Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:25

Nobel mükafatı almış yeganə bakılı balası


Lev Landau
Lev Landau

-

"OxuZalı"nda ən çox oxunan

Bakı Dövlət Universitetinə 14 yaşında qəbul edildi.
Nobeli almağa gedə bilmədi...
Stalinə qarşı vərəqələr yayırdı...
Eynşteynlə görüşmüşdü...
Ona "KGB" sui-qəsd edib?..

Oktyabrın 6-dan bu ilin Nobel mükafatları verilməyə başlanacaq.

Nobel Mükafatının rəsmi saytındakı interaktiv xəritədə markeri Azərbaycanın üzərinə gətirəndə "1" göstərir.

Hansı ölkədən neçə Nobel mükafatçısı (doğulduğu ölkə üzrə) çıxdığını göstərən xəritədə...

NOBELİ ALMAĞA GEDƏ BİLMƏDİ

1962-ci ildə fizika üzrə Nobel mükafatı sovet alimi, Bakıda doğulub boya-başa çatmış, Bakı Dövlət Universitetində oxumuş Lev Landauya verildi.

Qazların, xüsusilə heliumun maye halı ilə bağlı dünyada ilk olaraq apardığı araşdırmalara görə.

Amma dünyanın ən məşhur fiziklərindən sayılan Landau mükafatı almaq üçün Stokholma gedə bilmədi.

Çünki yaradıcılığının ən parlaq dövründə — 1962-ci ilin 7 yanvarında ağır avtomobil qəzasına düşmüşdü.

Onun xidməti “Volqa”sı Moskvanın Dmitrov şosesində yük maşını ilə toqquşmuş, alim başından və döş qəfəsindən ağır xəsarət almışdı.

Vəziyyətinin ağırlığına və böyük alimin həyatını xilas etməyin nə dərəcədə əhəmiyyətli olmasına baxmayaraq sovet rəhbərliyi onun Moskvanın Kreml xəstəxanasına yerləşdirilməsinə razılıq verməmiş və o, Moskva şəhərinin Timiryazev rayonunun 50 nömrəli xəstəxanasına aparılmışdı.

Dünyanın məşhur fiziklərinin səyləri, onların Avropadan, ABŞ-dan göndərdikləri dərman preparatlarının yardımı nəticəsində Lev Landaunu ölümdən xilas etmək mümkün olmuşdu.

Həmin ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alır.

Nobel mükafatının medalı
Nobel mükafatının medalı

İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir.

Lev Landau ömrümün iki ilini xəstəxanalarda keçirir, ancaq 1964-cü ilin 25 yanvarında öz evinə qayıda bilir.

Amm onun səhhəti tam bərpa olunmamışdı. 1968-ci il martın 24-də onun səhhəti kəskin pisləşir və o, yenidən xəstəxanaya aparılır.

Göstərilən səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmur və o, 1968-ci il aprelin 1-də Moskvada vəfat edir.

BALAXANIDAN BAŞLANAN YOL

Lev Landaunun atası David Landau Balaxanı neft mədənlərində mühəndis, anası Lyubov Qarkavi (Landau) isə Balaxanıda mamaça-ginekoloq işləmişdi.

Övladlarının təhsil alması vaxtı çatanda - 1913-cü ildə Landaular ailəsi Bakı şəhərinə köçür və indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişdiyi tində yerləşən binada (üzərində L.D.Landaunun xatirə lövhəsi asılıb) mənzil alır. Lev Landau 1924-cü ilə kimi həmin mənzildə yaşayır.

Lev Landau 1916-cı ildə Bakı şəhərində gimnaziyaya qəbul olunur və 12 yaşında gimnaziyanı əla qiymətlərlə başa vurur.

Balaca Lev ailəsi ilə
Balaca Lev ailəsi ilə

Onun ali məktəbdə oxuması üçün hələ çox gənc olduğunu nəzərə alaraq valideynləri gələcək fizikin iki il Bakı İqtisadiyyat Texnikumunda oxuması barədə qərar qəbul edirlər. O zamanlar İqtisadiyyat Texnikumunda riyaziyyat fənni çox geniş və yaxşı tədris olunurdu. Balaca Landau bu texnikuma qəbul üçün ciddi hazırlaşmışdı. 12 yaşında artıq o, differensiallama, 13 yaşında isə inteqrallama əməliyyatlarını tam mənimsəmişdi.

