Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:59

Rəhman Bədəlov: «Mən bu sözləri 1937-ci ildə deyə bilməzdim...»


Rəhman Bədəlov
Rəhman Bədəlov

-

İz - Demokratiyaya liftlə qalxmaq olarmı?
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

«Kitaba adı demokratiyaya uyğunlaşdırıb vermişəm, çünki demokratiyaya da pillə-pillə çıxmalısan».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına bu yay çapdan çıxmış «Pillələr (Birgəyaşam. İnsanlar demokratiya yoluna necə çıxdılar)» kitabının müəllifi prof. Rəhman Bədəlov söylədi.

«ORAYA LİFTLƏ ÇIXMAQ OLMAZ!»

Onun dediyinə görə, demokratiyaya liftlə qalxmaq olmaz: «Pillə mənim üçün yaxşı məcazdır. Demokratiyaya da pillə-pillə qalxmalısan. Düzdür, biz dərhal söyləyirik ki, alınmadı. Ona görə alınmadı ki, pillə-pillə adlaya bilmədik... Yəni demokratiyaya birdən-birə – liftlə qalxmaq olmur! İnsan haqları da belədir. Sən tədricən başa düşməlisən ki, niyə dünya bununla bağlı dəyişdi... Kollektiv birliklərdən, millətdən, dövlətdən də vacib olan fərddir. Sən fərdi müdafiə etməlisən. O yerdə ki, fərd müdafiə olunur, hər şey qaydaya düşür. Bizdə vətənpərvərliyi belə anlayırlar ki, «dövlət insandan üstündür. İnsan gərək özünü dövlətə qurban versin». Məndən ötrü bunlar tam yad yozumlardır. Mənim istəyim pillə-pillə insana qayıtmaq, insana yüksəlmək –addım-addım insan olmaqdır».

DEMOKRATİYA NİYƏ BİR ÇOX HALLARDA ALINMIR?

Aparıcının: «Kitabı yazmaqda əsas məqsədiniz nə idi» sualına verilişin bələdçisi belə cavab verdi: «Bu, mənim istədiyim mövzudur: Demokratiya tarixi, insanlar necə demokratiyanı seçdilər, niyə demokratiya başqa yaşayış tərzindən, düşüncə tərzindən və s.-dən üstündür, niyə o çətinliklə həyata keçir, niyə 90-cı illərdən bəri bir çox xalqlarda demokratiya mənfi çalar qazandı, niyə demokratiya bir çox hallarda alınmır? Təxminən bu kontekstdə kitabı yazmağa başladım».

«3 ÖLKƏDƏN 3 MƏŞHUR ŞƏXS SEÇDİM»

Professor əsas konseptin dəqiq seçildiyini bildirdi: «Mən 3 bölmə üçün 3 ölkə seçdim. Dünya sivilizasiyası üçün önəmli ölkələr – Qədim Yunanıstan, Fransa və ABŞ-dır. Hər 3 bölmənin də 3 hissəsi oldu. Hissənin birincisi tarix idi. Tarix mənim dilimdən yazılmışdı və o quru tarix deyildi. Bu tarixin özündə kitabın mayası vardı. İkinci hissə o ölkələrin ən məşhur adamları barədə qısa xülasə idi. Bu 3 ölkədən 3 nəfər – yunanlardan Aristotel, Fransadan Russo, ABŞ-dan Tokvil seçilib».

NİYƏ FRANSIZ TOKVİL?

Rəhman Bədəlov bu seçimdə bir paradoksun olduğunu vurğuladı: «Qəribədir ki, ABŞ-ın təmsilçisi Aleksis de Tokvil fransız idi... Niyə onu seçdim? Tokvil demokratiyanı seçənlərdən deyildi, ona üstünlük vermirdi. O, zadəgan ailəsindən olub. Odur ki, kütlədən qorxurdu. Babası Fransa inqilabı dövründə qətlə yetirilmişdi. Tokvil axıradək kütlənin özünü idarə etməsinə inanmırdı. ABŞ-a getməkdə məqsədi məhkəmələri öyrənmək və ABŞ-ın məhkəmə təcrübəsini Fransada tətbiq etmək idi. Qəribədir ki, Tokvilin yazdığı həmin kitab indiyəcən ABŞ-da dərslik kimi istifadə olunur».

«NORMAL SUAL CAVABLA BİTMİR!»

Professor kitabın 3-cü hissəsinin dialoq şəklində yazıldığını bildirdi: «Bu hissəni mən gənc və maraqlı bir şəxslə virtual dialoq şəklində vermişəm və bu dialoq bir çox mətləbləri açır. Dialoq mənim üçün vacib janrdır və həmişə bu fikirdəyəm ki,maarifçiliyin sivil dünya üçün önəmli yeri var – o da ondan ibarətdir ki, normal sual cavabla bitmir.Normal sual sual törədir və həyatla toqquşur. Qısası, sual cavabdan böyük olmalıdır».

