Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:55

Erməni yazıçı: "Azərbaycanlılar, ayıb olsun, özünüzü lap ermənilər kimi aparırsınız!"


Vahe
Vahe

-

"Axı bir yazıçının keçmiş xidmətlərini unudub, onu sadəcə başqa cür fikirləşir, yazır deyə, necə təhqir etmək olar?

Axı sizin sadəcə oxumamaq imkanınız var.

Qələm adamına qarşı bu qəzəb hardandır?"

Günel Mövlud: Vahe ilə Tbilisidə görüşdük. Azərbaycanlı ilə ermənilərin rahat danışa, küçələrdə birlikdə gəzə, restoranlarda ziyafətlər qura bildikləri şəhərdə. Görüşəndə Vahe məni doğma bacısı kimi qucaqladı.

Qızının bir erməni ilə qucaqlaşdığını görən anamın, Qarabağ köçkününün heyrət və dəhşətdən az qala ürəyi getmişdi.

Biz Vahenin çox sevdiyi kəklikotulu çay içdik, yüngülvari səhər yeməyi yedik və uzun-uzadı danışdıq.

Oğlumu görəndə Vahe zarafatla təklif elədi ki, onun iki yaşlı qızı ilə «göbəkkəsdi» edək. Üzbəüz oturub söhbət edəndə, hər iki xalqı nə qədər tanıdığı, kofliktin əsl səbəblərini necə sərrast, ağıllı çözə bildiyini görüb, daha da heyrətləndim. Heyif ki, söhbətlərimizin xeyli vacib hissələri müsahibədə yer almadı.

Günel Mövlud
Günel Mövlud

- Vahe, Siz kimsiniz, nə ilə məşğulsunuz, bir az özünüz barədə danışın.

- Mən yazıçı, publisist və ictimai xadiməm. Yerevanda doğulmuşam, Heyvandarlıq İnstitutunu bitirmişəm, Ermənistanda Respublika Partiyasının yaranmasında iştirak etmişəm. 90-92-ci ildə sovet qoşunlarına qarşı döyüşmüşəm. Sonra İsveçə köçmüşəm. İsveçdə yeni gəlmiş sadə əcnəbi kimi yaşamışam, bir müddət nə gəldi, məşğul olmuşam, adətən işlərim qısamüddətli olub. eyni vaxta iki institutda oxumuşam. Bir neçə təşkilat yaratmışam. Üç dəfə parlamentə namizəd olmuşam.

2006-2008-ci illərdə Amerikada, Vaşinqtonda yaşamışam. Erməni daşnakları orda məni həbsxanaya salmağa cəhd ediblər. Həmin vaxtda iki təşkilat - Los-Ancelesdə qovulmuş erməni yazıçılarının birliyini və Vaşinqtonda Ermənistan PF analitik mərkəzini yaradılmasında iştirak etmişəm.

2005-ci ildən Ermənistan hakimiyyəti məni silah-sursat saxlamaqda ittiham edərək axtarışa verib. 2014-ci ildə bu itiham üzərimdən götürülüb. İki kitabım çap olunub, bir neçəsini internetdə yerləşdirmişəm, ümumiyyətlə on kitab müəllifiyəm. Kitablarım dörd dildə çıxıb. Mənə elə gəlir ki, bu qədər təqdimat yetərlidir.

- Necə oldu ki, İsveçə getmək qərarını verdiniz?

- SSRİ-dən qaçıb, sığınacaq istədim. Ölkə dağıldığı üçün az qala bütün keçmiş sovet vətəndaşlarına oturum verdilər.

- Vahe, uşaqlıqdan bizə deyirlər ki, ermənilər yeni doğulmuş körpələrinin qulağına pıçıldayır: «Türk sənin düşmənindi». Bizə də məsləhət görürlər ki, uşaqlarımızı ermənilər kimi böyüdək. Yəni körpəlikdən onlara təlqin edək ki, ermənilər sənin düşmənindi.

Oğlumuz doğulanda, həyat yoldaşım onu qucağına alıb, zarafatla pıçıldadı: Oğlum, ermənilər sənin düşmənin deyil!». Ümumiyyətlə, bu doğrudu, ermənilər doğrudan da, körpələrinin qulağına türklərin düşmən olduğunu pıçıldayırlar?