Riyaziyyatla məşğul olmaq ona zövq verir və riyaziyyat elmindən böyük həzz alırdı. Bakı İqtisadiyyat Texnikumuna Landau 1920-ci ildə daxil olmuş və 1922-ci ildə oranı bitirmişdi.

1922-ci ildə 14 yaşlı Lev Landau müvəffəqiyyətlə Azərbaycan Dövlət Universitetinə qəbul imtahanları verir və eyni vaxtda iki fakültədə — fizika-riyaziyyat və kimya fakültələrində təhsil alır.

Kimya elmi gənc Landaunu çox maraqlandırırdı. Lakin birinci semestrdən sonra o, özü üçün yəqin edir ki, fizika və riyaziyyat onun üçün daha maraqlıdır və ürəyincədir.

O zamanlar Azərbaycan Dövlət Universitetində riyaziyyat elminə çox geniş yer verilir və yüksək səviyyədə tədris edilirdi. Burada bir çox məşhur riyaziyyatçılar mühazirələr oxuyurdular. Universitetdə “Matezis” adlı Tələbə Elmi Cəmiyyəti də fəaliyyət göstərirdi. Bu cəmiyyətdə tələbələrlə yanaşı, müəllimlər də iştirak edir, riyaziyyat və fizika üzrə istedadlı gənclər burada aşkar olunurdu.

Lev Landau da ilk elmi çıxışlarına məhz Azərbaycan Dövlət Universitetində “Matezis” Tələbə Elmi Cəmiyyətində başlamışdı.

O, elmi axtarışlara elə burada tələbə ikən başlamışdı. “Matezis” Tələbə Elmi Cəmiyyətində Lev Landaunun əsas çıxışlarından biri və onun istedadının olduqca geniş olduğunu xarakterizə edən ilk elmi məruzəsi o vaxtlar yeni çapdan çıxmış Orest Xvolsonun beş cildlik fizika kursu və Abram İoffenin “Molekulyar fizika” əsəri haqqında məruzəsi olmuşdu.

Gənc tələbənin məruzəsi hamıda, hətta universitetin adlı-sanlı alimlərində də böyük maraq doğurmuşdu.

Tələbə Elmi Cəmiyyətinin iclaslarındakı çıxışları, universitetdə əla oxuması və imtahanlarda olduqca yüksək nəticələr göstərməsi Lev Landaunu Azərbaycan Dövlət Universitetində məşhurlaşdırmış və ona diqqəti artırmışdı.

Məhz Bakıda aldığı təhsil Landaunun gələcək elmi axtarışlarının və nailiyyətlərinin, nəzəri fizikaya gətirdiyi fundamental və klassik yeniliklərin, ümumiyyətlə, fizika elmində yaratdığı yeni stilin və nəzəri fizika sahəsində yaratdığı böyük məktəbin sarsılmaz əsası olmuşdu.

1924-cü ildə 16 yaşlı Lev Landau Leninqrad Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə köçürülmüşdü.

1926-cı ildə Landaunun “İkiatomlu molekulların spektrləri nəzəriyyəsi” adlı ilk elmi əsəri çap olunur. Landaunun bu elmi işi onu daha da məşhurlaşdırır.

Lev Landau 1927-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini başa vurur və Leninqrad Fizika-Texnika İnstitutunun aspiranturasında təhsilini davam etdirir.

Aspiranturada təhsil aldığı dövrdə Lev Landau nəzəri fizika sahəsində ciddi tədqiqatlara başlayır. Onun yeni tədqiqat işi “Dalğa mexanikasında tormozlanma problemi” adlanırdı. O, şüalanma nəticəsində tormozlanma mexanizmini analiz edərək, kvant mexanikasına yeni anlayış-sıxlıq matrisası anlayışını daxil edir.

