Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:04

Avropa Şurası: İlqar Məmmədov dərhal azad olunmalıdır


Arxiv foto
Arxiv foto

-

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hökumətindən müxalif REAL Hərəkatının lideri İlqar Məmmədovu dərhal həbsdən buraxmağı tələb edir.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

«Beynəlxalq təşkilatdır. Belə çağırışlar ola bilər. Onların mövqe bildirmək hüquqları var».

Bunu AzadlıqRadiosuna Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov söyləyib. O həmin sözləri Avropa Şurası Nazirlər Komitəsinin REAL sədri İlqar Məmmədovu həbsdən buraxma qərarına münasibət bildirərkən dilə gətirib və daha sonra deyib:

«Mən bunu şərh etmək istəmirəm. Məsələyə hüquqi müstəvidə, qanun və qaydalara əsasən baxılmalıdır. Avropa İnsan Haqları Məhkəməsinin qərarına Ali Məhkəmənin plenumunda baxılmalıdır. Avropa İnsan Haqları Məhkəməsinin qərarı əsasında da lazımi prosedurlar yerinə yetirilir».

AVROPA ŞURASI İLQAR MƏMMƏDOVA AZADLIQ TƏLƏB EDİR

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətindən ReAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun dərhal azadlığa buraxılmasını tələb edir.

Bu haqda məlumatı vəkil Fuad Ağayev özünün «facebook» səhifəsində yayıb.

Dekabrın 4-də Avropa Şurasının Nazirlər Komitəsində Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barədə qərarının icrası məsələsinə baxılıb.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda etirazların təşkilində təqsirli bilinib, 7 illik həbs cəzası alıb. Müsavat başqanının müavini Tofiq Yaqublu da eyni ittihamla 5 il həbsə məhkum edilib. Onlardan başqa daha bir neçə nəfər həmin hadisələrə görə həbs olunub.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi sifariş sayır. Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 13-də İlqar Məmmədovun dərhal azadlığa buraxılması ilə bağlı qəti qərar çıxarıb. Qərarda ona təzminat ödənilməsi də tələb olunur. Həmin qərar üç ay içində icra edilməlidir.

XS
SM
MD
LG