- Mənim qulağıma heç kim belə bir şey pıçıldamayıb, buna əminəm. Heç eşitməmişəm ki, ermənilər körpələrinin qulağına belə şey desinlər. Amma bir çox uşaqların ağlı kəsəndən açıq-aydın deyirlər ki, türklər düşməndi. Bir çox ailələrdə bunu nənələr edir.

Bu yaşlı insanlara travmatik xatirələr əzab verir, onlar yaddaşlarındakı qovulma və digər əzablı xatirələrdən əziyyət çəkir və gənclərə təlqin edirlər ki, türklərdən qisas almaq lazımdı. Mənim nənəmin əsli Muşdan idi. Mehriban, sevimli, xeyirxah qadın idi, onun uşaqlığı əzablar içində keçmişdi. Öz gözləri ilə bəzi şeyləri görmüşdü.

Düzdü, o səhərdən axşama qədər bizə düşmənçilik aşılamırdı. Amma söhbət türklərin ermənilərə elədiklərindən düşəndə, həmişə deyirdi ki, bizimkilər də onlardan qisas almalı, onları öldürməlidi.

- Bəs, valideynləriniz necə? Onlar da belə deyirdilər?

- Heç vaxt. Nə valideynlərim, nə əmilərim, nə dayılarım, nə xalalarım, heç vaxt onların öz uşaqlarına belə bir şey dediyinin şahidi olmamışam. Bu sarıdan mənim bəxtim gətirib, ətrafımda uşağını belə böyüdən erməni olmayıb.

Mən də heç vaxt öz uşaqlarıma belə şeylər danışmamışam, dostlarım da həmçinin. Amma mən sizə ziyalı insanlardan danışıram. Cahillər isə təxminən siz deyən kimi tərbiyə edirlər uşaqlarını. Kədərli faktdır ki, cahillər daha çoxdur.

- Ortaq dostumuz, tanınmış yazıçı Əli Əkbər tez-tez Avropada yaşayan azərbaycanlılardan yazmağı, danışmağı xoşlayır. Maraqlıdır, bizim Avropada yaşayan «düşmən»lərimiz necədirlər? Avropalı ermənini obrazı necədir, onlar Avropada nə işlə məşğul olurlar?

Kəlbəcərdən çıxan azərbaycanlılar, 1993
Kəlbəcərdən çıxan azərbaycanlılar, 1993

- Azərbaycanlılar nə edirsə, ermənilər də onu edir. Heç bir fərq yoxdur. Ziyalılarımızdan tutmuş, axırıncı əclaflarımıza qədər hamısı eynidir. Ziyalılar etnik söhbətlərdən çəkinir, özlərinə intellektlərinə, sosial vəziyyətlərinə uyğun çevrə tapırlar. Məsələn, mənim İsveçdə iki azərbaycanlı dostum var.

- Etiraz etmirsinizsə, mən bir az keçmişə qayıdardım. 1988-1993-cü illər yəqin ki, yadınızdan çıxmayıb. Hərdən düşünürəm ki, ilahi, o necə rüsvayçı illər idi? Doğrudanmı, bizim ölkələrimizdə bu rüsvayçılığa, qatı millətçiliyə etiraz edəcək, insanları doğru yola çağıracaq ziyalılarımız yox idi?

Mən özümüzünkülərdən danışmaq istəmirəm. Amma Sizdən öyrənmək istəyirəm: o illərdə Ermənistanda bu nifrətə, bu biabırçılığa etiraz edəcək ziyalılar tapıldımı? Və sonra onların axırı necə oldu?

- 70-ci illərdəki müstəqillik hərəkatının lideri olmuş Paruyr Ayrikyan elə ilk Qarabağ mitinqində çıxış edərək dedi ki, Qarabağı bir sovet türməsindən çıxarıb, o biri sovet türməsinə salmaq istəyənlər əslində, xalqlarımızı düşmən etmək istəyənlərdir. Biz SSRİ-dən xilas olmalı, Azərbaycana da bu məsələdə kömək etməliyik. Demokratiyanı inkişaf etdirməli və iki demokratik xalq kimi masa arxasına oturub, mübahisəli məsələləri həll etməliyik. Sumqayıt hadisələrindən sonra da o, Yerevanda çıxış edərək, dedi ki, orda erməniləri öldürənlər və zorlayanlar azərbaycanlılar deyil, «çekistlər» və onların təşkil etdikləri krimanal qruplardır. O, Sumqayıt və Bakıda baş verənlərə görə, azərbaycanlıları yox, Qorbaçovu günahkar bilirdi.