ALBERT EİNSTEİN-LƏ GÖRÜŞ

Lev Landau ən yaxşı aspirantlardan biri kimi təhsilini artırmaq məqsədilə Maarif Xalq Komissarlığının qərarı ilə Berlin, Qettinqen, Leypsiq, Kopenhagen, Kembric və Surix şəhərlərinə ilyarımlıq müddətinə elmi ezamiyyətə göndərilir.

1929-cu ilin oktyabr ayında o, Berlinə gəlir və Berlin Universitetində Albert Eynşteynlə görüşür. Lev Landau o vaxtlar artıq dünyanın ən məşhur fiziki kimi tanınan Albert Eynşteynlə söhbət aparmaq istəyini bildirir. Albert Eynşteyn 21 yaşlı Landaunu öz evinə dəvət edir.

Albert Einstein
Albert Einstein

Nisbilik nəzəriyyəsi ilə elmdə inqilab etmiş nəhəng nəzəriyyəçi fiziklə hər alim elmi polemikaya girişməyə cürət etmirdi. Lakin Lev Landaunun özünə əminliyi onun belə bir addım atmasına səbəb olmuş və o, Albert Eynşteynlə evində görüşmüşdü.

Bu görüşdə gənc fizik Landau nəhəng Eynşteynlə kvant mexanikası haqqında elmi mübahisə edir və qeyri-müəyyənlik prinsipinin kvant mexanikasının əsas prinsipi olduğunu sübut etməyə çalışır.

Landaunun əminliyi, aydın və dəqiq mülahizələri Eynşteynin xoşuna gəlsə də o, dahi fiziki razı sala bilmir.

Sonralar bu iki böyük alimin görüşmək imkanları olmur. Faşistlər Almaniyada hakimiyyətə gəldikdən sonra Albert Eynşteyn Amerika Birləşmiş Ştatlarına qaçmaq məcburiyyətində qalır.

1930-cu il aprelin 8-də Landau Danimarkanın paytaxtı Kopenhagendə Nəzəri Fizika İnstitutunun direktoru, kvant mexanikasının banisi Nils Borla görüşür. O zamanlar dünyanın hər tərəfindən gənc və istedadlı fiziklər Nils Borun yanına axışırdılar. Onlar özlərini məşhur alimin yanında sərbəst və yüngül hiss edir, Nils Bor isə gənc alimlərə olduqca yaxşı münasibət göstərirdi.

Gənc Landaunun olduqca çılğın olmasına baxmayaraq onun fitri istedadı Nils Boru valeh edir. Nils Bor öz növbəsində Lev Landaunun yaradıcılığına böyük təsir göstərir. Ömrünün sonuna kimi Lev Landau Nils Boru özünə müəllim hesab edirdi.

Niels Bohr (solda) və Lev Landau
Niels Bohr (solda) və Lev Landau

“DİKBAŞ” ASPİRANT

1931-ci ilin martında Landaunun elmi ezamiyyə vaxtı başa çatır və o, Avropadan Leninqrada, Fizika-Texnika İnstitutuna qayıdır.

O zamanlar Leninqrad Fizika-Texnika İnstitutuna məşhur fizik Abram İoffe rəhbərlik edirdi və o, nazikqatlı izolyasiya problemlərinə dair tədqiqatlar aparırdı.

Amma xaricdən yeni qayıtmış aspirant Lev Landau Abram İoffenin nazikqatlı izolyasiya probleminə dair mülahizələrinin nəzəri cəhətdən əsaslı olmadığını sübut etmiş və A. İoffe ilə onun arasında narazılıq yaranmışdı.

Bu səbəbdən də Lev Landau Leninqrad Fizika-Texnika İnstitutunu tərk etmiş və 1932-ci ildə Xarkova gələrək, Ukrayna Fizika-Texnika İnstitutunda nəzəri fizika kafedrasının müdiri seçilmişdi.

Xarkovda işlədiyi dövr Lev Landau üçün olduqca məhsuldar olmuşdu. Əldə etdiyi elmi nəticələrə görə Ümumittifaq Attestasiya Komissiyası Lev Landauya dissertasiya müdafiə etmədən fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi vermişdi.

DİKTATORA QARŞI ÇIXAN ALİM

Stalin repressiyaları dünyanın bu məşhur alimindən də yan keçmir.

