Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:25

Vahid Əhmədov: «Bizim 53 milyardlıq təhlükəsizlik yastığımız var...»


Vahid Əhmədov
Vahid Əhmədov

-

Gözlə

No media source currently available

0:00 0:09:13 0:00
Direct-ə keçid

Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, deputat Vahid Əhmədov AzadlıqRadiosunun 2015-ci ilin büdcə layihəsinə dair suallarını cavablayıb.

- Maliyyə Nazirliyi 2015-ci ilin büdcə və icmal layihələrini təqdim edib. İlkin təəssüratınız necədir?

- Büdcədə elə bir ciddi problem yoxdur. Yalnız neftin qiyməti bəzi dəyişikliklər doğura bilər. Bu illə müqayisədə 2015-ci ilin büdcəsində neftin qiyməti 10 dollar daha az – hər barelə görə 90 dollar göstərilib. Bu 10 dolları üst-üstə toplasan, xeyli vəsait edir. Ona görə də ola bilər müəyyən problemlər yaransın və neftdən gələn gəlir azalsın. Dövlət Neft Fondundan müəyyən transferlər də istisna deyil.

- Neft Fondundan daxilolmalardan söz düşmüşkən, bəzi iqtisadçılar büdcənin yarıdan çoxunun – azı, 10 milyard manatın Neft Fondundan transferini uğursuz siyasət kimi dəyərləndirir və bunu büdcənin neftdən asılılığına sübut kimi göstərirlər...

- Azərbaycan neftdən asılılığı azaltmaq üçün bir xeyli layihələr gerçəkləşdirir. Neftdənkənar sektorun inkişafı ilə bağlı xeyli işlər görülüb və görülməkdədir. Ölkədə kənd təsərrüfatı, turizm və digər neftdənkənar sahələrin inkişaf potensialı var. Dövlət uyğun layihə və proqramlar qəbul edib. Bu proqramları yekunlaşdırmaq və hədəfə çatdırmaqdan ötrü Neft Fondundan vəsait ayrılır. Düzdür, proqramların icrasında müəyyən problemlər ola bilər, amma qeyri-neft sektorundan daxilolmalar hər il artır.

- Digər mübahisəli məqam büdcədə neftin qiymətinin 90 dollar göstərilməsidir. Gələn ilin proqnozlarına görə, neftin qiyməti 70-80 dollar arasında dəyişə bilər. Bu halda sözügedən 90 dollar büdcənin icrasında hansı problemlər doğura bilər?

- Dünyada gedən proseslər neftin qiymətinə təsir göstərir. Bu təsir hələ bir müddət davam edəcək. Neftin qiymətinin düşməsi Rusiya ilə bağlı məsələdir – Qərbin, Avropanın Rusiyaya qoyduğu sanksiyalardan qaynaqlanır. Çalışırlar ki, neftin qiyməti aşağı düşsün. Axı Rusiya büdcəsi birbaşa neftdən asılıdır. Bu, təbii ki, Azərbaycana da təsirsiz ötüşməyəcək. Amma bizim 53 milyardlıq təhlükəsizlik yastığımız, ehtiyatımız var. Oradan istənilən vaxt bir-iki milyard götürüb, xərcləyə bilərik. O ki qaldı büdcədə neftin qiymətinin 90 dollar götürülməsinə, mən də düşünürəm ki, qiymət 85-90 dollar arasında olacaq və ilin sonunadək qiymətlər oynaya bilər. Amma yeni ildən qiymətlər stabilləşəcək. 90 dollar optimal variantdır. Əlbəttə, 80-85 dollar da götürmək, büdcəyə əlavə vəsait gələcəyi halda, mayda ona yenidən baxmaq olardı.

- Gələn il neftin qiymətini ən yüksək həddən – 90 dollardan hesablasaq da, bu, 2014-cü ildəkindən 10 dollar daha azdır. Amma 2015-ci ildə xərclər azı bir milyard artırılıb. Yeni büdcədə, özəlliklə tikinti xərcləri 669 milyon manat artırılıb. 21 milyardlıq ümumi büdcənin üçdə biri – 7 milyarda qədəri tikinti və sənaye xərcləridir...

