Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:43

5 ən yaxşı fransız komediyası (1998-2011)


Amelie
Amelie

-

Əgər Louis de Funès, Gérard Depardieu, Pierre Richard-dan bezmisinizsə, onların hərəkətləri də, zarafatları da sizə nimdaş gəlirsə, yaxud heç bezməmisiniz, sadəcə, fransız komediyasında başqa üzlər də görmək istəyirsinizsə, onda bu filmlərə baxmaq məsləhətdir.

1. “Ameli” (2001). Rejissor Jean-Pierre Jeunet-nin bu filmi elə komediyalardan deyil ki, gülməkdən qarnınız yırtılsın.

Amma İnsanın içini o qədər pozitiv enerji ilə doldurur ki. 2 saatlıq sevinc və təbəssüm. Yetimçiliklə böyüyən, insanlardan qaçan Ameli (Audrey Tautou ifa edir) günlərin bir günü yaşadığı evin küncündən bir mücrü tapır. İçində də xırdaca uşaq oyuncaqları. Bunlar ondan əvvəl bu evdə yaşayan hansısa uşağa məxsus olub. Ameli qərara gəlir ki, yəqin ki artıq yekə kişi olan həmin uşağı axtarıb tapsın və sevindirsin. Bununla da onun qeyri-adi sərgüzəştləri başlanır...

2. “Toxunulmazlar” (rusc. “1+1”). Əlillər haqda komediya çəkmək asan iş deyil.

Olivier Nakache isə 2 il qabaq elə bir komediya çəkib ki, əlil kreslosundan qalxa bilməyən Filipin (François Cluzet ifa edir) fiziki qüsurları, xəstəliyi barədə zarafatlar nəinki ikrah, yaxud qıcıq doğurmur, əksinə tamaşaya çox yerinə düşən, hətta vacib görünür. Axı bunu Filip özü istəyir. Filip istəmir ki, insanların ona yazığı gəlsin. Və xidmətçi kimi işə götürdüyü qaradərili dəlisov gənc Dris (Omar Sy ifa edir) milyonçu Filipin ən yaxın sirdaşına çevrilir. Onlar bir yerdə çox “hoqqa”lardan çıxırlar...

3. “Artist” (2011).Michel Hazanavicius-un bu filmi “Oscar”a 10 nominasiyada namizəd olub. 5-də qalib gəlib.

O cümlədən “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor” (Jean Dujardin) nominasiyalarında. 21-ci əsrdə səssiz film çəkmək (filmin sonu istisna olmaqla) və insanları buna axıracan baxmağa məcbur edə bilmək həqiqətən qəhrəmanlıqdır. “Toxunulmazlar” kimi “Artist” də həm drama, həm də komediyadır. Səssiz kinonun ulduzu səsli kinonun kəşfindən sonra heç kəsə lazım olmayan bir adama çevrilir. Amma onun bununla barışmaq niyyəti yoxdur...

4. “Axmaqla şam yeməyi”. (1998, Rej: Francis Veber) Bax əsl qarnını tutub gülməli film budur.

“İtoynadan” dostlar onların fikrincə, ən mənasız işlərlə məşğul olan adamların sorağındadırlar. Məsələn, bumeranq kolleksiyası yığan, kibrit çöplərindən bina modelləri düzəldən adamların... Belə adamları şam yeməyinə dəvət edib məzələnirlər. Amma iş elə gətirir ki, özləri həmin axmaqlardan da axmaq vəziyyətə düşürlər...

5. “8 qadın”. Rejissor François Ozon-un 2002-ci ildə çəkdiyi bu film-müziklin kriminal süjeti var.

Filmdə Catherine Deneuve, Isabelle Huppert, Fanny Ardant kimi məşhur aktrisalar çəkilib. Ev sahibi Marsel səhər tezdən yataq otağında kürəyinə bıçaq saplanmış vəziyyətdə tapılır. Onu kim öldürüb? Evdəki qadınlardan hansı birisi? Arvadı? Qaynanası? Qızları? Bəlkə xidmətçiləri? Hamı bir-birindən şübhələnir və bir-birinin paxırını açmağa başlayır. Məlum olur ki, Marselin arvadının məşuqəsi varmış, xidmətçisi onun özünün məşuqəsi imiş... Amma tamaşaçını ən böyük sürpriz filmin sonunda gözləyir...

Hazırladı: Rövşən Qəmbərov

XS
SM
MD
LG