Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:58

Rusiya sovetsayağı çökə bilər


Lakin bəzi ekspertlərin fikrincə, Qərb özünə təsəlli verməməlidir ki, Putin gedərsə, onun yerinə kim gəlirsə gəlsin, daha üzüyola olacaq.

“Rusiya öz iqtisadiyyatı üzərində nəzarəti itirib və sovetsayağı valyuta mübadiləsi nəzarətini tətbiq etməyə məcbur ola bilər” – yazır Britaniyada çıxan “The Daily Telegraph” qəzeti.

SSRİ vaxtında dünya bir-birinə dəysə də Moskva “1 dollar 1 rubldur” deyib dururdu.

Rusiya Mərkəzi Bankınınsürətlə qiymətsizləşən milli valyuta - rublun məzənnəsini sabitləşdirmək üçün son “xilasetmə” addımları nəticə verməyib.

Ağla gəlməyən başa gəlir

“Vəziyyət böhranlıdır, - deyib Mərkəzi Bankın vise-prezidentiSergei Shvetsov – indi baş verənlər bir il əvvəl heç ağlımıza gəlməyən bir vahimədir”.

Son məzənnə məlumatına görə indi 100 rubl 1 avro qiymətindədir.

Mətbuat yazır ki, Moskva 1998-ci ildən bəri ilk dəfə baş verən defolt böhranını bank faizilərini 17 faiz artırmaqla belə buxovlaya bilməyib.

Təkcə onu demək kifayətdir ki, Rusiyanın ən böyük ictimai əmanətçisi “Sberbank”ın səhmləri 18 faiz ucuzlaşıb.

BNP Paribas-dan Michal Dybula deyir ki, bütün bunların nəticəsində Rusiya hökuməti dövlət nəzarətində olan şirkətləri xaricdəki mülkiyyətlərini satmağa və xarici hesablardakı fondlarını geri gətirməyə məcbur edə bilər.

ABŞ Rusiyanı xilas etmək niyyətində deyil

Üstəlik bu arada Vaşinqton bəyan edib ki, Ağ Ev Rusiyanı onu gözləyən fəlakətdən saxlamaq üçün təzyiqlərini dayandırmaq niyyətində deyil.

“Qərar Vladimir Putinindir. Biz sadəcə olaraq onun seçimini kəskinləşdirmişik” – deyilir Ağ Evin bəyanatında.

Xəbər verilir ki, prezident Obama Konqressin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsinə dairqanununa veto qoymayacaq.

Bundan bir qədər əvvəl, administrasiya Rusiya üzərinə yeni, son dərəcə sərt sanksiyaların qoyulması nəticəsində Avropadakı müttəfiqlərin çətinə düşə biləcəkləri ehtimalından söz açmışdı.

Bu da qeyd olunmalıdır ki, Rusiya üzərinə yeni sanksiyalar haqqında qanuna Ukraynaya 350 milyon dollarlıq hərbi yardım göstərilməsi də daxildir.

ABŞ-ı “kağız pələng” saymağın axırı

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib ki, “indi ABŞ-ın məqsədinin cənab Putini devirmək olduğu aydınlaşdı”.

Bununla yanaşı, nazir əlavə edib kİ, rus xalqı prezidenti müdafiə etmək üçün ayağa qalxmağa hazırdır.

“Biz öz tariximizdə bundan da pis vəziyyətlərdə olmuşuq, lakin hər dəfə düşdüyümüz vəziyyətdən daha güclənmiş halda çıxmışıq” – deyib Lavrov.

“The Daily Telegraph” yazır ki, çox uzun müddətdə ABŞ-ın “kağız pələng” olduğunu güman edən Putin hazırda Ukraynaya müdaxiləsinin və Avropanın sərhədlərini dəyişmək cəhdinin səbəb olduğu fəlakətli nəticələrlə üz-üzə qalıb.

Bununla belə, ekspertlər Vaşinqtona məsləhət görürlər ki, nüvə silahına malik Rusiyanı küncə sıxarkən ehtiyatı əldən verməsin.

Dözümlü xalqı aldadıblar…

“SwissInvest” bankından Anthony Peters-in fikrincə, Rusiya liderləri qarşıdan gələn böhranın miqyası barədə Rusiya xalqını aldadıblar.

Cənab Peters deyib ki, Kreml sovet zəmanəsindən bu yana ilk dəfə olaraq sərt siyasi və iqtisadi böhranın mövcudluğunu danaraq xalqı öz ideologioyasına qurban verməyə hazırlaşır.

“Rus xalqı tarixən məşəqqətlər qarşısında fantastik dözümə malik olub, lakin onun səbrinın daşmasını Allah göstərməsin” – deyib Peters.

İqtisadiyyatın sakit ölümü

Mətbuat yazır ki, rublun qiymətdən düşməsi Rusiya bank və şirkətlərinin 700 milyard dollarlıq xarici borclarına xidmət göstərilməsi xərclərini iki dəfə artırıb.

Rusiya elə bu ay 30 milyard, gələn il isə 100 milyard dollar ödəməlidir. Neft nəhəngi “Rosneft” artıq böhrandan çıxmaq üçün dövlətdən 49 milyard dollar yardım istəyib.

“Moscow Partners” firmasından Eugene Kogan bildirib ki, qarşıdan gələn altı ay Rusiya birjasının sakit ölümü olacaq.

Kisədən yemək vaxtı

Ekspertlər qeyd edirlər ki, Rusiya hakimiyyəti ehtiyat fondların xərclənməsinə qısqanclıqla yanaşır, hərçənd artıq bu il həmin fondlardan 100 milyard dollar xərclənib.

Rusiya bankirləri bildirirlər ki, 2008-ci ildən fərqli olaraq indi ehtiyatlarda qalan vəsait artıq xarici borcları ödəmək üçün kafi deyildir.

Beynəlxalq Maliyyə İnstitutundan (Institute of International Finance) Lubomir Mitov deyib ki, ehtiyat fondların 330 milyard dollardan aşağı enməsi fəlakət deməkdir.

Bu böhranın başlanğıcında Moskva bildirmişdi kİ, Rusiya iqtisadiyyatı neft qiymətlərinin bir barrel üçün 60 dollar olduğu halda böhrandan birtəhər salamat çıxa bilər. Lakin elə bu həftə neftin barreli 60 dollardan da aşağı enib.

Ekspertlərin fikrincə, Rusiya hökuməti böhrandan çıxmaq üçün elə addımlar atır ki, nəticə etibarı ilə bu böhran daha dərinləşmiş olacaq.

Putin gedərsə belə…

Lakin “The İndependent” qəzeti yazır ki, hazırkı proseslərin mürəkkəbliyinə baxmayaraq, prezident Putinin ruslar arasında populyarlığı Krımın ilhaqı zamanı olduğu kimi yüksəkdir.

Qəzet bildirir ki, məhz buna görə də, bahalaşmanın insanları küçələrə çıxaracağı barədə gözləntilər doğrulmaya da bilər.

Digər tərəfdən, Qərb özünə təsəlli verməməlidir ki, Putin gedərsə, onun yerinə kim gəlirsə gəlsin, daha üzüyola olacaq.

“The İndependent” yazır ki, Rusiya hazırda millətçiliyin yüksəlişini yaşayır və Putinin yerinə gələcək hər hansı başqa fiqur xalqa sadəcə olaraq daha çox şey vəd etməli olacaq.

XS
SM
MD
LG