Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:47

Naxçıvandan Bakıya gəlmək çətinləşib


Foto: Arxiv
Foto: Arxiv

-

Naxçıvandan Bakıya gediş-gəlişdə problemlər yaranıb. Sakinlərin bildirdiyinə görə, Naxçıvan Hava Limanından Bakıya gəlmək istəyən sərnişinlər bilet tapa bilmirlər.

«BİZNES-KLAS» YERLƏR BOŞ QALIR?

Əslən Naxçıvandan olan və indi Bakıda yaşayan Samir Novruzov deyir ki, bilet tapa bilmədiyindən hava limanında gecələməli olub:

«Naxçıvana tətilə gəlmişdim. Məzuniyyətimin vaxtı bitib, bu gündən işdə olmalı idim. Geri qayıtmağa bilet tapa bilmirəm. Sentyabrın 15-dək biletlər satılıb. Yalnız biznes səviyyəli biletlər qalıb, o da çox bahadır. Heç kim almaq istəmir. «Biznes-klas» yerlərə bilet alınmadığına görə, həmin yerlər boş qalır. Təyyarə Bakıya boş qayıdır, camaat da qalıb yerdə. Bilet tapa bilməyən onlarla adam mənim kimi burada gecələyir. Hələlik, camaat tətildən qayıdır deyə, sıxlıqdır. «Biznes-klas»ı ləğv edib normal qiymətə bilet satsalar, belə sıxlıq da olmaz».

AVTOBUSLARA XALÇA-PALAZ GƏRƏK?

Hava limanında yaranan sıxlıq İran ərazisindən keçib Bakıya sərnişin daşıyan avtobuslara tələbatı artırıb. Sərnişinlər bildirirlər ki, həmin avtobuslara da biletlər bir neçə gün öncədən satılıb. Naxçıvan sakini Bahəddin Vəliyev avtobusa bilet tapa bilmədiyindən Naxçıvandan Bakıya ayaq üstə gəldiyini deyir:

«Gündə 4 avtobus gəlir Bakıya. Sıxlıq yaranandan ikisini də artırıblar. Yenə tələbatı ödəmir. Biletlər öncədən satılıb. Bakıya toya gəlməli idim. Bilet tapa bilmədiyimdən məcbur qalıb ayaqüstə gəlmişəm. Avtobusda mənim kimi bir neçə nəfər vardı. Qadınlar oturacaqların arasına xalça-palaz salaraq, oturub gəliblər».

«2 REYS ƏLAVƏ ETMİŞİK»

«AzAL» mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Naxçıvan Hava Limanında yaranmış sıxlıqdan xəbərsiz olduğunu bildirdi:

«Bu haqda məlumatım yoxdur. Naxçıvana gün ərzində qrafiklə 4 reys təyyarə uçur. Biz hazırda iki reys də əlavə etmişik. Bu da tələbatı ödəyir».

Naxçıvana uçan təyyarələr 150 yerlikdir. Bu yerlərdən 20-si «biznes-klas»dır. Normal yerlərin qiyməti 50, «biznes-klas» yerlərin qiyməti isə 120 manatdır.

XS
SM
MD
LG