Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:22

Pelevinin kitabları müqəddəs kitab kimidir...


-

Romanda gülməli məqamlardan biri yazıçının vaxtikən onu sərt tənqid etmiş tənqidçini özünəməxsus üslubda cəzalandırmasıdır. Pelevin onu tualetə atıb sifonu çəkir...

Elçin Mann


GENERATİON P(ELEVİN)


Müasir dünyamızı reklam idarə edir. İnanmırsınız?

Yediyimiz qida, sürdüyümüz maşın, yaşadığımız ev, evdəki əşyalar, istifadə etdiyimiz geyim və aksesuarların hamısını əslində bizim əvəzimizə seçiblər.

Əlbəttə, bizə elə gəlir ki, bu, bizim seçimimizdir. Həqiqətdə isə biz sadəcə pul ödəyirik və o pulu qazanmaq üçün gecə-gündüz “eşşək” kimi çalışmalıyıq. Qonşudan, tanışdan, qohum-əqrəbadan geri qalmamalıyıq.

Büdcəmiz yetərincə olmasa belə olduğumuzdan zəngin görünməyə çalışmalıyıq, bahalı geyinməli, bahalı yeyib-içməli, bahalı yaşamalıyıq. Bunun üçün isə kredit götürməliyik. Bizim bir an olsun belə dincliyimiz olmamalıdır. Yuxuda hətta brendləri görməliyik.

Bu, homo zapienslərin non-stop prosesidir. Sadaladıqlarımı etməyə onları vadar edən başlıca səbəbi isə müasir kapitalizmin əbədi mühərriki olan reklamdır. Reklam hər yerdədir: evdə, evin yerləşdiyi binanın üstündə, işdə, avtobusda, küçədə, yol kənarında... Bəs, Homo Zapiens kimdir? Bu sualın bədii cavabını böyük mistifikator Viktor Pelevinin “Generation P” yəni “P nəsli” romanında axtarmaq lazımdır.

Buddizmin birinci nəcib həqiqətində deyilir ki, həyat özü şərdir, çünki əzab-əziyyətlə doludur. “P nəsli” romanı şər haqqında, daha doğrusu reklam haqqında yazılıb. Romanda hadisələr 90-cı illər postsovet Rusiyasında cərəyan edir. Bununla belə, o həm də ümumi postsovet məkanı üçün doğma əsər sayıla bilər. Ona görə ki, 10 il ərzində keçmiş SSRİ ərazisində yaşayan xalqlar aşağı-yuxarı eyni hadisələrlə üzləşdi. Zavod və fabriklərin dayanması, işsizlik, kapitalizmin ekspansiyası, vəhşi bazar iqtisadiyyatının təşəkkül tapması, kütləvi informasiya və əmtəə axınının baş verməsi, ilkin kapital yığımının başlanması. Xalqlar bir əsr əvvəlki formasiyaya qayıtdılar. Yazıçı keçid dövrünü dialektikasını əsərdə göstərməyə çalışıb. Əsərin adındakı “P” hərfini müxtəlif yerə yozmaq olar: pepsi, pustota, propaqanda, pi..ts, Putin və s.

Əsərin qəhrəmanı Tatarski 70-ci illərdə anadan olub. O şair olmaq istəyir, lakin arzusu reallaşmamış böyük imperiya dağılır. Pelevin imperiyanın dağılamasını belə təsvir edir:

“SSRİ o qədər inkişaf etdi ki axırda yox oldu, bu bir dövlətin nirvanaya çatması idi”.

Və Tatarski daha “ciddi” işlə məşğul olmağa - kopirayter işləməyə qərar verir: Onun həyat yolu balaca siqaret budkasından Ostankino qülləsi altındakı bunkerə qədər keşməkeşli yol keçir, media oliqarxına çevrilir.

Pelevinə görə cəmiyyət böyük bir orqanizmdir, insanlar – istehlakçılar həmin orqanizmin ayrı-ayrı hüceyrələrini təşkil edirlər. Həmin hüceyrələrə reklam vasitəsilə müxtəlif impulslar buraxılır. Müəllif bunu vau-faktorlar adlandırır. 3 cür vau-faktor var: oral, anal və qoruyucu. Bu üç faktor adamlara daha çox pul qazanmağa (oxu: luzer olmamağa), daha çox pul xərcləməyə və puldan başqa bir şey düşünməməyə vadar edir. Media maqnatları bu yolla “poliplər”i udurlar. Adamlar televizora baxmaqla təsirə düşür, zapping edir – yəni bir kanaldan o biri kanala dəyişir. Beləliklə, o Homo Zapiensə dönür. Nə qədər qəribə də olsa kitabda hətta iddia edilir ki, siyasətçilər deyilən adamlar yoxdur, 3D qrafikası var.

Bu əsərdə çox şeyə rast gəlmək olar. Adi pelevinizm – film, kitab, mahnı adları, mifologiya, terminolgiya romanda boldur. Kitabı oxuduqca adamda belə təəssürat yaranır ki, sanki sən bədii əsər yox, reklam nəzəriyyəsindən danışan hansısa elmi-sosiloji kitab vərəqləyirsən. Bu baxımdan yazıçı Bıkov demişkən kitabda hava azdır, nəfəs almaq olmur.

Pelevin milli ideya çatışmazlığı, sovet mentaliteti və s anlayışlarına da aydınlıq gətirib. Bundan başqa romanda gülməli məqamlardan biri yazıçının vaxtikən onu sərt tənqid etmiş tənqidçini özünəməxsus üslubda cəzalandırmasıdır. Pelevin onu tualetə atıb sifonu çəkir. Yəni demək istəyirdi ki, pox özünsən. Deyilənə görə, iki ay bu söhbət ədəbi çevrədə danışılıb.

Pelevinin əsərlərinə münasibət də birmənalı deyil. Bir nəfər tanıyırdım deyirdi, Pelevin kitab yazmır, o kitabı quraşdırır. Kiminçünsə onun kitabları ciddi ədəbiyyat deyil, publisistikadır. Buna baxmayaraq Rusiyanın o zamankı prezidenti Medvedev oxuduğu yazıçılar içində Pelevinin adını çəkmişdi. Mənə görə, Pelevinin kitabları müqəddəs kitab kimidir, onu istənilən səhifədən açıb oxumaq olar.

Romanı oxumaqla müasir dövrümüzdə baş verən bir çox hadisələr cavab tapmaq olar. Pelevin bizim nə qədər qəddar bir dövrdə, zalım və sinik adamların əhatəsində və onların adamları sürü kim idarə etdiyi bir cəmiyyətdə yaşadığmızı göstərir. Yeri gəlmişkən qeyd edim ki, yazıçı bu mövzunu qlamur və diskurs adı ilə o biri romanında (Ampir “V”) davam etdirib.

Pelevin cəmiyyətin güzgüsüdür, hamı orda əsl, olduğu kimi, maskasız üzünü görə bilər. Bir dəfə ondan qərb filosoflarından daha çox kimin sizə təsiri olub sualına belə cavab vermişdi: Remy Martin və Jack Daniels. Məncə bunu yazıçının onun əsərlərində fəlsəfə axtaranlara cavabı kimi qəbul etmək lazımdır.

Kultura.az

XS
SM
MD
LG