- Tikintilər bu gün başlamayıb, axı. Bunlar ilbəil planlaşdırılan xərclərdir. Milli Məclis üçillik yatırımı, sosial layihələri təsdiqləyib. Bu layihələri birdən-birə dayandırıb, yarımçıq saxlamaq düzgün olmaz. Üstəlik, 53 milyardlıq ehtiyat vəsait nədən ötrü toplanılıb? Elə belə günlərdən ötrü yığılıb ki, layihələr yarımçıq qalmasın və istifadə olunsun. Əlbəttə, müəyyən narahatçılıq var. Kimsə deyə bilməz ki, hansısa narahatlıq yoxdur. Ola bilər ki, bəzi layihələrə yenidən baxılsın. Bəzi beynəlxalq layihələrin, tutalım, Qars dəmiryolu, qaz kəməri və olimpiya oyunları ilə bağlı layihələr mütləq tamamlanmalıdır. Bəzi layihələrdə isə ixtisarlar edilə bilər.

- Dediniz ki, büdcədə müəyyən narahatlıqlar var. Sizin fikrinizcə, söhbət hansı əsas narahatlıqlardan gedir?

- Əsas narahatlığım Rusiyaya sanksiyalarla bağlıdır. Neftin ucuzlaşması dünya iqtisadiyyatına ciddi zərbə vurur. Sanksiya birtərəfli deyil. Bir dövlətə edilən sanksiya digərlərinə də təsir göstərir. Ölkələr arasında idxal-ixrac əməliyyatları aparılır, ABŞ neft hasilatını artırır, dünyada neftin qiyməti düşür, amma dünyanın güc dövlətləri toplanıb, bununla bağlı danışıqlar aparmırlar. 2008-ci ildə isə belə danışıqlar olub. Bu da onu göstərir ki, neftin qiymətinin düşməsi razılaşdırılıb. Azərbaycan müharibə aparan ölkədir. Büdcənin əsas xərcləri müdafiənin payına düşür. Gələn ilin də büdcəsində müdafiə xərcləri artırılıb. Təbii ki, sanksiyalar müəyyənləşdirilərkən, ölkələrə ciddi problemlər doğuracaq hallar nəzərə alınmalıdır.

- Söz sanksiyalardan düşmüşkən, Beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Azərbaycana qarşı sanksiyaları dartışır. Bu haqda nə düşünürsünüz?

- Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü 2002-ci ildə yaradılıb. Azərbaycan da 2003-cü ildə oraya üzv olub. Bu sahədə indiyədək hansısa problemin olduğunu nə eşitmişəm, nə də görmüşəm. Neft Fondunun saytında bütün məlumatlar yerləşdirilib. İstər Neft Fondu, istərsə Neft Şirkəti heç bir əməliyyatı gizlətmir, məlumatları açıqlayır. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Azərbaycana qarşı sanksiyaları müzakirə etməsinə dair xəbərə təsadüfən rast gəldim. Düzü, bilmirəm bu müzakirələr nə ilə əlaqədardır. Amma düşünürəm ki, ötən müddətdə şəffaflıqla bağlı ciddi problemlər olmayıb.

- Sanksiya müzakirələrinin Azərbaycandakı QHT-lərə basqılarla bağlı olduğu açıqlanıb...

- QHT-lərin fəaliyyəti ilə bağlı bəzi problemlər var. Elə faktlar gətirirlər ki, başqa arqument tapa bilmirik. Axı ölkəyə gələn vəsaitin mənbəyi və nəyə xərcləndiyi açıq olmalıdır. Maliyyə axını açıq, şəffaf olmasa, hər cür problem törənər. Bu vəsaitlərin hara xərcləndiyini bilməliyik. Azərbaycan 23 ildir müstəqil dövlətdir, 2 il deyil ki? Ölkəyə gələn vəsaitə, onun hara xərcləndiyinə nəzarət olmalıdır. Bütün dünyada belədir. Ümumiyyətlə, maliyyə axını çox ciddi məsələdir və buna nəzarət olmalıdır.

XS
SM
MD
LG