarkisian
Serzh Sarkisian

Daha çox şayiəni xatırladan xəbərdə o da bildirilir ki, Ermənistan tərəfi öz vətəndaşlarının 180 təqvim günü ərzində Dağlıq Qarabağa sərbəst gediş-gəlşinə təminat istəyir: «Ən başlıcası budur ki, İrəvan kompensasiyanın məbləğinə razı deyil. Sarkisian-ın emissarları bildirirlər ki, ancaq 10 milyard dollar məbləğində danışıqlara razıdırlar və pulun 3 il ərzində alınmasına razılaşa bilərlər. Yəni ildə 3 milyard dollar. Bu isə Ermənistanın illik büdcəsinə bərabərdir».

«Yeni Müsavat» Qarabağ ixtilafının sırf maliyyə amili hesabına yoluna qoyulması ideyasının yeni olmadığını, siyasi kuluarlarda bu yöndə Ermənistana təkliflər barədə yazdığını xatırladır.

ABŞ VƏ AVROPA BİRLİYİ MƏSLƏHƏTLƏŞMƏLƏRƏ BAŞLAYIB?

«Azadlıq» qəzeti «Turan» agentliyinin müxbirinə əsaslanaraq, rəsmi Vaşinqtonun Azərbaycanda vətəndaş cəmiyyətinin boğulması ilə bağlı Avropa Birliyindəki tərəfdaşları ilə məsləhətləşmələrə başladığını yazır.

ABŞ-da siyasətçi və diplomatlar İlham Əliyev hökumətinin vətəndaş cəmiyyətinə təzyiqlərindən, tənqidçi səsləri kəsmək istəyindən narahatlıqlarını dilə gətiriblər. Adının çəkilməsini istəməyən diplomat Azərbaycanda insan haqlarına ən ciddi təzyiqin məhz indi göründüyünü deyib:

«Hökumət xarici donorlardan qrant alan hər kəsə qarşı «ov»a çıxıb. Bu, Azərbaycanda ötənilki prezident seçkilərini Qərb tənqid edəndən sonra başlanıb». Həmin diplomat hökuməti ciddi tənqidə tutanların həbsə atıldığını və onlara qarşı uydurma ittihamlar irəli sürüldüyünü də vurğulayıb.

«Azadlıq» hazırda ABŞ, Avropa Birliyi və başqa regional tərəfdaşların azad və ədalətli cəmiyyət qurmaq səyləri göstərən Azərbaycan vətəndaşlarına dəstək yolları axtardığını da diqqətə yetirib.

MİNGƏÇEVİRDƏ 151 MİN ADAM TƏMİZ SU İÇƏCƏK...

«Azərbaycan» qəzeti Mingəçevir şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsinin yekunlaşdığını yazır.

«Azərsu»nun məlumatını diqqətə yetirən qəzet bildirir ki, icrasına 2011-ci ilin oktyabrında başlanan «Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi» bundan sonrakı 20 illik perspektiv inkişaf nəzərə alınmaqla, 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasını hədəfləyib.
Layihəyə əsasən, şəhərə içməli su Mingəçevir su anbarından veriləcək. İstehlakçıların dünya standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olacaq ultrasüzgəcli təmizləyici qurğu inşa ediləcək. Mingəçevir şəhərinə içməli suyun özüaxan rejimdə verilməsi üçün hər birinin tutumu 10 min kubmetr olan 3 su anbarı tikiləcək. Şəhərin su və kanalizasiya şəbəkələri tamamilə yenidən qurulur. Ümumi uzunluğu 275 kilometr olan şəhərdaxili su şəbəkəsinin 180 kilometrlik hissəsində işlər başa çatdırılıb, 7 min 100 ünvana birləşmə verilib. Bununla paralel olaraq, 232 kilometr kanalizasiya şəbəkəsinin isə 70 kilometrlik hissəsində işlər də yekunlaşıb.

XS
SM
MD
LG