Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:35

Əfv sərəncamı imzalandı


NİDA-çıların məhkəməsi
NİDA-çıların məhkəməsi

-

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfvə düşənlər arasında 2 NİDA-çı – Şahin Novruzlu və Bəxtiyar Quliyev, bloqqer Elsevər Mürsəlli və QHT rəhbəri Həsən Hüseynli də var.

Xəbərlər vaxtaşırı yenilənir. Məlumatlar ardıcıl, ən yeni xəbərlər yazının əvvəlində olmaqla yerləşdirilir.

-----------------------------------------------------------------

19:00

«SİYASİ MƏHBUS MƏSƏLƏSİ KÖKLÜ ŞƏKİLDƏ HƏLL OLUNMUR»

«Adı bu siyahıya düşən bir neçə nəfərin azad olunması müəyyən qədər ictimai fikri yumşaltmağa hesablanıb».

Bunu AzadlıqRadiosuna REAL Hərəkatının icra katibi Natiq Cəfərli əfv siyahısına münasibət bildirərkən deyib:

Gözlə

No media source currently available

0:00 0:02:12 0:00
Direct-ə keçid

«Vicdan məhbusu, siyasi məhbus məsələsi köklü şəkildə həll edilmir. Siyasi məhbus siyahısında onlarla adam var. Ölkədə bir barışıq ruhu gətirmək, ailələrin gözləntilərini doğrultmaq üçün daha böyük əfv siyahısı gözlənilirdi. Ümid edirik ki, heç olmasa, bu ilin sonuna qədər daha böyük əfv siyahısı çıxar və bu siyahı cəmiyyətdəki gərginliyin azaldılmasına xidmət edər. Həm də bu, yeni siyasi situasiyanın yaranması ilə nəticələnər. Artıq bu qarşıdurmaya son qoyulsun və müəyyən dialoq şəklində ölkənin qarşısında duran məsələlər daxildə həll olunsun. Biz də siyasi məhbus siyahısı tərtib edib Avropa ölkələrinə təqdim etməyək».

Natiq Cəfərli REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun adının əfv siyahısında olmamasını belə şərh edib:

«Gözləmirdik ki, İlqar Məmmədovun adı orda olsun. İlkin görüntü odur ki, ancaq müraciət edənlər siyahıya salınıb. İlqar Məmmədov indiyədək əfv üçün müraciət etməyib, etmək fikri də yoxdur».

18:20

ƏFV ÇIXDI

Əfv barədə sərəncam 84 nəfərə şamil edilib.

Əfvə düşən şəxslərin tam siyahısı ilə burada tanış ol

18:10

«BEYNİ YUYULAN GƏNCLƏR...»

«Cənab prezident 17 oktyabr Müstəqillik Günü münasibətilə əfv fərmanı imzalayıb. Əfvə 100-dək məhbusun adı salınıb. Onlar arasında mənşəyi və məqsədi məlum olmayan QHT-lərin hesabına beyni yuyulan gənclər də daxildir».

Bunu Milli Məclisin bugünkü iclasında YAP-dan olan deputat Siyavuş Novruzov bildirib.

17:40

QHT RƏHBƏRİNİ BURAXIRLAR

Gəncədəki hüquq müdafiəçisi, «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli azadlığa buraxılır.

Bu barədə AzadlıqRadiosuna onun xanımı Təranə Hüseynli məlumat verib:

«Mənə məlumat verdilər ki, Həsəni buraxırlar. Amma bilmirik nə vaxt çıxır həbsxanadan. Biz bu əfvi gözləyirdik. Bilirdik ki, müraciət baxılmamış qalmayacaq. Prezidentə arxayın idik. Haqq-ədalət öz yerini tapdı».

17:10

SİYAHIDA ÜÇ NİDA-ÇININ ADI HALLANIR

Oktyabrın 17-də - Müstəqillik Günü ərəfəsində prezident İlham Əliyevin əfv sərəncamı imzalayıb. Sənəd hələlik rəsmi mətbuatda dərc olunmayıb. Ancaq əfv siyahısına adı düşənlərdən xəbərlər gəlməkdədir.

NİDA Vətəndaş Hərəkatının həbsxanadakı üzvü Şahin Novruzlunun anası Mehparə Novruzlu AzadlıqRadiosuna deyib ki, oğlunun adı prezidentin əfv siyahısına düşüb:

Gözlə

No media source currently available

0:00 0:00:31 0:00
Direct-ə keçid

«Türmənin rəisi zəng elədi ki, Şahin əfvə düşüb. Sonra Şahin özü də zəng elədi və dedi ki, Bəxtiyar Quliyev də əfv olunub. Bir yandan atası gedib, o biri yandan da oğlum gəlir. Bilmirəm ona ağlayım, bilmirəm buna sevinim?! Gözləmirdik əfv olunacağını. Şahin özü, heç olmasa, 3 gün atasının yasında iştirak üçün müraciət edəcəkdi».

NİDA Vətəndaş Hərəkatının 8 üzvü 6-8 il, o cümlədən Bəxtiyar Quliyev 7 il azadlıqdan məhrum edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar.

NİDA üzvləri azadlığa buraxılmaları üçün prezidentə müraciət etmişdilər. Bəxtiyar Quliyev isə Hərəkatdan çıxdığını bildirmişdi.

Hüquq müdafiəçisi Səidə Qocamanlı AzadlıqRadiosuna əfv siyahısında AXCP üzvü Elsevər Mürsəlli, «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin də adlarının olduğunu söyləyib.

Həsən Hüseynli silah tətbiq etməklə xuliqanlıq və qanunsuz soyuq silah gəzdirməkdə ittiham olunurdu. Ona bu il iyulun 14-də Gəncə şəhər Nizami rayon Məhkəməsində 5 il 11 ay 28 gün həbs cəzası verilmişdi. O sonradan əfv üçün dövlət başçısına müraciət etmişdi.

Gənc fəal Elsevər Mürsəlli külli miqdarda narkotik saxlamaqda ittihamı olunaraq 2 il həbs cəzası almışdı. Yaxınları onun keçənilki prezident seçkisində sosial şəbəkələrdə Milli Şuranın sədri Cəmil Həsənlini dəstəklədiyinə görə həbs edildiyini bildirir. İyunun 23-də Elsevər Mürsəlli peşmançılıq müraciəti yayaraq prezidentdən əfv istəmişdi.

Hüquq müdafiəçisi Səidə Qocamanlı AzadlıqRadiosuna bildirib ki, siyasi məhbus məsələsi tədricən həll olunacaq:

«Yəqin ki, qalan siyasi məhbus siyahısında adları olanlar da Yeni il ərəfəsindəki əfvdə buraxılar».

Sosial şəbəkələr əfv sərəncamını şərh edir

XS
SM
MD
LG