Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:43

Ağzına noxta bağlanan adam...


Aygün Aslanlı
Aygün Aslanlı

-

Onun filmləri, demək olar ki, həmişə pərdəarxası söhbətlərə səbəb olur.
Xüsusilə Möhsün Mahmalbafın ssenariləri əsasında çəkdiyi filmlər “atasımı çəkib, yoxsa özümü” deyə daim müzakirə obyektidi...

Aygün Aslanlı

İKİAYAQLI AT

Cihan Aktaş “Şərqin şeiri: İran kinematoqrafiyası” adlı kitabında İran kinosunda qadınlara tətbiq olunan senzuradan söz açarkən yazır:

“Başları örtülü olan, Islama bağlılıqları başqa heç cür hiss edilməyən personajlar Islami əxlaqın qorunmasında necə rol oynaya bilər?

Bu suala cavab axtaran araşdırmaçı-jurnalist Sonya Poryamin kinoda iki tip qadın xarakteri təsvir olunduğunu deyir:

Biri erkəyinə itaət eləyən zavallı, digəri isə intellektual rejissorların önə sürdüyü feminist qadın.

Samira Makhmalbaf
Samira Makhmalbaf

Örnək yaratmağa çalışan əksər kinematoqrafçılar, baş örtüyünü qorumaqla yanaşı, müsəlman qadınları kinoda ən aşağı səviyyədə və ən tərs cəhətləri ilə göstərirlər.

İnqilabi dəyərlər kino və televiziya kimi xalqla ən təsirli ünsiyyət vasitələrinə tətbiq edilməyib”.

Cihan Aktaş və Sonya Poryaminin dediyi, İran kinosunda və dolayısı ilə cəmiyyətində qadına münasibəti dəyişməyə çalışan intellektual kinematoqrafçılardan biri də rejissor Samirə Mahmalbafdı.

Məşhur İran rejissoru Möhsün Mahmalbafın böyük qızı…

1980-ci il təvəllüdlü Samirə kinematoqrafiya ilə səkkiz yaşında, atasının çəkdiyi “Velosipedçi” filmində yaxından tanış olub. 14 yaşında isə məktəbi atıb və təhsilini “Mahmalbaf kino evi”ndə davam etdirib.

İlk tammetrajlı filmi “Alma”nı 17 yaşında çəkib (1998). Cəmi iki il sonra isə “Məktəb lövhəsi” filminə görə Kann festivalında münsiflər heyətinin mükafatına layiq görülüb.

34 yaşlı Samirə Mahmalbaf dörd bədii tammetrajlı – “Alma”, “Məktəb lövhəsi”, “Gündüz saat beşdə”, “İkiayaqlı at” – və bir qısametrajlı filmin rejissorudu – Nyu-Yorkda qoşa qüllələrin partladılmasının ildönümü ilə bağlı reallaşdırılan “11.09.01” layihəsindəki 11 rejissordan biri də Samirədi. İyirmidən çox nüfuzlu festivalın əsas mükafatlarının sahibidi.

Fransa - Mohsen Makhmalbaf (sağda), həyat yoldaşı Marzieh Meshkini (operator, rejissor) və kiçik qızı Hana (o da rejissordur) Vesoul Beynəlxalq Asiya Filmləri Festivalında mükafat qazanır. 2009
Fransa - Mohsen Makhmalbaf (sağda), həyat yoldaşı Marzieh Meshkini (operator, rejissor) və kiçik qızı Hana (o da rejissordur) Vesoul Beynəlxalq Asiya Filmləri Festivalında mükafat qazanır. 2009

​Onun filmləri, demək olar ki, həmişə pərdəarxası söhbətlərə səbəb olur. Xüsusilə Möhsün Mahmalbafın ssenariləri əsasında çəkdiyi filmlər “atasımı çəkib, yoxsa özümü” deyə daim müzakirə obyektidi. İşin əslini ata ilə qızı bilir, amma Samirə bir rejissor kimi atasından qəddardı, sərtdi. O, qəhrəmanlarını sona qədər sınayır və çarəsizliyin girdabında buraxır.