«SİLAH BİZƏ ONA GÖRƏ LAZIMDIR Kİ...»

Virtual dialoqun ABŞ-dakı açıq silah satışına həsr olunduğunu bildirən Rəhman Bədəlov maraqlı açıqlamalarla diqqət çəkdi: «Silah satışı uşaqlıqdan məni sarsıdırdı. Bir dəfə tanış olduğum bir amerikalı mənə dedi ki, silah bizə ona görə lazımdır ki, lazım gəlsə, prezidenti devirək! Artıq biz dinc yolla prezidenti devirmişik. Söhbət Niksondan gedirdi. Doğrudan da, sonralar oxudum ki, Cefferson bu açıq silah satışına ona görə yol açmışdı ki, xalq prezidentə qarşı üsyan edə bilsin! Qəribədir ki, bu cümləni yazan Cefferson çox sakit, dinc, inanclı adam olub. Burada əsas məqsəd «bizim hüquqlarımızı heç kəs zəbt etməsin» – fikri idi. Bu, Amerika şüuru üçün çox vacibdir ki, biz həmişə tirana qarşı çıxmalıyıq. O mədəniyyət fərd üstündə qurulub. Aydındır ki, bu min bir problem yaratdı, neçə prezident öldürüldü. İndinin özündə də qaradərililərlə bağlı problemlər yaşanır. Sorğularda isə əksər insanlar silahın açıq satılmasının tərəfdarıdır. Bu, çox şeyi izah edir – şüuru, ədəbiyyatı, anti-Amerika hisslərini. O üzdən, mən silahla bağlı bu dialoqu kitaba əlavə etdim» .

«Pillələr (Birgəyaşam. İnsanlar demokratiya yoluna necə çıxdılar)» kitabı
«Pillələr (Birgəyaşam. İnsanlar demokratiya yoluna necə çıxdılar)» kitabı

3 MİRZƏ VƏ BAŞQALARI...

Aparıcının: «Son illər yazdığınız kitablarda nədən gah Azərbaycandan Avropaya, gah da Avropadan Azərbaycana boylanırsınız» sualı belə cavablandı: «2003-cü ildən sonra mən çox məyus olmuşdum.O vaxtdan bəri mənim azərbaycanlılığım Zərdabiyə bağlanıb... Başqa mənalarda mən özümü azərbaycanlı hiss etmirdim. Mən Avropaya dönən, üzünü o səmtə çevirən həminazərbaycanlılardanam! O baxımdan bu iki qütb mənim üçün ziddiyyətli deyil. Avropa və Azərbaycan məndən ötrü eyni olmasa da, təmas nöqtələri olan məkanlardır. Biz bu yolun yolçusuyuqsa, mənim azərbaycanlılarım (bunlar kimlərdir? Ədəbiyyatda 3 Mirzədir – Mirzə Fətəli, Mirzə Ələkbər, Mirzə Cəlil və üstəgəl – Zərdabi, Topçubaşov, Əli bəy Hüseynzadədir, Əhməd bəy Ağaoğludur) böyük bir silsilədir, deyirdilər ki, yolumuz orayadır.Gücüm nə qədər çatır, bu magistralda olan insanların, – Zərdabi də bu magistraldadır, – işini davam etdirəcəyəm. Həm də bunu onlarla öyünmək üçün yox, onlarla dialoq qurmaq, təmas qurmaqüçün edirəm. Fikrimcə, əsas olan onlarla dialoq qura bilməkdir. Min il əvvəlki Azərbaycanla mənim təmasım yoxdur. Mənim təmasım var müəyyən dərəcədə Dədə Qorqudla – o mənim üçün zamansızdır – bir də, XIX əsrdən üzü bu yana adlarını çəkdiyim insanlarla».

İKİ MİSAL – İKİ DÜNYA...

«Azərbaycandan Avropaya baxanda, nələrin üst-üstə düşməsi və nələrin prinsipial fərqi üzə çıxır» sualına professor belə cavab verdi: «Çətin suallardır... Mən Avstriya və Hollandiyadan təzə qayıtmışam. İki misal çəkim. Qaldığımız otelin hovuzunda hər gün bir holland qadın öz biryaşlı oğluna üzmək öyrədirdi. Uşaq sudan qorxsa da, anası onu suya itələyir və kənardan onu izləyirdi. Mən qorxurdum ki, uşaq batar... Ana qorxmurdu. Bunu görəndə düşündüm ki, mən heç vaxt o ananın yerinə ola bilmərəm. Başqa misal: qatıldığımız tədbirdə 22-23 yaşlarında bir azərbaycanlı gənc də iştirak edirdi. Bir də gördüm həmin gənc telefonla danışır və telefondan ağlamaq səsi gəlir. Sonra soruşdum ki, nə olub? Dedi, anam idi, iki gündür Bakıdan çıxmışam, anam ağlayır ki, niyə dünən mənə zəng çalmamısan...».

«XOFLARDAN AZAD OLUN!»

