Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:31

Kiyev: Malayziya təyyarəsi Ukrayna raketi ilə vurulmayıb


Malayziya sərnişin təyyarəsinin qırıntıları.
Malayziya sərnişin təyyarəsinin qırıntıları.

Ukraynanın Müdafiə Nazirliyi "Spiegel"in yazdıqlarını inkar edir.

Ukraynanın Müdafiə Nazirliyi MH17 reysi ilə uçan Malayaziya sərnişin təyyarəsinin guya separatçılar tərəfindən Ukraynanın bazalarından birində ələ keçirilmiş “Buk” raket kompleksindən vurulduğu barədə Almaniyanın “Spiegel” məcmuəsinin yaydığı xəbəri təkzib edib.

“Raket kompleksinin Ukrayna Hərbi Hava Qüvvələrinin bazasından terrorçular tərəfindən ələ keçirilməsi barədə məlumat həqiqətə uyğun deyil” – deyilir nazirliyin bəyanatında.

“Buk” kimin olub?

Bəyanatda bildirilir ki, Ukraynanın şərqində özünü müstəqil elan etmiş “xalq respublikaları”nın tərəfdarları hərbi hissələrdən birinin ərazisinə daxil olarkən orada köhnə və yararsız avtomobil texnikasından başqa heç nə olmayıb.

Rəsmi Kiyev israr edir ki, sözü gedən “Buk” raket qurğusu separatçı terrorçuların nəzarətində olan əraziyə Rusiyadan gətirilib.

Öz növbəsində Ukraynanın şərqindəki qondrama “Donetsk Respublikası”nın rəhbərliyi Malayziyaya məxsus sərnişin təyyarəsinin bu ilin iyul ayında baş vermiş qəzası ilə hər hansı əlaqələrinin olması barədə iddiaları rədd edirlər.

Həmçinin Moskva Rusiya yönlü separatçılara hər hansı silah-sursat verdiyini inkar edir.

Nə təsdiq, nə də təkzib

“Spiegel”in bazar günü sayında dərc olunmuş məqalə Almaniya fedral kəşfiyyat xidməti BND-nin rəhbəri Gerhardt Schindler-in ölkə parlamenti Bundestaq-ın nəzarət komitəsindəki məxfi məruzəsi barədə idi.

Bundestaqın mətbuat xidməti nəzarət komitəsinin iclaslarının məxfiliyini əsas gətirərək bu informasiyanı nə təsdiq, nə də təkzib edib.

Lakin adının çəkilməsi istəməyən komitə üzvlərindən biri Berlindəki BBC müxbirinə Schindler-in məruzəsinin oktyabrın 8-də millət vəkillərinə təqdim olunduğu təsdiq edib. Mənbə həmçinin bu məruzədə “Buk” raket qurğusu barədə “Spiegel”in əsaslandığı məlumatın yer aldığını da qeyd edib.

Fotodəlillərə müdaxilə olunub?

“Spiegel” yazır ki, sözü gedən məruzəyə çox sayda peyk fotoları daxil olub. Jurnalın yazdığına görə Schindler bu şəkillərin birmənalı nəticəyə gəlinməsi üçün kafi olduğunu bildirib.

Almaniya mütəxəssisləri Ukrayna tərəfinin təqdim etdiyi fotolara müdaxilə edildiyini düşünürlər.

Bununla belə, BND “Buk” raketlərinin təyyarəyə Ukrayna qoşunları tərəfindən atıldığı və Malayziya təyyarəsinin yaxınlığında guya Ukrayna qırıcısının uçduğu barədə Rusiya tərəfinin versiyalarını rədd edir.

Təfərrüatlar gələn ilə qaldı

İyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçarkən qəzaya uğramış Malayziya təyyarəsinin göyərtəsdində olan 298 nəfərin hamısı həlak olub.

Qəzanı araşdıran beynəlxalq komissiya sentyabrın əvvəllərində bildirmişdi ki, təyyarə çox sayda yüksək sürətli cismlərlə toqquşma nəticəsində qəzaya uğrayıb.

Ekspertlərin daha müfəssəl nəticələri gələn il açıqlanacaq.

XS
SM
MD
LG