Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:01

«Azadlıq» qəzeti yenidən «Qasid» firmasından pulunu tələb edib


Foto: Arxiv
Foto: Arxiv

-

Avqustun 27-də «Azadlıq» qəzetinin əməkdaşları «Qasid» firmasının qarşısında aksiya keçiriblər.

Qəzet əməkdaşları bu dəfə də firmadan qəzetə olan 70 min manat borcun verilməsini tələb ediblər.

Qəzetin redaktoru Rahim Hacıyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, həmişəkindən fərqli olaraq bu dəfə onlara ümumiyyətlə firmadan bir söz deyilməyib:

«Biz yenə də «Qasid» mətbuat yayımı firmasının «Azadlıq» qəzetinə olan 70 min manat borcu tələb etdik. Elə şüarımız da «Pulumuzu verin!» idi. Firma rəhbərliyinin öz yerində olmasına baxmayaraq, bu dəfə çıxıb bizimlə görüşmədi. Həmişə biz belə aksiya keçirəndə, heç olmasa, bizim qarşımıza çıxan, bizə müəyyən vədlər verən olurdu. Bu dəfə heç o da olmadı. «Azərbaycan» nəşriyyatı bizə avqustun sonuna qədər vaxt verib ki, nəşriyyata olan çap və kommunal xərcləri ödəyək. Bizim nəşriyyata xeyli borcumuz var. «Qasid» indiyə qədər satdığı «Azadlıq» qəzetinin pulunu ödəsə, biz də nəşriyyata olan borcumuzu bağlayarıq».

Rahim Hacıyevin dediyinə görə, onlar 3-4 günə «Azərbaycan» nəşriyyatına olan borcunun bir hissəsini ödəməsə, nəşriyyat «Azadlıq» qəzetinin çapını dayandıracaq:

«Biz «Qasid»dən pulumuzu alıb 5 min manat nəşriyyata ödəyə bilsək, qəzetin çapının dayandırılmasından qaça bilərik. Hələ ki, ümidverici bir şey yoxdur».

Aksiyaya polis müdaxilə etməyib.

«Azadlıq» qəzetinin əməkdaşları bundan əvvəl də yaranmış borcla bağlı bir neçə dəfə «Qasid» firmasının qarşısında etiraz aksiyası keçiriblər.

XS
SM
MD
LG