“Gündüz saat 5” filmində prezident olmaq istəyən əfqan gözəli Nuxra yalnız atasının gözündən uzaqda üsyankardı- köhnə, boz çustlarını çıxarıb, ağ, dikdaban ayaqqabı geyinir, ayaqlarını yerə çırpa-çırpa yeriyir. (Taliban dövründə qadınların ayaq səslərinin eşidilməyi də günah sayılırdı və cəzalandırılırdı). Baxmayaraq ki, taliban rejimi artıq yoxdu, Nuxra arzularının yox, qadın görəndə üzünü divara çevirən, qonşusu musiqi dinlədiyinə görə günaha batmaqdan qorxub yaşadığı yeri tərk eləyən atasının itaətindən çıxmır və finalda onun arxasınca naməlumluğa sürüklənir.

Rejissorun 2008-ci ildə çəkdiyi hələlik sonuncu olan “İkiayaqlı at” filmində isə (ssenari müəllifi M.Mahmalbaf) gündə bir dollar qarşılığında balaca sahibini bütün günü at kimi belində daşıyan qəhrəman, başda ehtiyac ucbatından, sonra da sahibinin ona “dost” deyib mərhəmət göstərməyinə aldanaraq tədricən sınır. (Ardı aşağıda)

"İkiayaqlı at" filmindən parça

Əvvəlcə kürəyinə yəhər, ağzına noxta bağlanmasına razılıq verir, sonra ayaqları nallanır. Sonda başına at maskası keçirilir və “tezliklə öyrəşəcəksən” deyilir. O isə axurda digər atlarla birlikdə saman yeyir. Bu səhnəni görəndə istər-istəməz “bəlkə onlar da nə vaxtsa insan olublar” deyə fikirləşirsən. Onsuz da qəddar əhvalatı daha da amansız eləyənsə baş rolları fiziki məhdudiyyətli uşaqların oynamağıdı.

Ancaq rejissor bu priyomla qəhrəmanlarını (S.Mahmalbaf filmlərində qeyri-peşəkar aktyorlarla işləyir, hər kəs özünü oynayır) və tamaşaçını ümidsizlik zülmətinə qərq eləmək istəmir. Əksinə, bu onun nitşesayağı “ümid xəstəlikdi, ümid eləmə, mübarizə aparmağı öyrən” demək cəhdidi.

Bu baxımdan S.Mahmalbafın yalnız bir filmi istisnadı. 17 yaşında çəkdiyi “Alma”.

“Alma” İranda baş vermiş, hətta qəzetlərə manşet olan real hadisə əsasında çəkilib. Ssenari müəllifi yenə atasıdı.

Yaşlı ata 12 yaşlı iki qızını və kor arvadını qıfıl altında saxlayır. Qızlar anadan olandan evdən bayıra çıxmayıblar, aylarla çimmirlər. Onların əqli və nitqi zəif inkişaf eləyib. Günlərin bir günü qonşular müvafiq orqanlara məktub yazırlar. Qızları aparıb çimizdirən, üst-başlarını dəyişdirən sosial işçilər atadan onları bir də bağlamayacağına dair söz alandan sonra evlərinə buraxırlar. Lakin heç nə dəyişmir. Ata sözünə əməl eləmir, üstəlik qonşuları şərəfini ləkələməkdə günahlandırır. Sosial işçi yenidən işə qarışmalı olur. (Ardı aşağıda)

"Alma" filmindən parça

Rejissor personajlarını qınamır, haqq qazandırmır. Sadəcə göstərir. Hər şeyi olduğu kimi. Tədricən, tamaşaçı əsl günahkarın ata, ya da ana yox, cəmiyyət olduğunu anlayır. O cəmiyyət ki, oğlanlara küçədə rahat oynamağa icazə verir, balaca qızları isə başıaçıq bayıra çıxmağa qoymur. O cəmiyyət ki, ananı kor eləyib. Bu filmdə ananın korluğu təkcə fiziki deyil, həm də simvolikdi. Bütün film boyu onun daha çox deyinən, qarğış tökən səsini eşidirik. Qadın ekranda görünəndə qaranlıqdan çıxır.