Rəhman Bədəlov bu yanaşmanı qeyri-normal adlandırdı: « Biz dərhal dünyanı əmlak kimi mənimsəmək istəyirik, – uşaq mənimdir, ər mənimdir, arvad mənimdir, ev mənimdir... Halbuki dünyada elə deyil. Onlar xeyli sərbəstdirlər. Onlar dünyadan qorxmurlar. Bir yaşında uşağına üzmək öyrədən ana onu 16-17 yaşında sərbəst həyata buraxacaq.Odur ki, nəvələrim harada yaşasalar da, onların dünyanın ab-havasını tutmasını istərdim. Qorxmasınlar, sərbəst olsunlar. Postsovet məkanının insanlarında çoxlu xof var. Bu xoflar darıxdırıcıdır və mən imkan daxilində bu xofları atmışam. Siz də qorxmayın, atın xoflarınızı! Düzdür, mən bu sözləri 1937-ci ildə də deyə bilməzdim, amma 2014-də deyirəm».

AZƏRBAYCAN KİŞİSİ NİYƏ İNTİHAR EDİR?

Rəhman Bədəlov gəncləri üzü Avropaya dönməyə səsləyir: « Avropada da problemlər var, məsələn, tənhalıq problemi... Mənə deyəndə ki, orada da intihar var, cavab verirəm ki, biri var intihara səbəb evin dolanışığı olsun, – axı Azərbaycan kişiləri bu üzdən intihara cəhd edirlər, – biri də var dünya haqqında düşünəsən, nakam məhəbbət həsrəti çəkəsən və s. Metafizik məsələlərdir. Bu məsələlərə görə insanlar həmişə intihar edirlər. Bu, qaçılmazdır. İntihar həmişə olub və olacaq. Səbəbi dəyişə bilər».

«2003-CÜ İLİN ZƏHƏRİ»

«Siz 10 ildir ki,AzadlıqRadiosu «İz» proqramının qonağı olursunuz. Bu 10 ildə demokratiya yollarında nələr dəyişib, hansı aldanışlar olub, nələr doğrulub» sualını professor belə cavabladı: «Məsələ 90-cı illərdən bəri nələrin dəyişməsindədir... Ötən əsrin 90-cı illərində biz Azadlıq meydanına girəndə, sanki XIX əsrdə yaşayırdıq. Bilmirdik nələr var dünyada... Mən şəxsən qərbi idealizə edirdim. Mən indi də qərbçiyəm, amma açıq gözlə baxıram. Bizə elə gəlirdi ki, neftimiz varsa, dərhal varlanacağıq, hamıdan gözəl yaşayacağıq və s. Dediyim kimi, 2003-cü il mənimçün dəhşətli il oldu. Ona görə yox ki, seçki saxtalaşdırıldı. Ona görə ki, biz böyük günah işlətdik. Mən indiyədək bunu çəkinmədən deyirəm. Günah o idi ki, bizə artıq ölü insan – səviyyəsindən, miqyasından asılı olmayaraq – rəhbərlik edirdi! Biz buna getdik. Bu, çox böyük günahdır və bunun altından biz hələ çıxmamışıq! Hətta hansı günahı işlətdiyimizi də anlamırıq. Qədim yunanlarda böyük dramlar yazılmışdı və deyilirdi ki, bu, böyük günahdır və daima ətrafı zəhərləyir. Biz də, 2003-cü ilin bizi nə dərəcədə zəhərlədiyinin fərqində deyilik».

«ADAMLAR VAR, MÜHİT YOX...»

Professor gələcəklə bağlı proqnozlar da verdi: «Mən başa düşürəm ki, Azərbaycanı çətin illər gözləyir. Ona görə gözləyir ki, biz hələ XIX əsrdən çıxmamışıq, gözü qapalıyıq. Biz nə vaxtsa gözlərimizi açmalı olacağıq. Bu, uzun çəkməz! Yaxın vaxtlarda biz gözlərimizi açacağıq və görəcəyik ki, biz kimik. Müəyyən dərəcədə bəziləri mənim sözlərimdə bədbinlik görə bilər, bəziləri nikbinlik. Bədbinlik o üzdən ki, sən nə vaxtsa yalanla yaşamısansa, nə vaxtsa gözünü açıb özün-özünlə görüşməlisən. Bir yandan da mən maraqlı cavanlarla rastlaşıram. Çoxu qərbdə oxuyub, ya orayla təmasda olub. Yəni insanlar çoxdur, mühit yoxdur. İnsanlar mühit yaratsınlar. Bacaracaqlar, ya yox, – bunu deyə bilmərəm, amma mənim bədbinliyim də, nikbinliyim də buna bağlıdır. Mən Azərbaycanı belə görürəm: Adamlar var, mühit yoxdur. 70-ci illərdən bəri mühit yaranmır! Ab-hava yoxdur, iqlim yoxdur. Yalnız insanlar var...».

XS
SM
MD
LG