Stalinin idarəçiliyinə qarşı vərəqələrin yayılmasına görə tutulanlardan biri də Landau olur.

1938-ci ilin 27 aprelində o, həbs edilərək SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin tədricxanasına yerləşdirilir.

Landaunun həbsini eşidən Nils Bor dəhşətə gəlir və o, Landaunun fizika üçün, dünya elmi üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə İosif Stalinə məktub göndərərək onun azad edilməsini xahiş edir.

Eyni məzmunlu məktubla akademik Pyotr Kapitsa da (Moskva Fiziki Problemlər İnstitutunun yaradıcısı və direktoru) Stalinə müraciət edir və Lavrenti Beriya ilə görüşərək Landaunun azadlığa buraxılmasına çalışır.

Bu iki böyük elm adamının müdaxiləsi və onların səyləri nəticəsində Lev Landau 1939-cu ilin 29 aprelində azadlığa buraxılır.

Lakin günahsız həbs olunmuş dünya şöhrətli alimə ancaq 1990-cı ildə — Sovet imperiyasının süqutu ərəfəsində bəraət verilir.

DÜNYADA İLK…

Moskva Fiziki Problemlər İnstitutunda çox yaxşı ab-hava hökm sürürdü. Bu səbəbdən də həmin institutda Lev Landau çox məhsuldar fəaliyyət göstərir.

O vaxtlar orada maye helium üzrə tədqiqatlar aparılırdı. Ancaq Landauya qədər bu tədqiqatlar elə bir ciddi nəticələrə gətirib çıxarmamışdı. Maye heliumun yüksək axıcılığı - mütləq sıfır dərəcədə heliumun bərkiməməsi alimləri çaş-baş salmış, onun yüksək axıcılığı haqqında hər hansı bir nəzəriyyənin yaradılması istiqamətində aparılan tədqiqatlar nəticəsiz qalmışdı.

Lev Landau bu problemin həllinə başlamış və 1940-1941-ci illərdə “Maye heliumun yüksəkaxıcılığı” nəzəriyyəsini yaratmışdı.

Maye helium üzrə aparılan tədqiqatlar və əldə edilən nəticələr kvant mayesi fizikasının əsasını qoyur və 1941-ci ildə Landau tərəfindən “Kvant mayesi” nəzəriyyəsi yaradılır.

XX əsrin 40-cı illərinin ortalarında alimləri düşündürən aktual problemlərdən biri də plazma-maddənin dördüncü halı problemi idi. Bu məsələ o qədər çətinləşdirilmiş və mürəkkəbləşdirilmişdi ki, onun həlli qeyri-mümkün hesab edilirdi.

Lakin Lev Landau həmin problemi də çox parlaq formada həll etmiş və 1946-cı ildə “Elektron plazmanın rəqsləri” nəzəriyyəsini başa çatdırmışdı.

Lev Landaunun yaratdığı fundamental nəzəriyyələrdən biri kvant mayeləri üzrədir. Bu istiqamətdə apardığı tədqiqatlar nəticəsində o, “Fermi mayeləri” nəzəriyyəsini yaratmışdı. Klassik fizikanın qanunauyğunluqlarının əksi olaraq kvant mexanikasından məlum olur ki, mütləq sıfır dərəcədə cisimdə atomların hərəkətləri dayanmır. Beləliklə, maddənin yeni forması — kvant mayeləri meydana çıxır.

DTK HEÇ NƏYİ UNUTMUR…

Bütün dünyada məşhurlaşmasına, dünyanın bir sıra akademiyalarına üzv olmasına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsinə, Nobel, Lenin və 3 dəfə Stalin mükafatları almasına baxmayaraq SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Lev Landau haqqında dosye toplamaqda davam edirdi.

Belə bir ehtimal da var ki, “sovet hökumətinə sadiq olmayan” fizikin avtomobil qəzasına düşməsi də DTK tərəfindən əvvəlcədən planlaşdırılmış əməliyyat olub.

Texnika elmlər namizədi Köçəri İmanovun 2009-cu ildə “Xalq qəzeti”ndə çap edilmiş məqaləsi əsasında
XS
SM
MD
LG