Nəticədə onun özünü ölkədən qovdular, təşkilatdakıları, silahdaşlarını, həmfikirlərindən kimini həbs etdilər, kimini öldürdülər, kimini də ölkədən çıxıb getməyə məcbur elədilər. Hərəkatın başına isə öz casuslarını qoydular, komitəni Qarabağ adlandırdılar, bu da axırı.

- Hazırda Azərbaycanda xalqı dəli olmağa qoymayan, nifrətə köklənməyə imkan verməməyə çalışan bəzi yazarlar var. Onlardan tanıdığınız varmı və bu baxımdan Ermənistanla analogiya aparmaq olarmı?

- Təssüf ki, mən azərbaycanca oxuya bilmirəm. Buna görə də, bütün publisistləri tanımıram. Tanıdıqlarımı da sosial şəbəkələr vasitəsilə tanıyıram. Görürəm ki, çox parlaq intellektə sahib, maraqlı insanlar var. Onların Azərbaycanda hansı mətbu orqanlarda çap olunduğunu, necə oxunduqlarını bilmirəm.

Erməni qaçqınlar Bakı limanında, 1990
Erməni qaçqınlar Bakı limanında, 1990

Bilirsiniz, ölkələrimizdə yazar çox şey deyə bilmir, deyəndə də, sonra səsi həbsxanalardan gəlir. Amma ölkədən gedənlər daha təhlükəsiz yerdədirlər.

Buna görə də, sülhməramlı mövzuları onlar öz üzərlərinə götürməlidirlər. Əgər ölkədən kənarda yaşayan bizlər tənqidi qəddar, maksimum həddə qaldırsaq, hakimiyyətin ölkədəki jurnalistləri, yazarları həbs etməyinin bir mənası qalmayacaq. Bu məsələdə biz əli qələm tutan bacı və qardaşlarımıza kömək etməliyik. Biz bu təcrübəni Ermənistanda sınaqdan keçirdik və effekti oldu. İndi bizdə həbs olunan jurnalistlərin sayı Azərbaycandakından azdır. Amma bu heç də o demək deyil ki, Ermənistan hakimiyyəti daha demokratdır.

Sadəcə daha mənası yoxdur. Müxtəlif ölkələrdəki erməni yazarları öz prezidentlərini maksimum tənqid elədilər, hətta söyüş də söydük ki, bizim tənqidlərin yanında ölkədəkilərin yazdıqları heç nə olsun. Bununla da, ölkədəki jurnalistləri xeyli təhlükədən uzaqlaşdırdıq. Bu, bir qonşu təcrübəsidir. Çox köməyi dəyir.

- Necə bilirsiniz, nə etmək lazımdır ki, bizim xalqlarımız yenə əvvəlki şən, mehriban qonşular olsun? Bir-birimiz üçün nə edək, necə davranaq, nəyi bağışlayaq, nəyi unudaq? Ümumiyətlə, bu, mümkündürmü? Və ən əsası, nədən başlayaq?

- Gəlin, əvvəlcə danışmağa başlayaq. Düzgün, vicdanla, obyektiv danışaq. İnsan haqlarının nə olduğunu öyrənək, onlara əməl edək. Ən əsası, bir-birimizi insan kimi görək. Xalqlarımız indiyə qədər bir-birini erməni və türk kimi görürlər.

Bu, o deməkdir ki, ermənilər türkləri (azərbaycanlıları), azərbaycanlılar isə erməniləri insan olaraq görmürlər. Azərbaycanlı ermənidən danışanda insandan danışdığını unudur, erməni də azərbaycanlıdan danışanda insan barədə danışdığını unudur. Bir-birilərini alçaltmağa, təhqir eləməyə çalışırlar. Öz həmvətənini təhqir etmək üçün də erməni öz ermənisinə «türk», azərbaycanlı isə öz azərbaycanlısına «erməni» deyir.

- Vahe, yəqin mənimlə razılaşarsınız ki, xalq diplomatiyasını davam etdirmək mümkünsüz olub. Hər iki tərəf öz sülhməramlılarını «xalq düşməni», «düşmən agenti» ən yaxşı halda isə «qrantyeyən» adlandırırır.

- Xalq diplomatiyasının indi mümkünsüz olması fikri ilə razı deyiləm. Bu, həmişə mümkünsüz olub. Bütün bu illər ərzində xalq diplomatiyası sülhməramlıların prinsipiallığı, dürüstlüyü, vicdanı sayəsində mümkün olub. Onlar imkansız olan bir şeyi bacarıblar.

