Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:14

«Respondentlərin 83%-i İlham Əliyevə səs verərdi...»


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

-

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin reytinqi yüksək olaraq qalmaqdadır.

“Rəy” Monitorinq Mərkəzinin bu günlərdə Bakıda keçirdiyi “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri göstərir ki, paytaxt əhalisinin əksəriyyəti dövlət başçısını dəstəkləyir.

Monitorinq Mərkəzindən AzərTAc-a verilən məlumata görə, sorğu zamanı məlum olub ki, prezident seçkiləri gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə gələcək respondentlərin əksəriyyəti (83 faiz) öz səsini hazırkı dövlət başçısına verərdi.

Bakı sakinlərinin 65 faizi Azərbaycan Prezidenti vəzifəsində İlham Əliyevə alternativ görmür. Respondentlərin 82 faizi “İlham Əliyev sizin maraqlarınıza cavab verirmi” sualını müsbət cavablandırıb. Rəyi soruşulanların 68 faizi isə ölkədə işlərin düzgün istiqamətdə getdiyini düşünür.

“Omnibus” tipli ictimai rəy sorğusu cari il oktyabrın 17-dən 21-dək keçirilib. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya 18 yaşdan yuxarı 1300-ə yaxın sakin cəlb olunub. Sorğu nəticələrinin statistik nisbi xətası 3,4 faizdən çox deyil.

“MİLYONLUQ QALMAQAL” BARƏDƏ YENİ TƏFƏRRÜATLAR

“Azadlıq” qəzeti: Dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi noyabrın 3-də Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilib. Zərərçəkmiş Ramazan Səlimov sabiq hakim Həsən Əliyevin vəkili Sadiq Rəsulovun suallarını cavablandırıb. Vəkil Sadiq Rəsulov Ramazan Səlimova öncə belə sual verib:

Arxiv foto
Arxiv foto

“Siz Həsən Əliyevə verdiyinizi iddia etdiyiniz bir milyon manatı haradan əldə etmişdiniz?”

Ramazan Səlimov isə cavabında həmin pulu 29 sot torpağını və evini sataraq əldə etdiyini deyib.

Vəkilin “satdığınız mülklər öz adınıza olubmu?” sualına isə Ramazan Səlimovun cavabı belə olub: “Yox, qohumlarımın adına olub”.

Vəkil məhkəməyə bəzi sənədlər təqdim edib. Sənədlərdən biri də məhkəmə işində adı keçən bağ evi ilə bağlı olub. Bağın sahibi Nərminə Quliyeva ifadəsində göstərib ki, Mərdəkan qəsəbəsində yerləşən 1391 saylı bağı Ramazan Səlimovdan bir milyon yüz min manata deyil, qırx min dollara alıb. Ramazan Səlimov isə bağını satdığını, həmin puldan sabiq vəkil Həsən Əliyevə verdiyini iddia edirdi.

VƏKİL: “RƏŞAD HƏSƏNOV ƏFV HAQQINDA FİKİRLƏŞMİR”

Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı məhbus Rəşad Həsənovun vəkili Əsabəli Mustafayev “Media forum” saytına danışıb. O bildirib ki, gənc fəalla oktyabrın 24-də görüşüb:

Nidaçı aktivistlər
Nidaçı aktivistlər

“Rəşad özünü yaxşı hiss eləyir. Səhhətində heç bir problem yoxdur”.

Əsabəli Mustafayev bildirib ki, Rəşad Həsənov əfv haqqında fikirləşmir: “Lakin prezidentin onu və digər gəncləri əfv etməsi çox yaxşı olardı”.

Rəşad Həsənov ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Rəşad Həsənova 7 il 6 ay həbs cəzası verilib. Bu iş üzrə tutulmuş gənclərdən ikisi – Bəxtiyar Quliyev və Şahin Novruzlu prezidentin əfv sərəncamı ilə oktyabrın 18-də azadlığa çıxıblar.

