Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:24

Günel Mövlud. Əgər diplomu pulla almısansa...


Günel Mövlud
Günel Mövlud

-

Ömrü boyu beş-altı kitab oxuyub, bir ali təhsil müəssisəsini alababat bitirib, diplomu pulla almısansa, Tarkovsky-ni başa düşmək, sevmək sənlik deyil...

Günel Mövlud


TARKOVSKY HEYRANLIĞI

(2-ci yazı. Əvvəli burda)


İki tip ağır filmlər var. Birini anlamaq üçün həyat yükü, o birini anlamaq üçün kitab yükü vacibdir.

Birinci ağır tipi anlamaq üçün keşməkeşli, əzablı, çətin, uğursuzluqlarla, qəfil hadisələrlə və daha nələrlə dolu həyat yaşamalısan.

İkinci tip ağır filmləri başa düşmək üçün isə yuxarıda sadaladıqlarımı və on qat artıq məlumatı kitabdan öyrənməlisən.

Tarkovsky filmləri tamaşaçıdan kitab yükü tələb edən ağır filmlərdəndir.

Ona gedən yol asan deyil. Ömrü boyu beş-altı kitab oxuyub, bir ali təhsil müəssisəsini alababat bitirib, diplomu pulla almısansa, Tarkovsky-ni başa düşmək, sevmək sənlik deyil.

Şair Arseny Tarkovsky və oğlu Andrei, 1930-ci illər
Şair Arseny Tarkovsky və oğlu Andrei, 1930-ci illər

Nəinki başa düşmək, sevmək, heç Tarkovsky-yə baxa bilmək sənlik ola bilməz.

Çünki Tarkovsky filmlərinin tələb elədiyi baqajın yarıdan çoxuna sahib deyilsənsə, onun filmlərinə baxmaq sənin üçün əsl əzaba çevriləcək.

Hərəkətsiz kimi görünən ləng, üzücü kadrlar, hər xırdalığı ən azı bir məna daşıyan tərtibat, qəhrəmanların uzun-uzadı pauzaları, fəlsəfi monoloqları, intellektual dialoqları sizi ən yaxşı halda bezdirəcək.

Tarkovsky-nin düyünlərini açmaq, ötürdüyü mesajları tutmaq tarixi, fəlsəfi, ədəbi, musiqi, İncil və s. bilgiləri tələb edir.

Andrei Tarkovsky, 1962.
Andrei Tarkovsky, 1962.

Filmlərin informativ yükü, simvolika bir ucdan tamaşaçıya hücum edir, hər bir kadr tamaşaçının beynini, bazasını az qala zorlayır…düşün, tap, oxşat, mənalandır, razılaş…

Əslində, istər mövzu, istər bədii ifadə baxımından olduqca qəliz, mürəkkəb görünən filmlər rejissorun əsas xəttini tutandan sonra, yetərincə asanlaşır.

Bu əsas xətt isə çox sadədir.

Onun bütün filmləri özü barədədir.

Andrei Tarkovsky 'Katok i Skripka' adlı diplom filmini çəkir, 15 apre, 1960
Andrei Tarkovsky 'Katok i Skripka' adlı diplom filmini çəkir, 15 apre, 1960

O bütün filmlərində özünü çəkib.Xatirələri özününküdür.

Özü barədə danışıb.

Çətinlik və mürəkkəblik isə bundadır ki, Tarkovsky-nin intellektual bazası çox ağır, zəngindir.

Andrei Tarkovsky' "Qurbangətirmə" filminin çəkilişləri zamanı
Andrei Tarkovsky' "Qurbangətirmə" filminin çəkilişləri zamanı

Və özü barədə danışanda, sənin-mənim kimi sadə dildə danışmır.

Onun filmlərinin dili Tarkovsky dilidir.

Və yuxarıda qeyd elədiyim kimi, bu dili anlamaq tamaşaçıdan olduqca zəngin mütaliə, xeyli bilgi tələb edir…

«Nostalji»…Tarkovskinin ən çox sevdiyim filmlərindən biridir.

«Stalker»də pafosu ilə tamaşaçıda ironiya yaradan dialoqlar,

Andrei Tarkovsky (əyləşib) "Andrei Rublev" filminin çəkilişləri zamanı, 1971.
Andrei Tarkovsky (əyləşib) "Andrei Rublev" filminin çəkilişləri zamanı, 1971.

«Qurbangətirmə»dəki Kamyuvari, fəlsəfi, bəzən də yersiz monoloqlar (filmin əvvəllərində qəhrəman bu monoloqu 5-6 yaşlı uşağa danışır) «Nostalji»də yoxdur, olsa da həddindədir.

Ümumiyyətlə, fəlsəfi hoqqabazlıq sarıdan «Stalker» (dialoqları çıxmaq şərtilə) və «Nostalji»də Tarkovskinin tamaşaçıya xeyli rəhmi gəlib.

Ümumiyyətlə, Tarkovsky-ni həm də ona görə sevirəm ki, onun filmləri barəsində kino tənqidçilərinin yazdıqlarından başqa da nəticələrə gəlmək daima mümkündür.

Onun filmləri tamaşaçıya bilgisinin, analiz qabiliyyətinin, bədii təfəkkürünün və diqqətinin yetə bildiyi qədər mülahizələr yürütmək, qənaətlər əldə etmək imkanı verir.

Tarkovsky-nin zərərli tərəfi isə ondadır ki, dünyada bu çətin rejissordan, onun ağırlığı, fəlsəfiliyi, «intellekt kinosu çəkən rejissor» imicindən təsirlənən xeyli rejissorlar var.

Amma Hegeldən başqa bütün hegelçilər axmaq göründükləri kimi, Tarkovsky-dən başqa bütün tarkovskisayağı film çəkənlər də darıxdırıcı rejissorlardır…

XS
SM
MD
LG