Səncə 10 il əvvəl indi baş verənlər mümkün idimi? On il əvvəl biz səninlə belə rahat oturub, söhbət edə bilərdikmi? Bu gün bizim cəmiyyətlər sülhməramlılarımızı təqib edir, onların şəxsi və ictamai həyatlarını cəhənnəmə çevirir, onları sosial, psixoloji, maddi təcrid edirlər. Bütün patriotlar onlara nifrət edir. Amma vaxt gələcək ki, bu adamların adlarını meydanlara, küçələrə, kəndlərə və hətta şəhərlərə verəcəklər...

- Belə şərtlər altında necə hərəkət etmək lazımdır?

- Danışmağa, yazmağa, layihələr eləməyə davam etmək lazımdır. Hesabatları səliqəli saxlamaq lazımdı ki, lazım olanda, kimsə maraqlananda açıq, şəffaf göstərə biləsən. Hökumət də səni «qrantyeyən» adlandıra bilməsin. Hürənlər isə onsuz da, heç nəyə baxmayaraq, yenə də hürəcəklər. Onlara fikir vermək lazım deyil, qoy səsləri batana qədər hürsünlər. Onlar nə etdiklərini bilmirlər, amma sülhməramlılar axı nə elədiklərini bilirlər.

- Ədəbiyyat sülh prosesinə necə kömək edə bilər?

- Bəşəriyyət tarixində heç bir sosial dəyişiklik ədəbiyyatsız baş tutmayıb. Yazan adam ictimai rəyi formalaşdırır. Formalaşmış rəyi olan minimum insan toplananda isə dəyişmə prosesləri başlayır. Deyirlər, əvvəl söz olub.

- Bu iki xalqın ədəbiyyatı, yazarları nə edə bilər?

Əkrəm Əylislinin kitabları Gəncədə yandırılır
Əkrəm Əylislinin kitabları Gəncədə yandırılır

- Yaxşı, dürüst kitablar yaza bilərlər. Kanadalı yazıçı Ara Baliozyan deyir ki, yaxşı yazıçı həmişə düşməni axtarır və tapır. Mən onunla razıyam. Qalan hər şey salon söhbətləri, metroda oxumaq üçün cib kitabçalarıdır.

Əkrəm Əylislinin kitabları Gəncədə yandırılır
Əkrəm Əylislinin kitabları Gəncədə yandırılır

- Əkrəm Əylislinin «Daş yuxular»ını necə qiymətləndirirsiniz?

- Bilmirəm, mən bu kitabı oxumamışam. Amma o yaşlı qələm qardaşıma heyfim gəlir. Onunla çox pis rəftar elədilər. Azərbaycanlılar, sizə ayıb olsun, siz özünüzü lap ermənilər kimi aparırsınız! Axı bir yazıçının keçmiş xidmətlərini unudub, onu sadəcə başqa cür fikirləşir, yazır deyə, necə təhqir etmək olar? Axı sizin sadəcə oxumamaq imkanınız var.

Qələm adamına qarşı bu qəzəb hardandır? Dünyada cəmi on-on beş ölkə qalıb ki, orda yazıçını təqib edirlər. Siz bu məsələdə də ermənilərlə rəqabətə girdiniz? Siz yəqin ki, sarkazmı duyursunuz. Bəli, ölkələrimiz heç nələri ilə fərqlənmir. Sıfır intellektli, kütlə təfəkkürlü, özünü vəhşi kimi aparan vəhşilər…

- Yeganə görüşümüz zamanı siz hələ baytar işlədiyiniz vaxtlarda azərbaycanlılarla bağlı isti xatirələrinizi danışdınız. Onlardan bəzilərini indi, oxucular üçün də danışa bilərsinizmi?

- Ən isti xatirəm budur: azərbaycanlılar məni bir qoyunu sağaltmağa çağırırdılar. Mən o qoyunu sağaldana qədər iki qoyun kəsib kabab eləyir, məni və qonşuları yedizdirib-içizdirirdilər.

Əgər o adamlardan kimsə bu müsahibəni oxuyacaqsa, tanıdığım bütün yaxınlarına mənim isti salamlarımı çatdırsınlar. Mən onları həmişə xatırlayır və evlərinə, ailələrinə, özlərinə xoşbəxtlik, əmin-amanlıq arzulayıram.

Günel Mövlud

XS
SM
MD
LG