Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:40

QHT rəhbərinin sualı: Parlamentlə «anlaşma memorandumu» əməkdaşlıqdır, yoxsa imitasiya?


Sahib Məmmədov
Sahib Məmmədov

-

Gözlə

No media source currently available

0:00 0:03:37 0:00
Direct-ə keçid

«QHT-lər vətəndaş cəmiyyətinin təmsilçiləridir. Milli Məclisin qərar qəbulunda onların fəal iştirakı birbaşa əhalinin maraqlarına xidmət edir».

Sahib Məmmədov Milli Məclislə üzvü olduğu QHT-lərə Dövlət Dəstəyi Şurası arasında imzalanan «Anlaşma Memorandumu»nu şərh edərkən belə deyib.

«MƏQSƏD QANUNYARATMA PROSESİNDƏ QHT-LƏRİN DAHA FƏAL İŞTİRAKINA YOL AÇMAQDIR»

Oktyabrın 17-də imzalanan memorandum vətəndaş cəmiyyəti təmsilçilərinin qanunyaratma prosesinə daha fəal və sistemli iştirakına yol açmaq məqsədi güdür:

«Daha əvvəllər də qanun layihələrinin hazırlanmasında QHT-lər ekspert kimi cəlb olunurdu. Məsələn, sosialyönümlü qanun layihələrinin, Rəqabət Məcəlləsinin hazırlanmasına QHT-lər də qatılıb. Vətəndaş cəmiyyəti təmsilçilərinin özünün hazırladığı və sonradan qəbul olunan qanun layihələri də var. «Könüllük fəaliyyəti haqqında», «İctimai iştirakçılıq haqqında» qanunlar birbaşa vətəndaş cəmiyyəti təmsilçilərinin təşəbbüsü ilə hazırlanaraq qəbul edilib. Qanunyaratma sistemində QHT-lərin daha fəal və sistemli iştirakına yol açmaq üçün Milli Məclislə sözügedən anlaşma memorandumu imzalanıb».

Bənzər memorandum daha öncə – sentyabrın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də imzalanmışdı. Həmin sənəddə nazirliyin 4 fəaliyyət istiqamətinə ictimai nəzarət, eləcə də ictimai şuranın təşkili nəzərdə tutulub.

«BELƏ İCTİMAİ ŞURALAR ƏVVƏLLƏR DƏ VARDI»

Sahib Məmmədov yada salır ki, «İctimai iştirakçılıq haqqında» qanuna uyğun olaraq Azərbaycanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da ictimai şuralar yaradılmalı və vətəndaş cəmiyyətinin seçdiyi nümayəndələr həmin şuralarda təmsil edilməlidir:

«Belə ictimai şuralar əvvəllər də vardı. Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə ictimai nəzarət üzrə komitəni və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuranı misal çəkə bilərəm. «İctimai iştirakçılıq haqqında» qanunun qəbulundan sonra belə şuraların fəaliyyəti qanunla tənzimlənir».

Ərəstun Oruclu
Ərəstun Oruclu

«BU BIR İMİTASİYADIR»

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, Milli Məclislə imzalanan memorandum son vaxtlar ölkə QHT-lərinə basqılara beynəlxalq aləmdən gələn tənqidlərə cavabdır:

«Bir görüntü, bir imitasiyadır. Axı hakimiyyət Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının böyük əksəriyyətini sıradan çıxarıb. Qalanları dövlətin nəzarətində olan, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi və əslində, hakimiyyətin diktəsi ilə çalışanlardır. Bu bir imitasiyadır. Yeri gələndə beynəlxalq aləmə car çəkəcəklər ki, baxın, Azərbaycanda vətəndaş cəmiyyəti təmsilçiləri qanunların qəbuluna da qatılır və dünyanın bir çox inkişaf etmiş ölkələrində heç bu təcrübə yoxdur. Amma elə memorandum imzalandığı gün parlament qrant və QHT-lər haqqında qanunları sərtləşdirdi. Beləcə, müstəqil QHT-lər sıradan çıxarılır».

«MÜSTƏQİL QHT-LƏRİN SIRADAN ÇIXARILDIĞI BİR ZAMANDA...»

Ərəstun Oruclu vətəndaş cəmiyyəti adı ilə qanunların qəbuluna qatılanların müstəqil davranacaqlarını heç ağlına da gətirmədiyini deyir. O, azı, 30 QHT-nin bağlanmasını, bəzi QHT təmsilçilərinin həbsini, digərlərinin istintaqda dindirilməsini və qanunların sərtləşdirilməsini öz pessimizminin sübutu sayaraq ictimaiyyətə sual ünvanlayır:

«Müstəqil QHT-lərin sıradan çıxarıldığı bir zamanda Milli Məclis, eləcə də digər mərkəzi icra hakimiyyəti orqanları hansı vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlıq edəcəklər?».

XS
SM
MD
LG