Sosial müdafiə idarəsində qızlarını ilk dəfə qucaqlayanda onların halı ilə yox, başlarının niyə açıq olduğu ilə maraqlanır. Ata isə zavallıdı, yoxsuldu, gücsüzdü. Amma qızlarını çox sevir, bütün atalar kimi onları qorumağa çalışır. Tapdığı yeganə çıxış yolu da budu- qızlarını qaranlıq evə salıb qəfəs-qapını bayırdan kilidləmək.

Sosial işçinin yardımı ilə qəfəslərindən qurtulan qızların aldıqları ilk hədiyyə güzgüdü, ilk arzuları isə alma. Filmin finalında evdə tək qalan kor ana fəhmlə yolu tapa-tapa və cadu eləyib onun ailəsinin dağıtdığına görə sosial işçini qarğaya-qarğaya bayıra çıxır. Küçədə balaca oğlanın ipə bağlayıb pəncərədən salladığı alma başına toxunur. Qadın almanı tutmayınca əl çəkmir və film bitir. Güzgü kimi alma da özünüdərkdi, bilgidi.

Maraqlıdı ki, burda qızları evə qapadan da kişidi, almanı-bilgini verən də balaca oğlan-kişidi. Yəqin ki, bu da ssenari müəllifinin qarşı cinsdən olmasından irəli gəlir. Patriarxal şərq cəmiyyətində hətta ən geniş dünyagörüşünə sahib kişi də qadını ondan kənarda və icazəsiz azad təsəvvür eləmir.

“Alma” Samirə Mahmalbafın sonunda işıq qoyduğu tək filmidi. Sənədli üslubda çəkilmiş filmin aktyorları da elə real hadisənin iştirakçılarıdı və öz adları ilə gedirlər.

Samira Makhmalbaf
Samira Makhmalbaf

Ümumiyyətlə, Samirə bütün filmlərində, o cümlədən “Alma”da da qeyri-peşəkar aktyorlar, natura çəkilişləri, müşahidəçi kamera sayəsində sənədli kino ilə bədiinin sərhədlərini tamamən şəffaflaşdırır. O qədər ki, filmləri ilk baxışda son dərəcə primitiv təsir bağışlayır. Ancaq bu primitivlik istedad azlığının nəticəsi deyil, məzmunun tələb elədiyi formadı. Samirə Mahmalbaf filmləri üçün seçdiyi məkanların, orda yaşayan adi insanların obrazını yaratmağa çalışır.

Filmləri naminə təhlükəli bölgələrə getməkdən, risk eləməkdən çəkinmir. “Gündüz saat 5” filminin Əfqanıstandakı çəkilişləri zamanı bacısı Hana oğurlanıb, “İkiayaqlı at”ın çəkiliş meydançası yaxınlığında partlayış olub və çəkiliş qrupunun üzvləri yaralanıblar.

Rejissor insanları, onların yaşamlarını olduğu kimi göstərməklə dünyanın onlara qarşı münasibətini dəyişmək istəyir.

“Mən kinonun köməyilə insanların ağrılarını azaltmaq istəyirəm. Mənə elə gəlir ki, onun səviyyəsi bəşəriyyətin düşüncə tərzindən asılıdı. Bizim düşündüklərimiz bizim mahiyyətimizdi. Kino isə bizim düşüncələrimizi dəyişə bilər” - deyir Samirə Mahmalbaf.

XS
SM
MD
LG