"BEŞ BANK BAZARI TƏRK ETMƏLİ OLACAQ"

Mərkəzi Bankın məlumatına görə, problemli kreditlərin həcmi 1,2 milyard dolları ötüb. İlin əvvəlində kreditlərlə bağlı tələblərin sərtləşdirilməsi, məhdudiyyətlərin qoyulması problemin həllinə təsir göstərə bilməyib. Son zamanlar bank sektorunda baş verən proseslərə aydınlıq gətirmək üçün “Bizim Yol” qəzeti İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevlə müsahibə yayıb . İqtisadçının fikrincə, nə qədər ki, faiz dərəcələri yüksəkdir, problemli kreditlərin də həcmi artacaq. “Bildirilir ki, bu vəsaitlərin strukturunda istehlak kreditləri daha yüksəkdir. Amma düşünürəm ki, problemli kreditlərin strukturunda biznes kreditləri üstünlük təşkil edir. Sayı az olsa da, həcmi böyükdür. Çünki biznes kreditləri həm böyük həcmdə, həm də uzun müddətli verilir.

- Amma bankların hesabatlarına nəzər yetirdikdə, problemli kreditlərin strukturunda istehlak kreditlərinin üstünlük təşkil etdiyini görərik. Biznes və ipoteka kreditləri sonrakı sıralarda qərarlaşıb…

- Düzü, ipoteka kreditlərinin yüksək paya malik olduğunu düşünmürəm. Problemli kreditlərin tərkibində ilk baxışdan istehlak kreditləri çox görünə bilər. Amma araşdırma apardıqda qaytarılmayan biznes kreditləri daha çoxdur. Son dövrlər banklar biznes kreditlərini çox məhdudlaşdırıb. Ona görə də bu sahədə əvvəlki qədər problemlər yoxdur.

AZƏRBAYCAN İŞİD-ÇİLARİ HAQDA ŞOK MƏLUMATLAR

“Yeni Müsavat” yazır ki, Qərbin İŞİD-ə qarşı taktika dəyişdirdiyi barədə məlumatlar ciddiləşməkdədir. Bu yeni taktika gedənlərə mane olunmaması, qayıtmağı qeyri - mümkün etmək, imkan tapıb qayıdanları isə həbs etmək və s. vasitələrlə cəmiyyətdən təcrid edilməsindən ibarətdir.

Bakıdakı “cihada dəvət olunanlar”dan biri onlara artıq başqa marşrut təklif olunduğunu deyir
Bakıdakı “cihada dəvət olunanlar”dan biri onlara artıq başqa marşrut təklif olunduğunu deyir

Bizə daxil olan sensasion informasiyalara görə, Azərbaycan xüsusi xidmət orqanları da onlara ekspertlik edən xarici ekspertlərin tövsiyəsi ilə ölkədəki vəhhabi və Suriyada savaşa getmək istəyənlərlə bağlı haqqında danışılan həmin yeni taktikanı qəbul etmək üzərində siyasi rəhbərlik qarşısında məsələ qaldırıb... Bugünlərdə Bakıdakı “cihada dəvət olunanlar”dan biri “Yeni Müsavat”a deyib ki, onlara artıq başqa marşrut təklif olunur. İran üzərindən Pakistana gedilir, Bəlucistan əyalətindən keçərək Talibanın Pakistandakı əsas qalası hesab olunan Vəziristan əyalətində toplanılır. “Yeni Müsavat”a danışan mənbə deyib ki, onlara açıq şəkildə şəhid olmağa getdikləri deyilib: “Mən hələlik bir bəhanə ilə yayınmışam. Onlara əvvəl dedim ki, gəlin gedək Ağdamda, Kəlbəcərdə şəhid olaq. Cavabları bu oldu ki, həmin torpaqlara dair ”Cihad fətfası" yoxdur. Sonra da dedim ki, imanım kamil deyil, mənə zaman lazımdır ki, oxuyum və ibadət edim. Açığı, gedib oralarda ölmək istəmirəm. Lakin həm də burdakılardan qorxuram", deyir, həmin mənbə”.

XS
SM
MD
LG