Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:40

Günel Mövlud. Vətənpərvər qlamurlar və qlamurkalar


Günel Mövlud
Günel Mövlud

-

Guya incəsənətlə, ədəbiyyatla ciddi maraqlanan, Azərbaycan dilində danışmağı ar bilən, Kastanedanın kitablarını oxuyan bu tipli qlamurlar və qlamurkalar hər yerdədir...

Günel Mövlud

VƏTƏNPƏRVƏR QLAMURLAR VƏ QLAMURKALAR

Bir dəfə sosial şəbəkələrdə evsiz bir qocanın ağ-qara şəklini paylaşmışdılar.

Şəkildən faciə yağırdı. Üstü-başı nimdaş, cırıq-cırıq, çirkli bir qoca, üzündə illərin çirki və kədəri, göz yaşı və təri bir-birinə qarışmış, deyəsən, həm də sərxoş ya da yuxulu halda başını divara söykəyib, oturmuşdu. Şəkli kim, hansı məqsədlə paylaşmışdı, yadımda deyil. Yadımda qalan şəkildəki ağrı, faciədir.

Sinizm insanlığın ən dəhşətli bəlalarından biridir. İnsan, xarakter tipləri arasında ən qorxduğum, ən iyrəndiyim tiplər siniklərdir. İnsanın ağrısı, faciəsinə laqeyd yanaşanlara haqq qazandırmasan da, birtəhər başa düşmək olar. Amma insan ağrısı, insan faciəsi ilə məzələnmək, lağa qoymaq... Adamın mahiyyəti nə olmalıdır ki, bunu bacarsın. Başa düşmürəm, başa düşə bilmirəm. İyrənirəm. Qorxuram.

Həmin evsiz qocanın şəklinin altında onlarla qlamur və qlamurkalar bu tipli şeylər yazırdılar: «Oy, nə gözəl şəkildir?!», «Ölürəm belə ağ-qara şəkillərdən ötrü!», «Bax, əsl sənət budur!». Bir o qalmışdı ki, yazsınlar: «Oy, kakoy klyovıy bomjik! Kak prikolno on odet! Obojayu takoy stil!».

Şəkil çox populyarlıq qazanmışdı. Amma reaksiya verənlərin arasında az adam vardı ki, qocanın kimliyi, bu hala niyə düşməyi ilə maraqlansın, halına acısın.

Qlamurlar və qlamurkalar şəklin bədii keyfiyyətlərindən, rakursdan, işıqlandırmadan danışırdılar. Guya hamısı fotoqrafiya sənəti, portret janrı ilə ciddi tanışdılar, bu sahə onları bərk maraqlandırır, xeyli də bilgiləri var və bir halda ki, fürsət düşüb, bildiklərini bölüşməlidirlər. Daha qoca kimdir, nəçidir, yazıq bu hala niyə düşüb, bu nə insan faciəsidir - heç kimə maraqlı deyildi.

Guya incəsənətlə, ədəbiyyatla ciddi maraqlanan, ancaq art-la yaşayan, həyatını art üstündə quran, Azərbaycan dilində danışmağı ar bilən, Kastanedanın kitablarını oxuyan bu tipli qlamurlar və qlamurkalar hər yerdədir. Onlar bir qayda olaraq, siyasətlə maraqlanmır, siyasətə qarışmır, ölkədə baş verənlər barədə danışmır, bilmir və ya özünü bilmirmiş kimi göstərir, ancaq və ancaq ali söhbətlər, sənət, mədəniyyət, «veçerinkalar»-filan “mod”unda yaşayırlar.

Əlbəttə, Sovetskini söküb, Sovetski xarabalıqlarından art düzəldən insanların idarə elədiyi ölkədə bu “mod”da yaşamaq ən asanı, ən çıxarlısıdır. Kifayət qədər də postmodern yanaşmadır. Etiraf edim ki, tarixdə ölkəni belə postmodern idarə edən nəsil barədə məlumatım yoxdur.

Təbii ki, qlamurlar və qlamurkalar, özlərinin art dolu həyatlarını yaşamaqlarında, rus və ingilis dillərində danışmaqda, Azərbaycan dilini isə ancaq jarqon və məzələnmə vasitəsi kimi istifadə etməklərində olsaydılar, bu o qədər də qıcıqlandırıcı olmazdı. Maraqlı onların qlamurluqları deyil, maraqlı olan, belə qlamur(ka)ların Vətənlə, Qarabağla, müharibə, ermənilərlə bağlı fikirləridir.

Cəbhə xəttində bir güllə atılan kimi, Azərbaycan dilini ancaq söyüş və məzələnmə üçün istifadə edən bu insan növü bərk vətənpərvər, patriot olmağa başlayırlar.

Boyalı dodaqlarını büzüb, silikonlarını masaya dayayıb, sürməli gözlərini süzərək, jasmin çayı içə-içə klaviaturaya, telefonlara sarılıb, ictimaiyyətə vətərpərvər, patriot mesajlar ötürür, torpaqlarımızın bir qarışından belə vaz keçməyin imkansız, qəbuledilməz olması barədə xəbərdarlıq edirlər.

Bahalı kafelərdə oturub, bahalı planşetləri, telefonlarının vasitəsilə xalqı döyüşə, səngərə, düşmənçiliyə səsləyirlər.

Onlar bu mesajları dost-tanışlarına ötürdükləri ərəfədə, kofe-latte gətirən vətən ofisiantının ayağı büdrəyib, qəhvəni onların üstünə, bahalı paltarlarının üstünə töksə, bayaqdan vətən, millət, milli birlikdən danışan qlamurkalar bu vətən oğlunu ən sərt sözlərlə təhqir edər, danlayar, administratoru çağırıb, bu ofisiantı işdən çıxarmağı tələb edərlər...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG