Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

«Nə ət, nə də balıq»


Tarif Şurasının sərnişin nəqliyyatda qiymətlərin artırılması ilə bağlı qərarı oktyabrın 9-dan qüvvəyə minir
Tarif Şurasının sərnişin nəqliyyatda qiymətlərin artırılması ilə bağlı qərarı oktyabrın 9-dan qüvvəyə minir


İctimai nəqliyyatda gediş haqları qaldırıldı. Bu, hansı problemlər yaradacaq? Sürücülərin və sərnişinlərin buna münasibəti necədir? Bu artım benzinin qiymətinin artacağından xəbər verə bilərmi?


«Nə ət, nə də balıq» Fikrini öyrəndiyim sürücülərdən biri nəqliyyatda yeni qiymət artımına belə münasibət bildirdi. Səbəbini isə fikrini öyrəndiyim digər sürücülər kimi artımın azlığı və qeyri-müəyyənliyi ilə bağladı.


Tarif Şurasının sərnişin nəqliyyatda qiymətlərin artırılması ilə bağlı oktyabrın 9-dan qüvvəyə minəcək qərarıyla gediş haqqı köhnə pulla 750 manat (15 qəpik) olub. Üstəlik şəhərətrafı marşrutlarda gedişhaqqı məsafədən asılı olaraq, 15 qəpikdən 60 qəpiyə - yəni 3 min manata kimi dəyişir. Eyni qərarda Tarif Şurası şəhərdaxili bəzi marşrutların qiymətlərini 1000 manatdan - 20 təzə qəpikdən 15 qəpiyə, yəni 750 köhnə manata salıb. Bakı-Sumqayıt marşrutunda isə yolhaqqı 30 qəpik - yəni 1500 manat müəyyənləşdirilib.


Yanacağın qiymətləri məsələsində hökumətin verdiyi və ya verəcəyi qərarlarda hər hansı məntiqi ardıcıllıq axtarmaq mənasız işdir

Tarif Şurasından bildirirlər ki, nəqliyyatda qiymət artımı məhz dəqiqləşdirmələr və məlumatlandırmaq məqsədilə oktyabrın 9-dan tətbiq olunacaq. Nəqliyyat Nazirliyi isə marşrut sahiblərini məsafəyə görə qiymətlərin hesablanması, qiymət lövhələrinin hazırlanması və görünən yerdə vurulmasını oktyabrın 9-na qədər başa çatdırmağı təlimatlandırmalıdır. Nəqliyyat Nazirliyinə qiymətləri süni artıran və ya gizlətməyə cəhd edən sürücü və marşrut sahiblərinə qarşı sərt inzibati tədbirlər müəyyənləşdirmək hüququ da verilib.


Amma hələ qiymətlər artmamışdan sürücülər və sərnişinlər başqa problemi - 15 və 25 qəpiklik avtobuslarda pulun qalğı - 5 qəpik məsələsini gündəmə gətirir. Yəni məsələn, 20 qəpik verən sərnişinə çox xırda pul olduğundan 5 qəpik qaytarılacaq, ya yox? Azərbaycan Milli Bankı kifayət qədər 5 qəpikliklər hazırlandığını və onları istənilən vaxt almağın mümkünlüyünü bildirib.


Ötən il dizel yanacağının, maye qazın qiymətləri artırılarkən həm Nəqliyyat, həm də İqtisadi İnkişaf nazirliklərinin rəsmiləri verdikləri açıqlamalarda bunun sərnindaşımada qiymətlərin artmasına səbəb olmayacağını və yanacağın daşımaların maya dəyərindəki payında elə də çox olmadığını demişdilər. Üstəlik dövlət rəsmiləri süni şəkildə qiymət artıranlara qarşı ölçü götürüləcəyinə söz vermişdilər. Bu açıqlamalardan heç bir il keçməmiş hökumət bu dəfə də xidmətin keyfiyyətinin artırılmasını əsas gətirərək qiymətləri qaldırdı. Bəzi sürücülərin fikrincə, hökumət növbəti dəfə yanacağın qiymətlərini artıracaq. Bu addımı qabaqlamaq üçün indidən nəqliyyatda qiyməti qaldırır ki, sonra desin ki, gediş haqlarına onsuz da təzə baxmışıq. Enerji məsələləri üzrə ekspert, «Turan Enerji» dərgisinin redaktoru İlham Şabanın fikrincə, yanacağın qiymətləri məsələsində hökumətin verdiyi və ya verəcəyi qərarlarda hər hansı məntiqi ardıcıllıq axtarmaq mənasız işdir.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yeni ildən benzinin qiymətinin qalxmayacağını bir neçə dəfə bildirib. Amma bu məsələyə Tarif Şurasından birmənalı cavab almaq mümkün olmadı. Şuradan bildirdilər ki, qiymətlərin artması indi gündəlikdə deyil.


XS
SM
MD
LG