Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:08

İntiqam Əliyevin vəkilləri ilə yazışmaları senzura olunur


“Təcridxananın qəbul otağında dustaqlara yemək gətirən insanlarla qeyri – etik davranışa yol verilir, onlara qanunsuz tələblər irəli sürülür”

Sentyabrın 6-da vəkil Anar Qasımlı Bakı İstintaq Təcridxanasında saxlanılan vicdan məhbusu İntiqam Əliyevlə görüşüb. Hüquq müdafiəçisinin ailəsindən AzadlıqRadiosuna bildirilib ki, İstintaq Təcridxanasının əməkdaşları yenidən onun vəkilinə təqdim etmək üçün hazırladığı yazışmaları senzuraya məruz qoyublar. İ.Əliyevə Penitensiar Xidmətin və Bakı İstintaq Təcridxanasının rəhbərinə ünvanladığı müraciətin vəkilinə təqdim olunmasına icazə verilməyib.

KAMERADA 24 SAAT İŞIQ YANIR

Müraciət təcridxanada məhbusların yazışmalarına, o cümlədən onlara daxil olan dəstək məktublarına, sənədlərə, ədəbiyyata qoyulan qanunsuz məhdudiyyət, təqsirləndirilən şəxslərin istintaq otağında görüşlər zamanı vəkillər və digər məhbuslarla ən adi ünsiyyətinin (salamlaşma, hal-əhval tutma) qarşısının kobudluqla alınması barədədir. Müraciətdə həmçinin bildirilir ki, kameralarda 24 saat ərzində işıq yanır, məhbuslar təcridxananın ərzaq köşklərindən aldıqları, o cümlədən, evdən onlara gələn ərzağın saxlanması və onların normal qida üçün yararlı vəziyyətə gətirilməsi üçün zəruri avadanlıqlarla (soyuducu, qızdırıcı) təmin olunmayıb. Eləcə də təcridxananın qəbul otağında dustaqlara yemək gətirən insanlarla qeyri – etik davranışa yol verilir, onlara qanunsuz tələblər irəli sürülür, prokurorluğun əməkdaşlarından fərqli olaraq, dustaqlarla görüşə gələn vəkillərin daha ciddi yoxlamalara məruz qalır; onlardan müdafiə etdikləri şəxslərlə bağlı sənədlərin olduğu flaş-disklər alınır və s.

Müraciətin həm İntiqam Əliyev, həm də vəkilləri tərəfindən imzalanması və ünvanlarına təqdim olunması nəzərdə tutulurdu. İstintaq otağında nəzarəti həyata keçirən əməkdaşlar müraciətin mətni ilə tanış olduqdan sonra orada İstintaq Təcridxanası ilə məsələlər olduğu üçün onu mütləq rəhbərliyə göstərməli olduqlarını bildiriblər. İ.Əliyevin və vəkilinin təqsirləndirilən şəxslərin vəkili ilə yazışmalarına, o cümlədən şikayət, ərizə və müraciətlərinin senzuradan keçirilməsinə qanunvericiliyin qadağan etməsi ilə bağlı etirazlarına baxmayaraq sənəd onun məzmunu ilə “rəisin tanış olması üçün” aparılıb. Sonra İ.Əliyevə bildirilib ki, “rəis” sənədin vəkilə təqdim olunmasına icazə verməyib, onu yalniz İ.Əliyev özü Təcridxana vasitəsilə göndərə bilər. Bu cür qanunsuz qərarı verən rəisin kimliyi ilə bağlı suala əməkdaşlar cavab verməkdən imtina ediblər.

İ.Əliyevin və vəkili A.Qasımlının təkidli tələblərindən sonra Təcridxananın rəis müavini İ.Əliyevi qəbul edib. Ona bildirilib ki, bu cür şikayətlər yalnız Təcridxana vasitəsilə göndərilə bilər, onların vəkilə təqdim olunması və ya vəkillə birlikdə şikayətin göndərilməsinə qanunla yol verilmir. Hüquqşünaslar bu yanaşmanı qanunsuz sayırlar. A.Qasımlı baş verənləri həm İ.Əliyevin hüquqlarının, həm də özünün müdafiə hüququnun pozuntusu kimi qiymətləndirir.

BU HƏBSLƏR TOPLUMU QORXUTMAMALIDIR

İ.Əliyev baş verənlərlə bağlı bunları bildirib: “Təəssüf ki, sərt senzura şəraitində ölkədə baş verənlərə, o cümlədən, həm özümün, həm də əqidə dostlarımın həbsi ətrafında münasibət bildirmək çətin olur. Son illər baş verən həbslərin arxasında Azərbaycanı feodal qaydaları ilə idarə olunan ölkəyə çevirmək cəhdi dayanır. Bu həbslər toplumu qorxutmamalıdır. Onlara həm də mübarizənin bir üsulu kimi baxmaq lazımdır. Leylanın, Anarın, Rəsulun, Bəşirin, Zaurun, Rəşadın, Rəşadətin, Üzeyirin, İlkinin, Ömərin, Məmmədin, Seymurun və digər məhbusların bir-birləri ilə nəinki salamlaşmalarının, hal-əhval tutmalarının, hətta bir-birilərini görmələrinin qarşısının alınması qorxunun göstəricisidir.

Həbslərlə toplumun gözünü qorxutmağın mümkünlüyünə ümid edənlər yanılırlar. Ola bilər ki, toplumda müəyyən çaşqınlıq yaratsın, amma ram etmək mümkünsüzdür. Azadlıqda olanda dostların məhkəmə proseslərinə gedəndə onların üzünə baxmaq çox çətin olurdu. Ölkənin ən dəyərli insanlarının günahsız olduqları halda həbsdə qalmaları, onların azadlıq haqqını təmin etməkdə gücsüzlüyünü dərk etmək ağır hissdir. Sonuncu dəfə dəyərli dostum Qurban Məmmədovun məhkəməsində bu hissi keçirmişdim.

Növbəti qanunsuz hökmdən sonra məhkəmə zalını tərk edəndə o sual dolu baxışlarını heç zaman yaddan çıxarmaram. İndi rahatam. Həbsdəyəm, dostlarımla bir yerdəyəm. İndi onları görəndə gözlərinin içinə düz baxa bilirəm. İndi onlara nəsə deməkdə az-çox haqqım olduğunu düşünürəm. Dostlar, sizləri sevirəm, sizlərlə Qarşıda gözəl günlər gözləyir bizi.

“BÜTÜN MƏHBUSLARIN HÜQUQLARI QORUNUR”

Bir neçə gün öncə Ədliyyə Nazirliyi Penitensiar xidməti mediaya müraciətində bildirib ki, tabeliyində olan müəssisələrdə saxlanılan bütün şəxslər qanunvericilikdə nəzərdə tutulan hüquqlardan tam həcmdə istifadə edirlər. “Belə ki, təqsirləndirilən və azadlıqdan məhrum edilmiş şəxslərin cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək, ictimai faydalı əməklə, bədən tərbiyəsi və idmanla məşğul olmaq, istirahət etmək, tibbi, hüquqi və psixoloji yardımlar almaq, dini ayinlərin icra edilməsində iştirak etmək, təhsil almaq və peşə hazırlığı keçmək kimi əsas hüquqları cəzanı icra edən orqan tərəfindən tam təmin olunub”.

XS
SM
MD
LG